Əsas Səhifə > Dünya > Ərdoğanın “Fransa akkordu”nun açması

Ərdoğanın “Fransa akkordu”nun açması


31-01-2023, 08:27
Ərdoğanın “Fransa akkordu”nun açması
Fransanın Afrikadakı müstəmləkəçilik siyasəti 1960-cı illərin əvvəllərində sona çatsa da, Paris keçmiş mülkləri üzərində təsirini davam etdirir.
Fransa həm öz maraqlarına xidmət etmək üçün, həm də keçmiş müstəmləkə sənətkarlığı irsi ilə əlaqədar olaraq Frankofoniya Afrikasında hegemon mövqe tutmağa və bu zolağı prestijli qala kimi saxlamağa cəhd edir.
Təbii ki, Fransa Afrikada inhisara malik deyil, onun kolonial irsi regionda rəqabət mühitini şiddətləndirdiyindən qitədə Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Türkiyə kimi oyunçuların da maraqları genişlənir.
Hərə öz məntiqi ilə regionda hakimlik kürsüsünə çıxmağı hədəfləyir, ümumi planda isə bu, Fransa müstəmləkəçilik irsini tamamilə aradan qaldırmaq kimi bir missiya formasında canlanır.
ABŞ, Böyük Britaniya və Türkiyə bu işdə hədsiz canfəşanlıq göstərən tərəf kimi çıxış edə bilərlər və mümkündür ki, prosesdə Çinin də rolundan istifadə edilir.
Bu fikri ona görə səsləndiririk ki, Fransanın kolonial məntiqi qlobal arenada zədələnir və Parisin xətlərini qıran ABŞ ilə Böyük Britaniya ikilisidir.
Bu mənada Afrikadan da Fransanın sıxışdırılıb çıxarılması qarşıda dayanan məqsədlər seriyasıdır və Vaşinqtonla London gizli şəkildə digər dövlətləri öz tərəflərinə çəkirlər.
ABŞ, Britaniya, Rusiya, Çin kimi aktorların son məqsədi, təbii ki, Afrikanı ağ günə çıxarmaq deyil. Onlar, sadəcə olaraq, təbii sərvətlərin talanması prosesində Fransanın pay almasına qarşıdırlar.
Bu, Fransanın hegemonluq iddialarının Afrika səhnəsindəki arzuları qarşısında real maneələrdəndir.
Türkiyə də Fransaya qarşı qurulan beynəlxalq lövhəyə öz tezislərini yazmaqda israrlıdır, çünki Paris Ankaranın maraqlarına meydan oxumaq tərzini tərgitmir.
Türkiyənin Afrikada maraqlarını böyütmək prinsipi istismar etmək, çapıb-talamaq meyarlarına söykənmir. Türkiyənin Afrika regionu üzrə inşa edilən siyasəti, əsasən, dördölçülü fazadadır. Ankara diplomatiya-siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil alətləri ilə “qara qitə”dəki strateji maraqlarını qoruyur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bilecik vilayətində gənclərlə görüşü zamanı Fransanın Afrikadakı ekspansiya siyasətinə qarşı çıxış etməsi həmin fona işıq tutur.
Ərdoğan çıxışında:
- Fransa Prezidenti Emmanuel Makronun dövlət başçısı postuna layiq olmadığını göstərdi;
- Fransanın beynəlxalq arenada, o cümlədən Afrikada etibarını itirdiyini söylədi.
Türkiyənin Afrika üzrə siyasəti tarixi əsaslara söykənir, amma Ankara bunu müstəmləkəçiliyə, köləliyə qarşı mübarizə üsuluna çevirir.
Türkiyə seçdiyi formata görə Afrikada nüfuz qazanır.
Bunun əsas səbəbi:
Ankara başqa oyunçulardan fərqli olaraq diktaturalara maliyyə yardımlarını, gizli silah tədarüklərini və bölücü siyasəti dəstəkləmir.
Bu baxımdan Türkiyə regionda iştirak edən və özlərini Afrikanın himayədarı elan edən dövlətlərlə müqayisədə daha böyük hörmət qazanır. Bu vəziyyət Afrikada Türkiyənin iqtisadi potensialına böyük faydalar gətirir.
Türkiyə Afrika qitəsində dinamik xarici siyasətini və tətbiq etdiyi çoxölçülü alətləri Fransanın sıxışdırılması prosesinə töhfə kimi inkişaf etdirəcək.
Bu mənada Türkiyə Fransanın rəqibləri ilə əməkdaşlıq formatı qurmaqla Afrikada öz izlərini getdikcə genişləndirəcək.
Rəcəb Tayyib Ərdoğanın çıxışındakı “Fransa akkordu” Türkiyənin dövlət siyasətinin perspektivləri üçün yol xəritəsi olacaq.
Aqşin Kərimov,
Siyasi şərhçi - DİA.AZ

Geri qayıt