Əsas Səhifə > Dünya > Tokayevin işarə etdiyi MƏQAM...

Tokayevin işarə etdiyi MƏQAM...


3-01-2024, 13:14
Tokayevin işarə etdiyi MƏQAM...
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yerli nəşrə son müsahibəsində “Qazaxıstanda 2022-ci ildəki iğtişaşlar zamanı Astana Rusiyaya deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib” cümləsini ona görə işlədib ki, Rusiyadakı siyasi və ekspert dairələr ondan əl çəksinlər. Çünki rusiyalı ekspertlər, jurnalistlər və Kremlin nəzarətindəki televiziyalar bir il ərzində Tokayevə bu şəkildə minnət qoyurdular: “Rusiyanın dəstəyi olmasaydı, Qazaxıstanda hakimiyyət devriləcəkdi”.

Rusiyadakı dairələr bu minnəti ona görə tez-tez səsləndirirdilər ki, Qazaxıstan prezidenti yanvar hadisələrindən sonra Qərblə əməkdaşlıqdan imtina etmədi və Kremlin istəyi üzərinə Donbası və Krımı Rusiya ərazisi kimi tanımadı və Tokayev bunu televiziya ekranları qarşısında Kreml sahibi Vladimir Putinin üzünə dedi.

Əslində hadisələrin sonrakı inkişafı göstərdi ki, Tokayevin iğtişaşlar zamanı heç KTMT qüvvələrinə də ehtiyacı yox idi, onları dəvət etmək tələsik qərar idi. Görünür, Tokayev hakimiyyətdəki bir qrupun da iştişaşlarda əli olduğundan şübhələndiyindən kənar dəstəyə ehtiyacı olub.

Ancaq Tokayev KTMT qüvvələri olmadan da ölkədə sabitliyi qısa müddətdə bərpa etdi. Tokayevin müsahibəsindəki “KTMT-nin sülhməramlı kontingenti Qazaxıstanda antiterror əməliyyatında iştirak etmədi və bir dəfə də olsun atəş açmadı” cümləsi də bundan xəbər verir.

Müəllif: Elxan Şahinoğlu
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)

Geri qayıt