Əsas Səhifə > Dünya > Paşinyan “qalaqurma” edir

Paşinyan “qalaqurma” edir


26-10-2023, 01:47
Paşinyan “qalaqurma” edir
Kanadanın xarici işlər naziri Melani Joli Ermənistanda rəsmi səfərdədir.

Səfər çərçivəsində xanım Joli Kanadanın Ermənistanda səfirliyinin açılış mərasimində iştirak edəcək. Ancaq dünyanın ən böyük dövlətlərindən birinin baş diplomatının qırmızı lenti kəsmək üçün okeanın o tayından Ermənistana gəlməsi inandırıcı deyil. Görünür, xarici işlər nazirini Ermənistana gətirən başqa səbəb var və bunu özləri də etiraf edir.

Melani Jolinin İrəvanda aparılan danışıqlarda Qarabağdan köçmüş ermənilərin ehtiyaclarının həlli yollarını araşdıracağı bildirilir. Bu məlumat səfərin Kanadadakı erməni diasporu və lobbisi tərəfindən təşkil edildiyinə şübhə yeri qoymur.

Adətən belə hallarda səfərin maliyyə xərclərini erməni diasporu çəkir. Ona görə də Melina Jolinin Ermənistana təmənnasız gəldiyini demək olmaz. Əvəzində ermənilər yəqin ki, Azərbaycan əleyhinə sərt bəyanatların və çağırışların verilməsinə nail olmaq istəyirlər. Bu ritorika isə hamıya yaxşı tanışdır.

Erməni separatçılarına dəstək göstərmək, könüllü Ermənistana köçənlərin guya Azərbaycanın zorakılığı nəticəsində “qaçqın” düşdüyünə dair sərsəm açıqlamalar vermək Kanada xarici siyasət idarəsinin səfər gündəliyinin əsas məzmununu təşkil edir.

Bu, həmin Kanadadır ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanı təcavüzdə ittiham etmiş, Qarabağda Yaxın Şərqdən gətirilmiş terrorçuların döyüşdüyü barədə uydurma bəyanatlar vermiş, “Bayraktar TB-2” pualarının istehsalını və satışını məhdudlaşdırmaq üçün Türkiyəyə sanksiya tətbiq etmişdi. İndi isə ermənilər özləri Qarabağdan könüllü köçüb getdikləri halda, məcburi onları “qaçqın” adlandırmaqla Azərbaycana beynəlxalq təzyiq alətləri formalaşdırmağa çalışırlar.

Paşinyanın digər məqsədi qondarma qaçqınlara yardım adı altında Qərb dövlətlərindən və beynəlxalq təşkilatlarından maliyyə yardımı almaqdır. Bu prosesdə iştirak edən digər xarici güclər isə daha çox siyasi məqsəd güdür.

Qeyd edilən “oyun”un içərisində Kanada ilə yanaşı, Fransa, Avropa İttifaqı, İran, Almaniya, ABŞ, Belçika, Niderland da var. Cənubi Qafqazda geosiyasi təsir dairəsini artırmağa çalışan Qərb Ermənistandan platsdarm kimi istifadəyə çalışır. Ermənistanın Baş naziri Nikol Paşinyan isə “qalaqurma” etməklə Qərb, Rusiya və İran arasında güclənən bu rəqabətdən Azərbaycana qarşı siyasi divident qazanmaq istəyir.

Yəni Paşinyan bir tərəfdən danışıqlar masasında Azərbaycana qarşı beynəlxalq təzyiq vasitələri yaratmaq, eyni zamanda, öz hakimiyyətini möhkəmlətmək üçün Qərbin dəstəyini əldə etmək niyyəti güdür.

Ancaq Ermənistan rəhbərliyinin bütün bu manevrləri perspektivi olmayan siyasi manipulyasiyalardır. Çünki həmin dövlətlərin heç biri müharibə olacağı təqdirdə Ermənistan üçün döyüşməyəcək. Nə Qərb, nə də Rusiya Azərbaycanla münasibətləri pozmaq fikrindədir.

44 günlük müharibə də təsdiq etdi ki, Ermənistana sözdə, müxtəlif siyasi platformalarda dəstək verən ölkələr son nəticədə Paşinyan hökumətini vəziyyətlə barışmağa və Azərbaycanın ərazi bütövlüyünü tanımağa çağırdılar. Melani Jolinin Azərbaycana qarşı sanksiyaların gündəlikdə olması barədə İrəvanda verdiyi açıqlaması da söz olaraq qalacaq. Çünki ermənilər nəinki Qarabağda, heç Ermənistanda belə qalmaq istəmir.

Müşfiq Abdulla
Cebhe.info
Geri qayıt