Əsas Səhifə > Dünya > Gürcüstandakı “siyasi küləyin” istiqaməti

Gürcüstandakı “siyasi küləyin” istiqaməti


21-05-2024, 06:43
Gürcüstandakı “siyasi küləyin” istiqaməti
“Demokratiyanın ən mühüm prinsiplərindən biri qanunun aliliyidir. Bəs qanun qeyri-demokratikdirsə? Bəs cəmiyyətin və dövlətin demokratik əsaslarını boğmağa yönəlibsə? Belə olan halda qeyri-demokratik hüquqi aktı dəyişdirmək, hətta onun ləğvinə nail olmaq üçün cəmiyyətin müvafiq təbəqələri birləşməlidir. Bunun üçün demokratik mübarizənin bütün üsulları, o cümlədən vətəndaş itaətsizliyi məqbuldur - insanlar heç də antidemokratik qanunun tələblərinə əməl etməyə borclu deyillər...”. Bu sözləri qonşu Gürcüstanda yaranan siyasi böhranla bağlı yazdığı məqalədə analitik Hüseynbala Səlimov qeyd edib.

Xatırladaq ki, Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının parlamentdəki təmsilçilərinin irəli sürdüyü “Xarici agentlər” haqqında qanun layihəsinin qəbulundan sonra ölkədə genişmiqyaslı aksiyalar başlayıb. Vətəndaş cəmiyyəti, KİV və müxalifət partiyaları nümayəndələrinin başlatdığı etirazlara minlərlə vətəndaş qoşulub. Aksiyaçılar bu qanunu “rus qanunu” hesab edir və ləğvini istəyirlər. “Gürcü arzusu” isə geri çəkilmək niyyətində deyil. Hələ ki, ölkədə gərginlik siyasi böhranlı vəziyyətlə xarakterizə edilir.

Gürcüstan Prezidenti Salome Zurabişvili veto hüququndan istifadə edərək qanuna veto qoyub. H.Səlimov isə yazısında qeyd edir ki, Gürcüstan Prezidenti tərəfindən veto qoyulması qeyri-demokratik qanunun qəbulunu dayandırmaq iqtidarında deyil: “Çünki Gürcüstan qanunvericiliyinə görə, Prezidentin vetosu qanunun qəbulunu maksimum bir ay gecikdirə bilər. Amma qanunun qəbulundan əvvəl Gürcüstanın Baş naziri bildirib ki, “Xarici agentlər” haqqında qanunun bəzi müddəalarını dəyişə bilərlər və bunun üçün müxalifət, ilk növbədə, Gürcüstan Prezidenti öz təkliflərini irəli sürməlidir”.

“Bir sözlə, qonşu Gürcüstanda siyasi ab-hava həddindən artıq qaynar olaraq qalır. Bütün bu günlər ərzində Rusiya mediası, hətta siyasi xadimləri də Gürcüstanda baş verənlərlə bağlı susur. Amma bu günlərdə dedilər ki, Gürcüstan Qərb və Rusiyayönlü inkişaf ssenariləri arasında seçim edir. Bu, Gürcüstandakı “siyasi küləyin” istiqamətini göstərdi - indi hamı üçün aydın və başa düşüləndir ki, bu ölkəyə də “siqnal” şimaldan, yəni Rusiyadan gəldi”, analitik qeyd edib.

Səlimov xatırladır ki, tezliklə Gürcüstanda parlament seçkiləri olacaq: “Seçkilər bu ilin oktyabrında, daha dəqiqi, oktyabrın 26-da keçirilməlidir. Amma deyə bilərik ki, proses artıq başlayıb - bu günlərdə Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstanda Qərbyönlü qüvvələrin düşərgəsinə rəhbərlik edəcəyini bəyan edib. Hakimiyyət isə “Xarici agentlər” haqqında qanunun müxalifət və hakimiyyətin digər əleyhdarları üçün sadəcə bir bəhanə olduğunu inkar etmir. “Gürcü arzusu” koalisiyası da siyasi planlarını gizlətmir - bu yaxınlarda hakim partiyanın qurucusu Bidzina İvanişvili açıq şəkildə bəyan etdi ki, o və komandası seçkilərdən sonra müxalifətə son qoymaq niyyətindədir”.

“Bəzi siyasi müşahidəçilər qarşıdan gələn parlament seçkilərində hakimiyyətin sarsıdıcı məğlubiyyətə uğrayacağını proqnozlaşdırırlar. Bunun üçün bütün lazımi daxili və xarici resurslar var. Birincisi, hakimiyyətin seçkiqabağı reytinqi hətta otuz faizi də keçmir. İkincisi, ən son sorğulara görə, respondentlərin 80 faizi ölkənin Avropa kursunu dəstəkləyir. Üçüncüsü, mövcud hakimiyyətin əleyhdarlarının mövqelərini gücləndirən zəruri beynəlxalq resurslar var. ABŞ və digər ölkələr artıq bəyan ediblər ki, “Xarici agentlər” haqqında qanun qüvvəyə minərsə, bəzi sanksiyaları nəzərə alaraq belə, Gürcüstana qarşı siyasətlərini dəyişəcəklər. İrəliyə baxan digər politoloqlar Gürcüstanın Aİ və NATO-ya yolunun artıq bağlandığını proqnozlaşdırırlar. Bəli, Gürcüstan hakimiyyəti ölkənin avroyönümlü kursunu davam etdirəcəklərini bildirir. Amma qeyd etdiyimiz kimi, “Xarici agentlər” haqqında qanunun qəbulundan sonra onların Avropaya inteqrasiya niyyətləri sual altına düşür. Çoxları hesab edir ki, hakimiyyətin “Avropa” şüarları sadəcə olaraq ritorikadır və onların arxasında heç bir ciddi niyyət yoxdur, çünki müasir Avropada siyasi qüvvələr hakimiyyətdən iki əli ilə yapışmırlar - onlar da cəmiyyətin siyasi əhval-ruhiyyəsindən və ya onun ayrı-ayrı təbəqələrindən asılı olaraq dəyişirlər. Yalnız qeyri-demokratik ölkələrdə müxalifətə birdəfəlik son qoymaq niyyətindədirlər”, - deyə analitik yazısını tamamlayıb.

Ayna.az
Geri qayıt