Əsas Səhifə > Dünya > ABŞ-da Ukraynaya baxış dəyişir: Kiyevə diqqət azalmaqdadır

ABŞ-da Ukraynaya baxış dəyişir: Kiyevə diqqət azalmaqdadır


25-04-2023, 06:32
ABŞ-da Ukraynaya baxış dəyişir: Kiyevə diqqət azalmaqdadır
2022-ci ildə Ukrayna Amerikanın xarici siyasətinin və yardımının mərkəzi məsələsi idisə, bu gün belə deyil

Co Bayden administrasiyası hərbi yardım məsələlərində ukraynalıların ABŞ-ın ikitərəfli dəstəyinə arxalana biləcəyinə işarə etməyi xoşlayır. İnkar etməyəcəyəm ki, bir müddət Ukraynadakı müharibə demokratları və respublikaçıları birləşdirdi. Amma 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkiləri ilə hər şey dəyişir.

Bu gün qələbəyə iddialılar seçki marafonunun yalnız ilk metrlərini addımladılar və məlum oldu ki, Respublikaçılar Partiyasından olan namizədlər ukraynalılara kömək etməyə hazır deyillər.

Ron De Santis birbaşa deyir ki, onu Ukrayna məsələsi maraqlandırmır. Rusiyanın Ukraynaya hücumu “ərazi mübahisəsidir” (!) və ABŞ Çinlə münasibətlərin kəskinləşməsinə diqqət yetirməlidir. Daha sonra respublikaçılar düşərgəsindəki sağlam qüvvələrin təsiri altında olan De Santis ritorikasını bir qədər dəyişdi və bildirdi ki, Rusiya Federasiyası cəzalandırılmalıdır, lakin bu, ABŞ-ın vəzifəsi deyil.

Donald Tramp isə hesab edir ki, o, asanlıqla və tez zamanda Rusiyanı qan tökülməsinə son qoymağa razı sala bilər. Amma o, Putinə daha bir neçə Ukrayna ərazisi təklif edəcək – bu, bəllidir. "Ən pis halda, mən onların nəyisə ələ keçirmələrini təşkil edə bilərdim. Bilirsiniz ki, Ukraynada açıq desək, rusdilli bəzi ərazilər var, amma bununla razılaşmaq olardı", - Tramp “Fox News”da açıq şəkildə deyir.

Real vəziyyət belədir. NATO-nun illik konfransının açılışında ABŞ dövlət katibinin müavini Vendi Şerman xəbərdarlıq edib ki, Rusiya diktatoru Ukrayna ilə müharibədə taktiki nüvə silahından istifadə edə bilər. NATO ölkələri, o cümlədən ABŞ və müttəfiqlərinin siyasi rəhbərliyi belə bir inkişafa hazırlaşmalıdır. Tramp Putinə zəng edəndə respublikaçıların seçiciləri müharibənin ildırım sürətilə sona çatması haqqında nağıllarla susdurulurlar. Demokratların namizədi Robert Kennedinin oğlu isə Ukrayna xalqı naminə həyatını riskə atır. Bu yaxınlarda məlum oldu ki, Xarkov hücumu zamanı Konnor Kennedi Xarici legionda pulemyotçu olub.

Həqiqətən də, əksər demokratlar və bir sıra qeyri-kommersiya təşkilatları Ukraynanı avtoritarizmə qarşı beynəlxalq müqavimətin təməl daşı kimi görür və Ukraynanı, bəlkə də illər boyu dəstəkləməyə hazırdırlar. Təəssüf ki, başqa siyasətçilər və təşkilatlar da var ki, onların baxışları və prioritetləri artıq dəyişir. Əgər 2022-ci ildə Ukrayna Amerikanın xarici siyasətinin və yardımının mərkəzi məsələsi idisə, bu gün belə deyil.

ABŞ-da prezident seçkiləri nə qədər yaxın olsa, Ukraynaya marağın azalması bir o qədər aydın görünür. Ona görə də düşünürəm ki, Ukrayna mövzusu təxminən gələn qışa qədər Amerika vətəndaşları və qurumları üçün aktual olacaq. De Santis və ya Tramp prezidentlik yarışında lider olsalar, ABŞ-dakı demokratiya tərəfdarı olan təşkilatlar istər-istəməz öz diqqətlərini daxili vəziyyətə yönəldəcəklər - yaxşı niyyətli insanlar diqqətlərini demokratiyalarını xilas etməyə cəmləşdirəcəklər. Təəssüf ki, Ukrayna bu halda arxa plana keçəcək. Ona görə də Trampın qələbəsinin Amerika və dünya üçün fəlakət olacağına inanıram.

Müəllif: Uriel Epstein - Demokratiyanın Yenilənməsi Təşəbbüsü Təşkilatının icraçı direktoru

Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur.
Geri qayıt