Əsas Səhifə > Dünya > “Türkiyə yeganə ölkədir ki, Rusiya ilə Ukraynanı bir araya gətirə bilir”

“Türkiyə yeganə ölkədir ki, Rusiya ilə Ukraynanı bir araya gətirə bilir”


25-08-2022, 10:26
“Türkiyə yeganə ölkədir ki, Rusiya ilə Ukraynanı bir araya gətirə bilir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qısa videosu yayılıb. Videoda Prezidentdən Ukrayna Prezidenti Volodimir Zelenskinin vəziyyəti haqqında sual verilir. Ərdoğan isə cavabında “çox dərdlidir” deyə bildirir. Bunun səbəbi kimi Türkiyə lideri Ukraynanın əsas tərəfdaşlarının – Qərbin verdiyi sözlərə əməl etmədiyinə işarə edir.

Türkiyənin Ukrayna məsələsində maraqlı mövqeyindən biri isə avqustun 23-də onlayn keçirilən Krım Platformasında Ərdoğanın videoçıxışındakı sözləridir. Türkiyə lideri çıxışında Krımın Ukraynaya qaytarılmalı olduğunu bildirir. Məlumdur ki, Ankara ilə Moskva arasında münasibətlər heç də pis deyil. Hətta Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində Ankaranın ciddi vasitəçiliyi mövcuddur. Bu baxımdan, Ankaranın belə mövqeyinin proseslərin gedişinə hansı təsir göstərəcəyi maraqlıdır. dia-az.life xəbər verir ki, mövzu ətrafında AYNA-nın suallarını cavablandıran Türkiyənin Ankara Universitetinin professoru, azərbaycanlı politoloq Toğrul İsmayıl Türkiyənin ilk gündən – hələ 2014-cü ildən Ukraynanın yanında olduğunu deyib:

- Ankaranın tutduğu siyasi mövqe açıq və dəqiqdir. Türkiyə Ukraynanın suverenliyini qəbul edir, ərazi bütövlüyünü tanıyır və bunun bərpa olunmasını istəyir. Çünki Ukraynanın ərazi bütövlüyünün pozulması beynəlxalq hüquqa da, dövlətlərarası münasibətlərin tənzimlənməsi qanunlarına da ziddir. Bu ilin 24 fevralından əvvəl də Türkiyə müharibənin başlamasını istəmədiyini bildirmişdi. Müharibənin olmaması üçün Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə çalışdı, bunun üçün bir çox addımlar atdı. Müharibə başladıqdan sonra da bunun dayanması üçün vasitəçilik missiyasını davam etdirdi, indi də etdirməkdədir. Amma təkrar edirəm: Ukraynanın ərazi bütövlüyü məsələsi müzakirə mövzusu deyil. Ankara birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

- Vasitəçilik demişkən, Rusiya-Ukrayna rəsmilərinin ilk təmaslarını da Türkiyə təşkil etdi...

- Bəli, ilk yüksək səviyyəli görüş Antalya forumunda baş tutdu. Ankara Rusiya və Ukrayna xarici işlər nazirlərini bu forumda bir araya gətirə bildi. Eyni zamanda, Türkiyə Prezidentinin birbaşa vasitəçiliyi ilə rusiyalı və ukraynalı rəsmi heyətlər arasında İstanbulda çox ciddi görüş keçirildi. Ümidlər yaranmışdı ki, atəşkəs olacaq, sülhə doğru ilkin addım atılacaq. Əfsuslar olsun ki, bu, baş vermədi. Amma nəzərə almaq lazımdır ki, bir çox məsələlər Türkiyədən asılı deyil. Türkiyə Prezidentinin də bu barədə açıqlamaları var. Hörmətli Ərdoğan bildirir ki, bütün dünya bu məsələdə aktiv rol almalıdır.

- Görünür ki, Ukraynanın tərəfdaşları sülhdə maraqlı deyil. Ərdoğanın Ukrayna Prezidenti ilə görüş barədə danışarkən, Zelenski haqqında “çox dərdlidir, verilən sözlər yerinə yetirilmir” ifadəsi də var...

- Türkiyə birinci gündən bunu deyir ki, Qərb ölkələri, xüsusilə, ABŞ Ukraynaya çox vədlər verərək, əslində Ukraynanı bir növ Rusiya kimi güclü düşmənlə baş-başa qoydu. Bunun nəticəsində də Rusiya Qərbə, ABŞ-a verilməli olan cavabı bilavasitə döyüş meydanında Ukraynaya işğalçı hücum etməklə, ərazilərini işğal etməklə vermiş oldu. Problemin yaranmasının səbəbkarı təkcə Rusiya yox, həm də Qərbin məsuliyyətsizliyidir. Qərb öhdəliklərini yerinə yetirmədi. Bu səbəbdən də diqqət etsəniz, görərsiniz ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmur. Çünki müharibənin başlamasının səbəblərindən biri də Qərbin məsuliyyətsizliyidir. Ukraynaya vədlər verib, amma onları yerinə yetirməyib.

- Yəni ki, Türkiyənin əsas istəyi tezliklə atəşkəsin olması, sülhün yaranmasıdır...

- Rəsmi Ankara mövqeyində sabitdir və bəyanat da verib ki, sülhdən yanadır. Bu mövqeyində də hansısa dəyişiklik yoxdur. Türkiyə dünyada qida qıtlığının önlənməsi üçün vasitəçilik etdi, nəticədə “taxıl dəhlizi”nin yaradılması istiqamətində ciddi addım atıldı. Bununla bağlı təxribatlar varmı? Əlbəttə! Provokasiyalar olacaq, amma əsas olan ciddi addımın atılması idi ki, artıq Ukrayna taxılı daşınmaqdadır. Ərdoğanın Soçi səfərini, Putinlə görüşünü də diqqətdən qaçırmamaq lazımdır. Türkiyə Prezidenti Soçidə təkcə Türkiyə-Rusiya münasibətlərini yox, eyni zamanda, Ukrayna məsələsini də müzakirə etdi.

- Və Ərdoğan Lvovda Zelenski ilə də görüşdü...

- Bəli, bu, vasitəçilik missiyası ilə atılan addımlardır. Türkiyə Prezidenti Rusiya və Ukrayna liderlərinin təkbətək görüşməsini, müharibənin dayandırılması istiqamətində razılaşmasını istəyir. Bunun üçün də vasitəçiliyə hazır olduğunu bildirir. Təbii ki, asan deyil. Çünki Ukraynanın da ritorikası dəyişib. Əvvəl ehtiyatlı bəyanatlar verən Zelenski Lvov görüşündə Krımın da geri qaytarılmasını tələb etdi və ondan sonra danışıqlara razı olduğunu bildirdi. Təbii ki, bu, ABŞ-ın və Qərbin Zelenskiyə verdiyi vədlərin nəticəsində dəyişən ritorikadır. Əlbəttə, Rusiyanın bunu qəbul etməsi çətindir.

- Krım demişkən, Türkiyə Prezidentinin Krım Platformasındakı videoçıxışında “Krım Ukraynaya qaytarılmalıdır” ifadəsi var...

- Əvvəldə də dediyim kimi, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ankara üçün bu mövqe dəyişməyib. Əminəm ki, Türkiyə sülh üçün vasitəçilik missiyasını davam etdirəcək. Çünki Ukrayna Türkiyənin dəniz qonşusudur, regiondakı proseslər hər bir ölkəyə təsir göstərir. Eyni zamanda, Türkiyə ilə Rusiya arasında yaxşı münasibətlər var. Moskva ilə Ankara arasında hansısa gərginlik yarananda tərəflərin bunun dinc şəkildə aradan qaldırması təcrübəsi var. Türkiyə bu gün dünyada yeganə ölkədir ki, həm Rusiya ilə, həm də Ukrayna ilə təmaslar qura, müzakirələr apara bilir. Hətta tərəfləri bir araya gətirə bilir. Bu səbəbdən də Türkiyə diplomatik vasitəçilik missiyasını üzərinə götürüb. Amma yenə deyirəm, hər şey Türkiyədən asılı deyil. Qərb ölkələrinin də sülhə doğru yanaşması vacibdir.

Geri qayıt