Əsas Səhifə > Dünya > Rusiya Asiyadan niyə narahatdır?

Rusiya Asiyadan niyə narahatdır?


1-12-2023, 10:28
Rusiya Asiyadan niyə narahatdır?
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasının əsas səbəblərindən biri Kiyevin NATO ilə yaxınlaşması idi. Halbuki, Ukraynanın NATO üzvlüyünə qəbulunun mürəkkəbliyi bəllidir. Buna baxmayaraq, Moskva “NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına yol vermək olmaz” bəhanəsiylə Krımı ilhaq etdi. Rusiya Ukraynaya qarşı müharibəyə başlamaqla NATO-nu sərhədindən uzaqlaşdıra bilmədi, tam tərsi baş verdi, qonşusu Finlyandiya Şimali Atlantika Blokuna qəbul olundu.
Kreml indi də NATO-nun Asiyaya daxil olmağa çalışdığını iddia edir. Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yuxia ilə görüşdə deyib ki, NATO öz coğrafi miqyasını genişləndirməyə və Asiyaya daxil olmağa çalışır. Putinin məqsədi aydındır. Kreml sahibi müxtəlif məkanlarda NATO ilə mübarizə aparmaq gücündə deyil. Rusiya Ukrayna ilə müharibəni davam etdirərkən, tərəfdaşı Çinin də Şimali Atlantika Bloku üzvləri ilə Asiyada mübarizə aparmasını istəyir. Misal üçün Rusiya prezidenti Pekinin xoşuna gəlsin deyə, “ABŞ Asiya-Sakit okean regionunda gərgin vəziyyət yaradır” fikrini tez-tez işlədir. Kremlı sahibinin sözlərinə görə, ABŞ NATO ölkələrini Asiya-Sakit okean regionunda gərgin vəziyyət yaratmaqla yanaşı həmin bölgədə yeni hərbi-siyasi ittifaqlar formalaşdırır.
Əslində Kreml sahibi bu açıqlamalarla Rusiya-Çin hərbi ittifaqına və Asiyada tez-tez keçirdikləri birgə hərbi təlimlərə haqq qazandırır. Rusiya ilə Çin arasında keçirilən birgə hərbi təlimlər bölgə ölkələrini ciddi narahat edir. Öz növbəsində ABŞ Asiya bölgəsindəki müttəfiqlərinə hərbi dəstəyi artırmaqla məşğuldur. “The American Conservative” dərgisində yayımlanan məqalədə ABŞ hərbi-sənaye kompleksinin müttəfiqləri gərəkli hərbi texnika ilə təhciz etmək üçün tam gücüylə çalışdığını yazıb, müqavilələrin sayı artıb. ABŞ Tayvanı silahlandırmaqda davam edir.
Buna baxmayaraq, ABŞ administrasiyası yeni müharibələrin əleyhinədir. ABŞ prezidenti Cozef Baydenin “The Washington Post” qəzetində yayımlanan məqaləsində Ukrayna və Yaxın Şərqdəki müharibələrdən sonra dünya üçün sabitlik imkanlarının açılacağını yazıb. Ağ Ev sahibinin optimizminin nəyə əsaslandığını söyləmək çətindir. Çünki müharibələr bir-birini əvəz edir. Hər halda Vaşinqton Pekinlə dialoqdan imtina etmir. Bu dialoq Vaşinqtona ona görə lazımdır ki, Asiya və Sakit Okean bölgəsində vəziyyət nəzarətdən çıxmasın. Buna baxmayaraq, ABŞ-la Çinin bir-birinə inamları yoxdur, kiçik olay böyük qığılçıma səbəb ola bilər.

Mənbə: “Atlas” Araşdırmalar Mərkəzi
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Geri qayıt