Əsas Səhifə > Dünya > Avropada nəsildən-nəslə ötürülən “xəstəlik” və ya müsəlmanlara “gəl-gəl” çağırışı

Avropada nəsildən-nəslə ötürülən “xəstəlik” və ya müsəlmanlara “gəl-gəl” çağırışı


25-01-2023, 08:08
Avropada nəsildən-nəslə ötürülən “xəstəlik” və ya müsəlmanlara “gəl-gəl” çağırışı
Danimarkanın "Sərt Kurs" Partiyasının lideri Rasmus Paludan ötən həftə Türkiyənin Stokholmdakı səfirliyi qarşısında NATO, Türkiyə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edib, İslam peyğəmbəri Məhəmməd peyğəmbərin karikaturasını nümayiş etdirib və müqəddəs “Qurani-Kərim” kitabını yandırıb. Bu radikal aksiya Türkiyə və bir sıra müsəlman ölkələri və təşkilatları tərəfindən pislənilib. İsveçin Baş naziri Ulf Kristersson bu hərəkəti müsəlmanlara qarşı hörmətsizlik adlandırıb.

“Stokholmda “Qurani-Kərim”in yandırılması Avropada islamofobiya, irqçilik və ayrı-seçkiliyin səviyyəsini göstərir”. Bu bəyanatla Türkiyə Xarici İşlər Nazirliyi çıxış edib.

XİN-in bəyanatında qeyd edilib ki, Türkiyədən edilən bütün xəbərdarlıqlara baxmayaraq, 21 yanvar tarixində İsveçdə müqəddəs kitab “Qurani-Kərim”ə qarşı törədilən iyrənc hərəkət ən kəskin şəkildə pislənilir: “Müsəlmanlara qarşı yönəlmiş və müqəddəs dəyərlərimizi təhqir edən bu islamofob təxribat xarakterli hərəkətə söz azadlığı adı altında yol verilməsi ilə heç bir şəkildə razılaşmırıq. Çünki bu, nifrət cinayətidir”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Türkiyə XİN “bu iyrənc hərəkəti Avropada islamofobiya, irqçilik və ayrı-seçkiliyin həyəcan verici səviyyəsini bir daha sübut edir” adlandırıb.

“Biz İsveç hakimiyyətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə, bütün ölkələri və beynəlxalq təşkilatları islamofobiyaya qarşı həmrəylik üçün konkret addımlar atmağa çağırırıq”, - bəyanatda deyilir.

Məlum təxribatı törədən Paludan açıqlama verib və ictimaiyyətin bu qədər sərt reaksiya verəcəyini gözləmədiyini, amma peşman olmadığını söyləyib. Siyasətçi bildirib ki, bu addımı Türkiyəyə münasibətini ifadə etmək istədiyi üçün atıb: “Düşünürdüm ki, Türkiyəyə münasibətimi göstərərəm, bununla da bitər. Amma hər şey başqa cür oldu. Hərəkətimə görə peşman deyiləm, çünki mühüm siyasi səbəblər var idi. Buna baxmayaraq, bu qədər adamın məni öldürməklə hədələməsindən kədərlənirəm”.

Paludanın sözlərinə görə, indi ona ünvanlanan təhdidlər əvvəlkilərdən qat-qat ciddidir: “Mən çox konkret təhdidlər alıram. Sosial şəbəkələrdə dəqiqədə 20 mesaj alıram, onlardan beşi təhdiddir”.

Ekspertlər bildirirlər ki, Avropada hər zaman radikal qüvvələr tərəfindən islamofob addımlar atılıb. Analitiklər qeyd edirlər ki, Paludanın növbəti addımı islamofobiyaya çağırışla yanaşı, siyasi təxribatdır.

DİA.AZ-ın məlumatına görə, politoloq Tofiq Abbasov AYNA-ya bildirib ki, hələ orta əsrlərdən islamla bağlı bütün amillər Avropa elitası arasında qeyri-adekvat qəbul olunurdu: “İslam qorxulu və dəhşətli formada təsvir edilirdi və bu vasitə ilə insanlar qorxudulurdu. Son əsrdə baş verənlər həmin təbliğatın yeni mərhələsidir. Qərb “təbliğat maşını” elə vəziyyət formalaşdırıb ki, guya İslam təşkilatları, ölkələri Qərb mədəniyyətinə müharibə elan ediblər. Ancaq bu qurma prosesin arxasında məkrli niyyətlər və işğalçı imperiya siyasəti dayanır”.

“Biz gördük və görürük ki, terrora qarşı mübarizə adı altında müstəqil dövlətlər dağıdıldı və proses davam edir. Əlbəttə, bu hadisələr təsadüfən baş vermir və arxasında siyasi texnoloqlar durur”, - deyə analitik vurğulayıb.

Paludanın “Qurani-Kərim”i yandırmasını islamofob davranış olmaqla yanaşı, siyasi təxribat xarakteri daşıdığını deyən T.Abbasov bildirib ki, bu, nə ilkdir, nə də ki, son: “Türkiyənin güclənməsini istəməyən qüvvələr belə təxribatlara əl atırlar. Nəinki Türkiyənin, eləcə də Azərbaycanın, digər müsəlman dövlətlərinin güclənməsini, müstəqil siyasətini həzm etməyən dairələr var”.

“Bu cür təxribatlar, islamofobiya yaxşı perspektiv vəd etmir. Çünki belə təxribatlar sivilizasiyalar arasındakı dialoqa da mənfi təsir edir. Qərb dünyası və müsəlman aləmi arasında yaranan uçurum qlobal savaşa gətirib çıxara bilər”, - analitik fikrini tamamlayıb.

DİA.AZ-ın məlumatına görə, ilahiyyatçı Elşad Miri AYNA-ya deyib ki, Paludanın “Qurani-Kərim”i yandırması təxribatdır: “Avropa mediasında da bunun təxribat olduğu bildirildi. İsveçin Türkiyənin də razılığı ilə NATO-ya daxil olması prosesi gedən ərəfədə bu addım təxribat kimi qiymətləndirilir. Məsələnin görünən və görünməyən tərəfləri var. İndi sual olunur, bu dini etiqad azadlığıdırmı, söz azadlığıdırmı, demokratiya anlayışı budurmu?! Təbii ki, yox. Demokratiya anlayışı, söz azadlığı, dini etiqad azadlığı faktiki olaraq bir dinin təhqiri demək deyil. “Mənim azadlığım başladığı yerdə sənin azadlığın bitir” anlayışı hakimdir”.

“Bu gün ABŞ-ın özündə “nifrət cəzası” anlayışı mövcuddur. Məsələn, müsəlmanların yaşadığı bölgəyə müsəlmanların sevmədiyi, haram bildiyi donuz başının atılması “nifrət cinayəti” kimi qəbul edilir. Düzdür, bəzi yerlərdə bunu qınayırlar, söz azadlığına zərbə sayırlar. Hesab edirəm ki, bütün ölkələrdə nifrət cinayətinə qarşı mübarizə aparılmalıdır”, - ilahiyyatçı əlavə edib.

E.Miri vurğulayıb ki, müsəlmanlar xristianların müqəddəs kitabına belə davranış sərgiləmirlər: “Çünki “Qurani-Kərim”in Loğman surəsinin 27-ci ayəsində bildirilir ki, “siz onlara qarşı belə münasibət göstərməyin ki, onlar da sizə qarşı eyni addımı atmasınlar”. Paludan adlı radikalın bu addımına qarşı ən gözəl addım Türkiyədə atıldı. Belə ki, qardaş ölkədəki kilsələrə qızılgül aparıldı, hədiyyə verildi. Bu, alqışalayiq hərəkətdir. Həm də xristianlara bir mesajdır ki, siyasi məqsədlər üçün təxribat törədənlərə xristianların özləri etiraz etsinlər”.

“Müsəlmanlar anlamalıdırlar ki, “Qurani-Kərim” sadəcə kağız deyil, Allahın göndərdiyi kəlamıdır. Hansısa təxribatçı müqəddəs kitabı yandırırsa, buna müsəlmanların radikal etirazı olursa, onun təxribatı baş tutmuş sayılır. Bunu illərdir davam etdirirlər. Eyni hal Norveçdə, Danimarkada, Fransada və digər Avropa ölkələrində də olub. Demək ki, bu təxribatlar sıradan deyil. Düşünürəm ki, müsəlmanlar bu təxribata getməməlidirlər. Çünki müsəlmanların hansısa yanlış addımından İslam əleyhinə olan qüvvələr istifadə edəcəklər. Qərbdə islamofobiya sanki nəsildən-nəsilə ötürülən ənənədir”, - deyə ilahiyyatçı bildirib.

Geri qayıt