Əsas Səhifə > Dünya > Kreml Paşinyandan QORXDUMU?

Kreml Paşinyandan QORXDUMU?


11-01-2023, 08:27
Kreml Paşinyandan QORXDUMU?
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun İrəvan üçün təhlükəsizlik təhdidləri yaratdığını bildirib. Paşinyan növbəti dəfə Moskvanı ittiham edərək, Kremlin regionda baş verənlərə, xüsusən Laçın yolundakı aksiyaya susqunluq nümayiş etdirməsindən gileylənib: "Rusiyalı həmkarlarımızın diqqətini bu fakta cəlb edirik.

Onların susqunluğu fonunda belə çıxır ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu nəinki respublikanın təhlükəsizliyinə təminat vermir, əksinə, onun təhlükəsizliyinə təhdiddir”. Baş nazir qeyd edib ki, Moskva öhdəliklərini yerinə yetirə bilmir: "Əgər Rusiya obyektiv və ya subyektiv səbəblərdən öhdəlikləri yerinə yetirə bilmirsə, Qarabağdakı sülhməramlı qüvvələrinə beynəlxalq mandat vermək üçün, yaxud yeni çoxmillətli sülhməramlı missiyanı Qarabağa göndərmək barədə BMT TŞ-yə müraciət etməlidir”.

DİA.AZ bildirir ki, Paşinyanın açıqlamasını "Şərq"ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev dünyada yaşayan olaylara diqqət çəkib. Ekspert bildirib ki, qlobal problemlərlə yanaşı, 2023-cü ilə Ukrayna-Rusiya genişmiqyası müharibəsi ilə daxil olduq: "Dünyanın qayğıları artıb. Suriya, İraq və Əfqanıstanda sülh təmin olunmayıb. Fələstin problemi olduğu kimi qalır. Azərbaycan-Ermənistan arasında, daha doğrusu, Qarabağda problemin həll olunduğu sazişlə təsbit edilsək də, reallıq odur ki, problem qalmaqdadır. Bunu etiraf etməliyik. Məhz bizim razılığımızla bölgəyə yerləşdirilən Rusiya hərbi kontingenti üzərinə düşən öhdəliyi yerinə yetirmir. Eyni ittihamla Ermənistan tərəfi də çıxış edir. Əslində belə bir vəziyyət və mövcud durum Rusiya tərəfindən növbəti status-kvonun saxlanmasına cəhddir. Ermənistan çox gözəl anlayır ki, Azərbaycan Qarabağ ermənilərinə heç bir hüquqi status tanımayacaq. Ona görə də Qarabağda vəziyyət İrəvanı qismən qane edir. Lakin Laçın yolundakı aksiyanın davam etməsi və gələcəkdə sərhəd xidmətinin yaradılması barədə müzakirələr erməni tərəfini narahat etməyə bilməzdi. Ancaq Paşinyanın, hökumət üzvlərinin Rusiya ordusunun Ermənistandan çıxarılması tələbi riyakarlıqdır".
V.Əfəndiyev hesab edir ki, rusların Gümrü hərbi bazasını tərk etməsi Ermənistanın asılılığını azaltmayacaq: "Ermənistan Rusiyaya olan borclarını qaytarmalıdır. Bu ölkənin bütün həyati sektorları Rusiyaya məxsus şirkətlər tərəfindən ya satın alınıb, ya da uzunmüddətli icarədədir. Rusların bölgəni tərk etməsi iki halda mümkün ola bilər. Ya Rusiya Ukrayna qarşısında tam məğlub olaraq parçalanmalıdır ki, indiki şəraitdə bu, mümkün görünmür. Ya da hansısa superdövlət Rusiyanın borclarını qarşılamaqla Ermənistanı himayəsinə götürür. Ən böyük ehtimal həmin dövlət Fransa ola bilər. Amma fransızların erməniləri qaza gətirməsinə və bu ölkədə böyük diasporaları olmasına baxmayaraq, rəsmi Paris belə bir addım atmaz. Çünki bölgədə Türkiyə reallığı da var. İrəvan hökuməti dərk etməlidir ki, Türkiyə və Azərbaycanla münasibətləri tam normallaşdırmayana qədər Rusiyaya qarşı çıxmaq gücündə olmayacaq. Rusiyanın ermənilərin bütün etirazlarına rəğmən, susqun və təmkinli davranması Kremlin reallıqları bilməsi səbəbindəndir".

Geri qayıt