Əsas Səhifə > Dünya > Səddam Hüseynin doğulduğu şəhər İraqın tam nəzarətinə keçdi

Səddam Hüseynin doğulduğu şəhər İraqın tam nəzarətinə keçdi


1-04-2015, 10:05
Səddam Hüseynin doğulduğu şəhər İraqın tam nəzarətinə keçdi
İraq ordusu və ölkənin Xalq Səfərbərlik Qüvvələri ötən gün Səlahəddin əyalətinin inzibati mərkəzi olan Tikrit şəhərini "İslam Dövləti" (İŞİD) terror təşkilatından tam şəkildə geri alıb.

SalamNews-un İraqın "Sumaria" agentliyinə istinadla verdiyi xəbərə görə, ölkənin baş naziri Heydər əl-Abadi Tikritin tam şəkildə azad olunduğunu elan edib. O, "bu zəfərin əldə edilməyində yalnız İraq oğullarının qanının axdığını" bildirib.

Məlumata əsasən, Tikritin mərkəzində gedən döyüşlərdə İŞİD-in dörd əcnəbi lideri ələ keçib, 12 silahlısı məhv edilib. Şəhərdəki İŞİD terrorçularının çoxu qaça bilib.

Hazırda Tikritdəki obyektlərdə quraşdırılmış onminlərlə mina və bombanın zərərsizləşdirilmə işləri aparılır.

İraq rəsmiləri bundan sonra Səlahəddin əyalətinin şimalındakı Şurqat, daha sonra Mosul şəhərlərinin azad olunmağı istiqamətində əməliyyatlara başlanılacağını bildiriblər.

Xalq Səfərbərlik Qüvvələrinin komandirləri isə əvvəlcə paytaxt Bağdadın qərbində yerləşən və itirilməyi daha təhlükəli olan əl-Ənbar əyalətinin azad olunmağının vacibliyindən danışıblar.


Geri qayıt