Əsas Səhifə > Dünya > Putinin Ərdoğana ATMACASI...

Putinin Ərdoğana ATMACASI...


6-06-2024, 15:36
Putinin Ərdoğana ATMACASI...
Rusiya prezidenti Vladimir Putin beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə söhbət zamanı mesaj göndərdiyi ölkələr arasında tərəfdaş adlandırdığı Türkiyə də olub. Türkiyəyə mavi yanacaq ötürən qaz emalı stansiyasına Ukraynanın hücum cəhdindən danışan Kreml sahibi iki pilotsuz təyyarə vurduqlarını bildirib. Putin üzünü görüşdə iştirak edən türkiyəli jurnalistə - "Anadolu" Agentliyinin redaktoruna tutaraq deyib: “Lütfən, dostumuz prezident Ərdoğana bu faktları çatdırın. Qara dənizdə gəmiçilik sistemini qoruyan gəmilərə də davamlı olaraq pilotsuz təyyarələrlə hücumlar edilir”. Putin bununla sanki türkiyəli həmkarına demək istəyib ki, “Sizin Ukraynaya satdığınız pilotsuz uçuş aparatları özünüzə qarşı istifadə edilir”.
Ukrayna Türkiyənin xaricində başqa ölkələrdən də pilotsuz uçuş aparatları əldə edir. Ukraynanın özündə də dron istehsalı təkmilləşib. Ukrayna Türkiyənin enerji maraqlarına təhlükə yaradan həmlələr həyata keçirməz. Digər tərəfdən Ukrayna Qara dənizdə Rusiyaya aid hərbi gəmilərin xaricində başqa dövlətlərin gəmilərinə hücum etmir. Ukrayna Rusiyanın hərbi gəmilərini batırmaqda davam edir. Putin Qara dənizdə vəziyyətin bu qədər gərgin olmağından narahatdırsa, müharibəni dayandırsın, ancaq onun belə bir istəyi yoxdur.

Elxan Şahinoğlu - Dia-az.İnfo

Geri qayıt