Əsas Səhifə > Dünya > Türkiyədə “əl-Qaidə”yə qarşı

Türkiyədə “əl-Qaidə”yə qarşı


14-01-2014, 13:18
Türkiyədə “əl-Qaidə”yə qarşı
Türkiyənin antiterror polisi bu gün səhər saatlarında eyni vaxtda 6 bölgədə “əl-Qaidə” beynəlxalq terror şəbəkəsinin üzvlərinə qarşı böyük əməliyyat keçirib.

Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, əməliyyatda çoxlu sayda şübhəlinin saxlanıldığı bildirilir. Əməliyyat Van, Kilis, Adana, İstanbul, Qaziantep və Kayseridə keçirilib.

Eyni vaxtda həyata keçirilən əməliyyatda atışma riski ilə bağlı fövqəladə təhlükəsizlik tədbirləri görülüb, “Sikorsky” tipli vertolyotlar hər an havaya qalxmaq üçün hazır vəziyyətdə gözləyib. Əməliyyat zamanı bir çox şübhəlilərin qaçdığı bildirilir.

Əməliyyatda “əl-Qaidə”nin Yaxın Şərqdə ikinci adamı kimi tanınan İbrahim Şenin və terror şəbəkəsinin Türkiyədəki özəklərinin koordinatoru olan Halis Bayancukun da yaxalandığı xəbər verilir. “əl-Qaidə”nin Yaxın Şərq üzrə keçmiş rəhbəri Habib Akdaşın ABŞ polisi tərəfindən öldürülməsindən sonra Türkiyə vətəndaşı olan İbrahim Şenin terror təşkilatının özəklərini toparladığı və onların rəhbərliyinə keçdiyi deyilir.

Məlum olub ki, İbrahim Şen vaxtilə ABŞ tərəfindən həbs olunub və Quantanamo həsbxanasında yatıb, onun Suriyanın Türkiyə ilə sərhədinə yaxın yerləşən “əl-Qaidə” düşərgələrinə nəzarət etdiyi haqda məlumat var. İbrahim Şen Quantanmodan buraxıldıqdan sonra Amerika təyyarəsi ilə İncirlik bazasına gətirilərək orada Türkiyə tərəfinə təhvil verilmişdi. Türkiyə məhkəməsi onun “əl-Qaidə” tərkibindəki fəaliyyətinə görə barəsində 6 il 3 ay həbs cəzası kəsib. Lakin maraqlıdır ki, terrorçu məhkəmə qərarından şikayət verdiyi üçün azadlıqda qalıb.

Xəbərə görə, son əməliyyatda həbs edilənlər Türkiyəyə 15 nəfərlik qruplar halında döyüşçülərin göndərilməsini təşkil edib, Əfqanıstan, Pakistan kimi ölkələrdən “əl-Qaidə”çilərin Suriyaya keçidini təmin ediblər. Həmçinin onlar zəkat adı altında ticarətçilərdən pul yığaraq Suriyadakı “əl-Qaidə”çilərə göndərib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə qaynaqları İHH adlı təşkilatın Kilis şöbəsində axtarış aparıldığını xəbər vermişdilər. Görünür, bu əməliyyat da “əl-Qaidə”yə qarşı aparılmış əməliyyatın tərkib hissəsi olub.

Geri qayıt