Əsas Səhifə > Dünya > Ukraynada şərtli amnistiya dönəmi başladı

Ukraynada şərtli amnistiya dönəmi başladı


30-01-2014, 10:19
Ukraynada şərtli amnistiya dönəmi başladı
Ukrayna müxalifəti şərtli amnistiyanı bəyənmir. Paytaxt Kiyevdə davamlı aksiyanın keçirildiyi Azadlıq meydanının müdafiəsi mümkün müdaxilə ehtimalı nəzərə alınaraq gücləndirilib. DİA.AZ mediaforum-a istinadən bildirir ki, dünən axşam meydanda çıxış edən müxalif lider Oleq Tyaqnibok amnistiya şərtlərinin yerinə yetirilməyəcəyini deyib.

Yanvarın 29-da Ukrayna parlamenti hökumətə qarşı kütləvi aksiyalara görə məsuliyyəti ləğv edən qanuna səs verib. Amnistiya yalnız çox ağır cinayət törətmiş şəxslərə şamil olunmur. Sənəd 15 gün ərzində müxaliflərin ələ keçirdiyi bütün hökumət binalarının boşaldılması və küçələrdən barrikadaların yığışdırılmasından sonra qüvvəyə minəcək. Müxalif deputatlar şərt qoyulmasını düz hesab etməyərək səsverməyə qatılmayıblar.

Ötən il noyabrın 21-də Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişi bağlamaqdan imtina etdikdən sonra ölkədə davamlı etiraz aksiyaları keçirilir. Yanvarın 16-da Ukraynada kütləvi tədbirlərin keçirilməsi şərtlərini ağırlaşdıran, internetdə hakimiyyət əleyhinə çağırışlara görə cinayət məsuliyyətini nəzərdə tutan qanunlar qəbul olunub. Hökumətin bu addımları müxalifətin kəskin müqaviməti ilə üzləşib, paytaxt Kiyevin küçələrində müxaliflərlə hökumət qüvvələri toqquşub. Siyasi gərginlik bölgələri də əhatə edib. Bəzi hökumət binaları müxalifətin nəzarətinə keçib.

Ukrayna parlamenti yanvarın 28-də keçirilən növbədənkənar sessiyada yanvarın 16-da qəbul olunan qalmaqallı qanunları ləğv edib. Həmin gün Ukraynanın baş naziri Nikolay Azarov istefa verib.

Geri qayıt