Əsas Səhifə > Dünya > Türkiyənin Prezidenti kim olsun?

Türkiyənin Prezidenti kim olsun?


13-05-2023, 12:30
Türkiyənin Prezidenti kim olsun?
Türkiyə Cümhuriyyətinin bizim üçün hansı əhəmiyyəti, hansı dəyəri daşıdığını hamımız bilirik. Sabahkı seçki Türkiyədə nə ilk seçkidi, nə də son. Yüzlərlə belə seçki olub, yenə olacaq. Əsas olan Türkiyənin var olması, güclü olması, azad, ədalətli, demokratik seçki kecirməsidir.
Türkiyə xalqı kimi seçəcək, bu bizim məsələmiz deyil. Bizim - 30 illik müstəqillik dövründə normal seçki sistemi, təcrübəsi yarada bilməyən bir ölkənin insanlarının Türkiyədə filankəsin prezident olması bizə daha xeyirdi deyə 7/24 mübahisə etməsi, hər şey bir yana, etik deyil.
Bizə Türkiyə lazımdır. Demokratik, seçki ənənəsi olan, xalqın səs verdiyi namizədin prezident ola bildiyi Türkiyə. Kim olsun prezident? Xalq kimə səs versə, o olsun. Biz illərdir bunu istəmirikmi?
Azad, demokratik seçki keçirə bilən cəmiyyət, dövlət güclüdür. Türkiyənin də, Azərbaycanın da maraqları bunu tələb edir. Prezidentin soyadı necə olacaq - lütfən, bunu Türkiyə seçicisinə etibar edək.

Qabil Abbasoğlu - DİA.AZ

Geri qayıt