Əsas Səhifə > Dünya > Putin Poroşenkonun sülh planına düzəlişlər təklif edib

Putin Poroşenkonun sülh planına düzəlişlər təklif edib


20-06-2014, 10:06
Putin Poroşenkonun sülh planına düzəlişlər təklif edib
İyunun 19-u axşam saatlarında Ukrayna və Rusiya prezidentləri Pyotr Poroşenko ilə Vladimir Putin telefonla danışıblar. “Media forum” saytı xəbər verir ki, Pyotr Poroşenkonun təşəbbüsü ilə aparılan danışıqda Ukraynanın separatçı şərq bölgələrindəki durum müzakirə olunub.

Pyotr Poroşenko Vladimir Putini sülh planı ilə tanış edib, qarşıdurmanın aradan qaldırılması üçün atılacaq addımlar barədə məlumatlandırıb. O, Ukrayna-Rusiya sərhədində nəzarətin gücləndirilməsinə çağırıb. Vladimir Putinin planın ayrı-ayrı detallarına dair təkliflər verdiyi, özəlliklə Donetsk və Luqansk vilayətlərindəki narazı təbəqənin maraqlarının nəzərə alınmasını irəli sürdüyü bildirilir. O, bölgədə atəşin dayandırılmalı olduğunu vurğulayıb.

Bu il fevralın 22-də Ukraynada hakimiyyət Qərb meylli qüvvələrin əlinə keçəndən sonra Rusiya ölkənin Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra cənub-şərq vilayətlərində Rusiyanın dəstəklədiyi qüvvələr separatçılıq ocaqları yaradıblar. Özünü müstəqil respublikalar elan etmiş Donetsk və Luqansk vilayətlərində hökumət qüvvələri ilə separatçılar arasında döyüşlərdə 350-dən çox adam həlak olub.

İyunun 18-də Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, qanunsuz birləşmələrin tərksilah olunmasına imkan yaratmaq üçün Ukrayna ölkənin şərqində atəşi birtərəfli qaydada dayandıracaq. Plana görə, atəşkəs çox qısa çəkəcək və bu vaxt ərzində qanunsuz silahlı qruplaşmalar silahı yerə qoymalı, istəyənlər Ukraynanı tərk etməli, bölgədə qayda-qanun yaradılmalıdır.


Geri qayıt