Əsas Səhifə > Dünya > Qərb Ukraynanı həm də buna görə QORUMALIDIR...

Qərb Ukraynanı həm də buna görə QORUMALIDIR...


17-09-2023, 19:02
Qərb Ukraynanı həm də buna görə QORUMALIDIR...
İkinci Dünya müharibəsi 1939-cu ilin sentyabrın 1-də Almaniyanın Polşaya hücumuyla başlayıb. Polşada bu tarixlə yanaşı 17 sentyabr tarixini də xatırlayırlar. Almaniyanın Polşaya hücumundan 16 gün sonra, yəni 17 sentyabr 1939-cu ildə SSRİ qoşunları Polşanın şərqinə hücum etdi. Polşanın ikitərəfli işğalı iki diktator – Hitlerlə Stalinin xarici işlər nazirləri vasitəsilə gizli razılaşmasının nəticəsi idi. Hər ikisi Polşanı parçalamaqla bu ölkəni xəritədən silmək istəyirdi. Ancaq Stalinlə razılaşma Hitlerin hiyləsi idi, o Avstriya, Çexiya, Polşa və Fransa ilə işi bitirdikdən sonra SSRİ-yə hücum barədə düşünür və bu məqsədlə generallarına plan hazırlamağı tapşırmışdı. Halbuki, Stalin düşünürdü ki, Hitlerin ambisiyaları SSRİ sərhədinə qədərdir.

Almaniya Polşanı viran qoydu, bu ölkədə kütləvi qətliamlar təşkil etdi, ölüm düşərgələrində milyonlarla insan öldürdü, qazla zəhərlədi, SSRİ komandanlığı da “geri qalmadı”, əsir götürdüyü minlərlə polşalı hərbçini sovet meşələrində qətlə yetirdi. Polşa ağır faciələrə rəğmən, tab gətirdi, müharibədən sonra torpaqlarını geri qaytarmağa müvəffəq oldu, paytaxt Varşava olmaqla şəhərlərini yenidən qurdu, ölkə bir müddət kommunist sistemində yaşadı, 1980-ci illərdə isə avtoritar rejimlə sağollaşan ilk Şərqi Avropa ölkəsi oldu. Almaniya kansleri müharibədən sonra bir neçə dəfə Polşaya ziyarət etdilər və qətliamlara görə polşalılardan üzr istədilər. Ancaq Rusiyadakı rejim bu gün də Polşanı hədəf götürüb. Rusiyanın televiziya kanallarında yayımlanan siyasi proqramlarda Ukrayna ilə yanaşı Polşa adlı dövlətin də süni şəkildə yaradıldığı iddia edilir, Rusiya imperiyasına aid olduğu bildirilir. Avropanın Ukraynaya dəstəyi həm də ona görə artırmalıdır ki, bu ölkə məğlub olarsa Rusiyanın növbəti hədəf Polşa və Baltik ölkələri olacaq. Buna görə də Polşa indidən ordusunu gücləndirir və hərbi büdcəsini artırır.

Elxan Şahinoğlu - DİA.AZ
Geri qayıt