Əsas Səhifə > Dünya > İran Rusiyadan kömək istədi: Şoyqu Tehrana söz verib

İran Rusiyadan kömək istədi: Şoyqu Tehrana söz verib


7-08-2024, 08:54
İran Rusiyadan kömək istədi: Şoyqu Tehrana söz verib
Ukrayna ilə müharibə üçün Rusiyaya pilotsuz təyyarələr verən İran hava hücumundan müdafiə silahları verməsi üçün Moskvaya müraciət edib: İsraillə münaqişənin kəskinləşməsi fonunda Tehrana qabaqcıl hava hücumundan müdafiə sistemləri lazımdır. Bu barədə “The New York Times” mənbələrinə istinadən yazıb.

Hərbi planla tanış olan iki iranlı məmur - biri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü, Tehranın Moskvaya belə bir müraciət etdiyini təsdiqləyib. Onların sözlərinə görə, Rusiya kömək etməyə razılaşıb və artıq müasir radarlar və hava hücumundan müdafiə sistemləri verməyə başlayıb.

Qərar Rusiya Federasiyasının çoxlu sayda rus yəhudisinin yaşadığı İsraillə iqtisadi və mədəni əlaqələri olmasına baxmayaraq verilib. Təhlilçilər deyirlər ki, Moskva Tehranın tələblərini rədd edə bilməz, çünki o, Ukraynaya qarşı müharibədə daha çox İranın “Şahed” dronlarına arxalanır.

Kəşfiyyat və təhlükəsizlik konsaltinq firması “Soufan Group”un tədqiqat direktoru Colin Clark deyir: “İranlılar ruslardan hava hücumundan müdafiə istəsələr, onlar öz pullarını qazanmış olurlar. Məsələ ondadır ki, ruslar İsraillə münasibətləri pozmadan Tehranı necə arxayın edə bilər”.

İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinin qisasını almaq üçün İsraili vurmağa hazırlaşır. Haniyə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə dəvət olunmuşdu və iyulun 31-də Tehranda qonaq evinə raket atılması nəticəsində öldürülüb. SEPAH hücumda İsraili günahlandıraraq, HƏMAS Siyasi Bürosunun rəhbərinin “təxminən 7 kiloqram ağırlığında döyüş başlığı olan qısa mənzilli mərmi ilə” öldürüldüyünü əlavə edib. Təl-Əviv qətldə əli olduğunu rəsmən təsdiqləməyib.

Bunun fonunda avqustun 5-də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana səfər edib və burada yeni seçilmiş Prezident Məsud Pezeşkian, İsrailə hücumlar planlaşdıran Baş Qərargah rəisi, general Məhəmməd Baqiri və Ali Baş Katib, Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Əkbər Əhmədianla görüşüb.

Danışıqlardan sonra Şoyqu bildirib ki, Rusiya “regional məsələlərdə İranla tam əməkdaşlığa hazırdır”. Baqiri ölkələr arasındakı əlaqələri “dərin, uzunmüddətli və strateji” adlandıraraq, onların yalnız İslam Respublikasının yeni rəhbərliyi altında genişlənəcəyini qeyd edib.

Bu arada, ABŞ İranın İsrailə hücumunun Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb olacağından ehtiyat edir. ABŞ rəsmiləri Livanda Hizbullah və Yəməndə Husilərin də qoşula biləcəyi koordinasiyalı zərbə gözlədiklərini bildiriblər. İsrail çoxgünlük, yorucu hücuma hazırlaşır. Təhlükəsizlik Xidməti (Şin Bet) Qüdsdə müharibə vəziyyətində ali siyasi rəhbərliyin sığınacağı yeraltı bunker də təchiz edib.

Avqustun 3-də İsrail ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirib və ABŞ yəhudi dövlətini müdafiə etmək üçün Yaxın Şərqdəki mövcudluğunu gücləndirib. O cümlədən, bölgəyə əlavə döyüş təyyarələri, həmçinin kreyserlər və esmineslər göndərilib. Bundan əlavə, Pentaqonun rəhbəri Lloyd Ostin Yaxın Şərqdə “USS Theodore Roosevelt” aviadaşıyıcısının zərbə qrupunun “USS Abraham Linkoln” qrupu ilə əvəz edilməsi barədə göstəriş verib.

Bundan əlavə, Birləşmiş Ştatlar İranın hücumlarını mümkün qədər məhdudlaşdırmaq və İsrailin onlara cavabını məhdudlaşdırmaq üçün səylərini davam etdirir. Dövlət katibi Antoni Blinken daha əvvəl G7 tərəfdaşlarından hər iki tərəfə diplomatik təzyiq göstərməyi xahiş etmişdi.

AYNA.az

Geri qayıt