Əsas Səhifə > Dünya > Gürcüstan bu gün: Qərbə nifrət siyasəti, qanunsuz izləmələr, təqiblər, təzyiqlər…
Gürcüstan bu gün: Qərbə nifrət siyasəti, qanunsuz izləmələr, təqiblər, təzyiqlər…28-12-2022, 15:21 |
Gürcüstan ictimai-siyasi gündəminin əsas mövzusu hazırda məhkumluq həyatı yaşayan sabiq Prezident Mixail Saakaşvilidir. Həbsdə olduğu müddətdə uzunmüddətli aclıq aksiyası keçirən, sahhətində ciddi problemlər yaranan Saakaşvili indi ölüm təhlükəsi ilə üz-üzədir. Tərəfdarları, onun azadlığa buraxılmasını, həkimləri təcili normal müalicə almadığı təqdirdə öləcəyini, vəkilləri isə ədalətli məhkəmə keçirilməsini, müalicə alması üçün azadlığa çıxarılmasını istəyir və tələb edirlər. Hakimiyyət qurumları isə sabiq Prezidentlə qanun çərçivəsində davranıldığını bildirir. Hakimiyyətdə olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası Mişa ilə bağlı onlara yönələn ittihamları qəbul etmir. Qeyd edək ki, Saakaşvili Gürcüstanda Sandro Qirqvlianinin ölümü ilə bağlı səs-küylü işdə və keçmiş deputat Valeri Qelaşvilinin döyülməsində təqsirli bilinənləri əfv etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmlər Saakaşvili Gürcüstandan kənarda olarkən qiyabi olaraq verilib. Büdcə vəsaitlərinin mənimsənilməsi, etiraz aksiyasının dağıdılması və 2007-ci ilin noyabrında “İmedi” telekanalına müdaxilə ilə bağlı işlərə isə baxılır. Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə də ittiham olunur. Xatırladaq ki, sabiq Prezident 2021-ci ilin payızında keçirilən bələdiyyə seçkilərinin birinci turuna az qalmış gizli şəkildə Gürcüstana qayıdıb. Bundan sonra Saakaşvili saxlanılıb və həbs edilib. Sabiq dövlət başçısının səhhəti həbsxanada keçirdiyi iki aclıq aksiyasından sonra pisləşib. Saakaşvili hazırda Tbilisidəki klinikalardan birində mühafizə altında müalicə olunur. Onun müalicə alması, müvəqqəti də olsa azadlığa çıxması üçün məhkəməyə müraciətinə baxılır. Artıq iki məhkəmə prosesi keçirilib, amma hələlik müsbət qərar verilməyib. Beynəlxalq ictimaiyyətdən Gürcüstan hakimiyyətinə çağırışlar var. Lakin ekspertlər bu çağırışların yetərli olmadığı qənaətindədirlər. Gürcü cəmiyyətinin də sabiq Prezidentin müdafiəsi ilə bağlı aktivliyi hiss olunmur. DİA.AZ bildirir ki, Saakaşvili ətrafında cərəyan edən proseslərlə bağlı AYNA-nın suallarını Gürcüstandakı azərbaycanlı ictimai-siyasi fəal Samirə Bayramova cavablandırıb. Deyib ki, Saakaşvilinin durumu həqiqətən də çox acınacaqlıdır: - Keçmiş Prezidentin son görüntülərini bütün dünya izlədi və artıq şübhə yoxdur ki, onun vəziyyəti son dərəcə ağırdır. Mütəxəssislər də qeyd edirlər ki, onun həyatına ciddi təhlükə var və mütləq bu şəxs normal şərait altında müalicə almalıdır. Əlbəttə ki, Gürcüstan cəmiyyəti onun dövründə baş verən hadisələri, cinayətləri unutmayıb. Hansı ki, Saakaşvili bunlara görə birbaşa məsuliyyət daşıyır. Hazırda bir çox QHT-lər, təşkilatlar onun müalicə alması üçün normal şərait yaradılmasını istəyir. Eyni zamanda, ictimaiyyət səhhəti tam normallaşandan sonra azad və ədalətli məhkəmə prosesinin keçirilməsini istəyir. O demək deyil ki, Saakaşvilinin tam şəkildə azad olunması tələb olunur. Əlbəttə, onun dövründə baş verən cinayətlər ciddi araşdırılmalı, əli olduğu cinayətə görə sabiq Prezident cəzasını almalıdır. Amma yenə deyirəm, bu, ədalətli məhkəmə prosesi ilə həyata keçirilməlidir. Gürcü cəmiyyətinin tələbi budur. - Gürcü cəmiyyətində sanki susqunluq da var, aktivlik hiss olunmur. Saakaşvilinin qurucusu olduğu Milli Hərəkat Partiyası fəalları da liderlərinin müdafiəsində aktiv deyillər... - Son dövrlərdə təəssüf ki, Gürcüstanda insan hüquqları, demokratiya səviyyəsi aşağı düşüb. Bu, cəmiyyətə də öz təsirlərini göstərməkdədir. Artıq ölkədə oliqarxiya sistemi yaranıb. Dövləti və cəmiyyəti bir oliqarx idarə edir. Sistem, idarəçilik ictimai fəallığa da mənfi təsir göstərir. Diktatura və oliqarxiya sistemi ilə ölkənin bütün strukturlarının fəaliyyətinə ciddi təsirlər mövcuddur. Hüquq-mühafizə sistemində də, polis sistemində də ciddi çöküş var. Ümumiyyətlə, Gürcüstanda belə bir fenomen yaranıb: “Milli hərəkatçılar” ölkənin düşmənidirlər, ölkəni məhvə aparmaq istəyirlər, müharibəyə sürükləyirlər. Hakimiyyət belə bir illüziya yaradıb. Bu, məqsədli şəkildə həyata keçirilir. Əvvəllər siyasi aktivlik mövcud idi, aksiyalar keçirilirdi. Təəssüflər olsun ki, “Gürcü arzusu” nə cəmiyyəti, nə də beynəlxalq korpusu, xarici təşkilatları vecinə alır. Hakimiyyət demək olar ki, bütün çağırışları, bəyanatları qulaqardına vurur. Müəyyən qədər aktiv siyasi proseslər baş versə də, aksiyalar keçirilsə də, bunlar nəticəsiz qalır. Çünki yenə deyirəm, daxildəki aksiyalar, xaricdən gələn çağırışlar, təzyiqlər “Gürcü arzusu” tərəfindən birmənalı şəkildə iqnor edilir. İkinci məsələ isə Saakaşvilinin lideri olduğu partiyanın daxilindəki problemdir. Hazırda Vahid Milli Hərəkat Partiyasına yeni sədr seçilməsi prosesi gedir. Bu səbəbdən partiyadaxili gərginlik, çəkişmə ab-havası, qarşıdurmalar mövcuddur. Bu, Saakaşvilinin hüquqları ilə bağlı daha təsirli addımlar atılmasına mənfi təsir göstərir. Eyni zamanda, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti ölkədə hər şeyi ciddi şəkildə nəzarətə götürüb. İctimai-siyasi proseslər, insanlar təqib edilirlər, qanunsuz izləmələr, dinləmələr pik həddə çatıb. Təbii ki, bu amillər prosesə təsirlərini göstərir. - Görünən odur ki, vaxtilə Saakaşviliyə dəstək göstərən Qərb də aktiv deyil. Bəzi bəyanatları çıxmaq şərti ilə Gürcüstan hakimiyyətinə təsirli çağırışlar müşahidə edilmir. Bunun səbəbləri nədir? - “Gürcü arzusu”nun rəhbərliyi tərəfindən Qərb təşkilatlarına qarşı ciddi aqressiya var. Hakimiyyət bu aqressiyanı açıq şəkildə göstərir. Hətta deyərdim ki, “Gürcü arzusu” Qərb qurumlarına qarşı “soyuq müharibə” aparır. Gürcüstandakı diplomatik korpuslar, təşkilatlar çalışırlar ki, vəziyyəti bir qədər stabilləşdirsinlər. Beynəlxalq təşkilatlar istəmirlər ki, hakimiyyətlə konflikt yaşansın. Buna baxmayaraq, hakimiyyət demək olar ki, Qərbə qarşı nifrət dilindən istifadə edir, liberallığı tənqid edir, faydasızlığı haqqında təbliğat aparır. Təbii ki, bunlar proseslərə təsirini göstərir. Belə deyək, Qərb təşkilatları, səfirliklər təzyiqlərlə üzləşir. Onlar özlərini Gürcüstanda ayaqda qalmağa çalışırlar. Eyni zamanda, çağırışların hakimiyyət tərəfindən iqnor olunması xarici təşkilatların hərəkətlərini məhdudlaşdırır. - Gürcüstan Dövlət İnspektor Xidməti Saakaşvilinin müdafiəsinə çağırış edirdi. Sonradan bu qurum ləğv edildi, deyəsən… - Bəli, ləğv edildi. Gürcüstanda “Xalq müdafiəçisi”nin və İnspektor Xidmətinin rəhbəri Saakaşvilinin həbsi, onun səhhətinə biganəliklə bağlı hakimiyyətə müraciət ünvanlamışdı, məsələni tənqid etmişdi, qınamışdı. Bu qurumlar Saakaşvili ilə bağlı ədalətli məhkəmə tələb edirdilər. Bundan sonra hər iki qurum hakimiyyətin təzyiqinə məruz qaldı. Sonda Dövlət İnspektor Xidməti barəsində qeyri-qanuni addım atıldı, qurum ləğv edildi və başqa bir idarənin tərkibinə daxil edildi. Bu, İnspektor Xidmətinin bir növ cəzalandırılması addımı idi. Həmçinin “Xalq müdafiəçisi”nin rəhbərliyinə güclü təzyiqlər olunur və bu, davam etməkdədir. Yəni ki, kimlər Saakaşvilinin müdafiəsi ilə bağlı təşəbbüslə çıxış edirsə, onlar təzyiqlərə məruz qoyulur. Onu da qeyd edim ki, Gürcüstanda 500-dən artıq ictimai fəal qadın Gürcüstan Prezidentinə Saakaşvili ilə bağlı müraciət edib. Burada siyasi, mədəni və digər bütün sektordan olan qadınların imzası var. Azərbaycanlı olaraq da mən müraciətə imza atmışam. Biz Saakaşvilinin məhkəməsinin ədalətli keçirilməsini tələb etmişik. Geri qayıt |