Əsas Səhifə > Dünya > Ərdoğanın almanların üzünə vurduğu HƏQİQƏT...

Ərdoğanın almanların üzünə vurduğu HƏQİQƏT...


19-11-2023, 07:44
Ərdoğanın almanların üzünə vurduğu HƏQİQƏT...
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan srağagün Berlində alman kansleri Olaf Şolsun qarşısında Almaniyanı ən yuşmaq yerindən vurdu. Almaniyanın göbəyində Holoskost soyqırımını xatırladaraq, “başqalarından fərqli olaraq Türkiyənin heç kimə borclu olmadığını" bəyan etdi. Bununla da almanların yəhudilər qarşısında niyə diligödək olduqlarına eyham vurdu.

Dedikləri yanlış idimi? Əlbəttə, yox. Amma doğru da deyildi. Hər halda bunu mən yox, Ərdoğan bəyin, əqidəsinə böyük inamla bağlandığı Məhəmməd peyğəmbər deyir. Zira, “Çalışın, hər zaman doğru danışasınız. Amma onu da unutmayın ki, hər doğrunu hər yerdə danışmaq da doğru deyil” hədisi məhz Məhəmməd peyğəmbərə aiddir.

Məsələ burasındadır ki, Ərdoğanın və ya İndenoziya prezidenti Joko Widodonun yalnız başına bəzi həqiqətləri dilə gətirməsilə Fələstin xalqının yarası sağalmır. Xüsusilə, belə məsələlərdə ilk öncə islami vəhdət təmin olunmalı və ondan sonra kimsə sinəsini qabağa verib ümmətin dərdini dilə gətirməlidir.

Hətta mənə qalsa, Fələstin probleminə ilk sərt reaksiyanı verəcək dövlət də Türkiyə olmamalıdır. Fikrimcə, əvvəl Fələstin xalqına bir köynək daha yaxın olan ərəb dövlətləri önə çıxmalı, ondan sonra Joko Widodo və ya Ərdoğan onların bu haqlı çağırışlara qoşulmalıdır. Ərəb ölkələri isə susur. Hətta susmaqla da qalmır, böyük bir problemdən yaxa qurtarmaq üçün açıq-aşkar olmasa da, qəlbən İsraili dəstəkləyirlər. Tək halda istənilən ölkənin Fələstin məsələsinə görə dünyanı bir-birinə qatması da fələstinliləri indiki ağır durumdan xilas etmək qüdrətinə malik deyil.

Üstəlik, Türkiyənin qarşısında çox dərin problemlər var. İqtisadi böhran, hərbi təchizat və s. baxımından qardaş ölkə Qərblə əməkdaşlıq etməyə məcburdur. Prinsipcə, Ərdoğan da Almaniyaya məhz bunun üçün getmişdi. Ən azından, bu səfər nəticəsində “Eurofighter” təyyarəsi alaraq, ABŞ-ın F-16 və ya F-35 kimi təyyarə embarqolarının ağır nəticələrindən özünü sığortalaya bilərdi.

Ərdoğan isə səfərinin elə ilk dəqiqələrində Almaniyanın üzünə bəzi üzqızardıcı qəbahətlərini vuraraq, bu səhifəni qapatdı. Beləliklə də, Qərb ölkələrindən bir addım da uzaqlaşdı.

Dərd burasındadır ki, Türkiyə Qərb dövlətlərindən uzaqlaşarsa, ərəb ölkələri də ona ehtiyac duyduğu maliyyə yardımını verməyəcəklər. Çünki İsraildən və ABŞ-dan qorxurlar və onların iradəsinə qarşı çıxa bilməzlər.

Sözsüz ki, bu durumun İsrail bombaları altında qətliama məruz qalan fələstinlilərə də bir faydası olmayacaq. Mən hələ öz hakimiyyəti tərəfindən dəyərlilik mərtəbəsində axırıncı sıraya qoyulan Türkiyəni demirəm.

Müəllif: Heydər Oğuz
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
Geri qayıt