Əsas Səhifə > Dünya > Rusiyanın NÜVƏ HƏDƏFİ...

Rusiyanın NÜVƏ HƏDƏFİ...


1-07-2023, 02:06
Rusiyanın NÜVƏ HƏDƏFİ...
Rusiya Baltikyanı ölkələr üçün nüvə səndviçi hazırlayır?

Açığını deyim, Rusiyanın Belarusda hərbi gücünü artırmasının, xüsusilə nüvə silahlarını bu ölkəyə yerləşdirməsinin Ukrayna ilə əlaqəsi olduğunu sanmıram. Fikrimcə, Putin Ukraynanın onun yemi olmadığını hələ anlamayacaq qədər sadəlövh deyil. Ukraynaya nüvə hücumu etmək də Rusiyanı dəhşətli məğlubiyyətdən xilas edə bilməz, əksinə, tamamilə məhvini sürətləndirər.

Zənnimcə, Putinin budəfəki hədəfi Baltikyanı ölkələrdir. "Baltikyanı ölkələr NATO üzvüdür və Putin ora müdaxilə edərsə, Şimali Atlantik Alyansla savaşa girməyi gözə almalıdır", - deyib fikirlərimi yabana atmayın. Rusiya bilir ki, artıq NATO ilə savaşdadır. Putinin bu cür risklərə getməməsinin, məncə, heç bir səbəbi qalmayıb.

Üstəlik, ayın 8-də Litvanın paytaxtı Vilnusda NATO-nun növbəti sammiti keçiriləcək. Sammitin əsas məqsədlərindən biri NATO-nun şimal cəbhələrində güclənməkdir. Finlandiyanın və İsveçin məhz bu sammitdə alyansa üzvlüyünün planlaşdırılması da, fikrimcə, təsadüfi deyil.

Sual oluna bilər: Baltikyanı ölkələrin işğalı Rusiyaya nə qazandıra bilər?

İlk əvvəl Vilnus sammitində qəbul olanacaq qərarlardan sonra silah təchizatı artırılan Ukraynanın qazanacağı qələbənin Rusiyada yaradacağı şok effektinin qarşısını almaq üçün Putinə təcili qələbə lazımdır. Bu qələbə ilə rus xalqının diqqətini Ukraynadan ayırıb daha güclü düşmənə -NATO ilə müharibə təhlükəsinə yönəldə bilər.

İkincisi, Baltikyanı ölkələr Ukrayna qədər strateji genişliyə sahib olmayan yerlərdir. Faktiki olaraq, bu 3 ölkəni Avropaya Suvalki dəhlizi deyilən ərazi birləşdirir. Polşa ilə Litvanın sərhədində yerləşən bu ərazinin cəmi 100 km uzunluğu var. Litva cənubdan Belarusla, şimal-qərbdən isə Kalininqradla həmsərhəddir. Baltik dənizində də hələ rus hərbi qüdrəti hegemondur. Vilus sammitində Finlandiyanın NATO-ya üzvlüyündən sonra hegemonluq Şimali Atlantik Alyansına keçə bilər.

Kalininqqradda rusların nüvə silahları var. Belarusa da nüvə silahı yerləşdirməklə faktiki bizim Səməd Seyidovun təbirilə desək, Baltikyanı respublikaları nüvə səndviçinin içində basdıra bilərdi və bunu da edib.

Üçüncüsü, Kiyev nə qədər Belarusla sərhəddə yerləşsə də, Vilnus qədər yaxın deyil. Vilnus Belarus sərhədindən cəmi 35 km aralıda yerləşir. Adı tankla bu şəhəri cəmi 40 dəqiqəyə almaq olar.

Dördüncüsü, Baltikyanı ölkələrin əhalisi də Ukrayna ilə müqayisə olunmayacaq dərəcədə azdır. Bu 3 ölkədə cəmi 6 milyon əhali yaşayır.

Beşinci, coğrafiyası da o qədər böyük deyil. 3 ölkənin cəmi 175 kv. Km. ərazisi var. Halbuki, Rusiyanın hazırda Ukraynada işğal etdiyi ərazi bu rəqəmdən xeyli böyükdür.

Altıncısı, Baltikyanı ölkələrdə xeyli sayda rus yaşayır. Latviyada əhalinin 25%-dən çoxu, Estoniyada 24%, Litvada 5%. Putin bu savaşda da baltik ruslarının təəssübkeşliyindən yararlana biləcəyini düşünə bilər.

Yedincisi, Ukraynadan fərqli olaraq, Baltikyanı ölkələrə NATO-nun hərbi yardım göndərməsi də mümkün deyil. Çünki qeyd etdiyim kimi, Suvalki dəhlizini tutmaqla bu bağ ortadan qaldırıla bilər.

Bu durumda NATO-nun qarşısında yeganə yol qalır: Alyans Nizamnaməsinin 5-ci Maddəsinə əsaslanaraq, Rusiyaya qarşı müharibə etmək. Rusiyanın isə belə durumlarda söykənəcəyi yeganə gücü var – nüvə silahları. Məhz bu səbəbdən də indidən Belarusa nüvə silahlarını yerləşdirib. Üstəlik, belə ağır perspektivlə üzləşəcəkləri təqdirdə Baltik ölkələrinin də Rusiya ilə NATO-nun arasında başlaya biləcək nüvə müharibəsinin poliqonuna çevrilmək istəyi, yəqin ki, olmaz.

Bütün bu hesablamalar onu göstərir ki, Rusiya Ukraynadakı ağır məğlubiyyətdən yaxa qurtarmaq üçün Baltikyanı ölkələri “gözaltı” edə bilər. Bu perspektiv ona həm də NATO ilə sövdələşmə və Ukrayna savaşını dayandırmaq fürsəti də verir.

Heydər Oğuz - DİA.AZ
Geri qayıt