Əsas Səhifə > Dünya > Ermənilər indi də rusların onlara silah vermədiklərini iddia edirlər...

Ermənilər indi də rusların onlara silah vermədiklərini iddia edirlər...


17-05-2023, 05:49
Ermənilər indi də rusların onlara silah vermədiklərini iddia edirlər...
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın Rusiyaya maliyyə ödəməsi müqabilində sifariş etdiyi silahları ala bilmədiyini deyib. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanın da açıqlaması var. Nazir müavini silahların çatdırılmanın ləngiməsinin səbəbləri ilə bağlı sualları cavablandırmayıb.

Bu məsələnin qaranlıq tərəfi var. Nikol Paşinyan hakimiyyətə gəlmədən əvvəl keçmiş prezident Serj Sərkisyan Rusiyadan 200 milyon dollar kredit almışdı ki, Ermənistan elə Rusiyanın özündən hərbi texnika alsın. Ermənistan hərbi texnikanın alışı üçün Rusiyaya pul ödəyibsə, onda həmin kreditin taleyi necə olub? Rusiya İkinci Qarabağ müharibəsinin gedişində Mərkəzi Asiya və İranın hava sahəsi üzərindən Ermənistana kifayət qədər silah və sursat göndərdi ki, bu ölkə Azərbaycana məğlub olmasın. Bəs bu silah və sursatın pulu necə ödənib və ya ödənibmi? Rusiya hazırda Ukrayna bataqlığının içərisində olduğu halda özünə silah və sursat çatdıra bilmirsə, başqasını təmin etmək iqtidarında deyil.

Elxan Şahinoğlu - DİA.AZ
Geri qayıt