Əsas Səhifə > Dünya > Azərbaycanda Türkiyə ilə bağlı yanlış dəyərləndirmə var:

Azərbaycanda Türkiyə ilə bağlı yanlış dəyərləndirmə var:


19-08-2022, 17:28
Azərbaycanda Türkiyə ilə bağlı yanlış dəyərləndirmə var:
Türkiyədə Prezident seçkiləri 2023-cü il iyunun 18-də baş tutacaq. Bu barədə ədliyyə naziri Bekir Bozdağ açıqlama verib: “Bu seçkilər Prezident Rəcəb Tayyib Ərdoğanın namizəd olacağı ikinci seçkilər olacaq”.

Qeyd edək ki, gələn il Türkiyədə həm də parlament seçkiləri keçiriləcək. Seçkilər qardaş ölkədə olduğu kimi, Azərbaycanda da maraqla izlənilir. Bəzi sosioloji sorğu mərkəzləri qarşıdakı seçkilərdə müxalif namizədin qalib gələcəyini açıqlasa da, əks qənaətdə olanlar, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanı müdafiə edənlər “Cümhur İttifaqı”nın qələbə qazanacağını söyləyənlərin də sayı az deyil.

Bir müddət əvvəl hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndələri ilə görüş zamanı qarşıdakı seçkiləri şərh edən Ərdoğan bildirmişdi ki, 2023-cü ildə keçiriləcək seçkilər Türkiyənin həyatında vacib rol oynayacaq: “2023-cü il seçkiləri Ərdoğan və AKP üçün deyil, Türkiyə üçün önəmlidir. Türkiyənin dünyanın ən inkişaf etmiş on ölkəsi arasına daxil olub-olmaması xalqın seçimindən asılı olacaq”.

Ekspertlərin qənaətincə, gələn il keçiriləcək seçkilər Ərdoğan hökumətinin qələbəsi üçün heç də asan olmayacaq. Çünki ölkədə iqtisadi vəziyyət ürəkaçan deyil, inflyasiya sosial vəziyyəti ağırlaşdırıb. Bundan müxalifət səmərəli istifadə edə bilərsə, AKP-dən iqtidarı ala bilər.

Əsas müxalifət qüvvə isə Cümhuriyyət Xalq Partiyası (CHP) və onun müttəfiqi, millətçi kəsimin bir hissəsini ətrafında birləşdirmiş İYİ Partiyanın yaradacağı gözlənilən blokdur. Düzdür, müxalifət hələlik prezidentliyə namizədinin kimliyini açıqlamayıb, amma Ərdoğana rəqib ola biləcək simalar mövcuddur. Bu similar arasında daha çox CHP lideri Kamal Kılıcdaroğlu ilə yanaşı, Ankara bələdiyyəsinin sədri Mansur Yavaşın və İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun adı hallanır. Dia.az-ın məlumatın agörə, uzun illərdir Türkiyədə yaşayan azərbaycanlı ictimai-siyasi xadim Aqil Səmədbəyli gələn il keçiriləcək seçkilərlə bağlı AYNA-nın suallarını cavablandırıb:

- Mənz 1991-ci ildən Türkiyədəyəm. O zaman mərhum liderimiz Əbülfəz Elçibəy Azərbaycan Xalq Cəbhəsinin lideri olarkən Ankaradakı Azərbaycan Kültür Dərnəyi ilə Təhsil Nazirliyi arasında razılaşma oldu və 50 nəfər təhsil alması üçün Türkiyəyə göndərildi. AXC özü ədalətli imtahan keçirdi və 50 nəfəri seçib oxumağa yolladı. Mən indiki Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakultəsinin üçüncü kursunu bitirmişdim. Buna baxmayaraq, Türkiyədə təhsil almaq həvəsim o qədər çox idi ki, hər şeyi buraxıb, Türkiyəyə təhsil almaq üçün gəldim. Bunları ona görə deyirəm ki, 1991-ci ildən etibarən Türkiyənin ictimai-siyasi proseslərini yaxından izləyirəm. 1999-cu ilədək burada təhsil aldım, eyni zamanda fəal şəkildə ictimai-siyasi fəaliyyətlə məşğul olmuşam. Bir az iddialı da olsa, deməliyəm ki, Türkiyə haqqında Azərbaycanda üç nəfər bilirsə, onlardan biri mənəm.

Gələn il Türkiyənin taleyi üçün önəmli seçimlər olacaq. Bəri başdan onu deyim ki, bəzi bölgələrdəki qanun pozuntularını nəzərə almasaq, ümumilikdə, burada çox demokratik seçkilər keçirilir. Türkiyədə seçkiləri total şəkildə saxtalaşdırmaq qeyri-mümkündür. Çünki burada oturuşmuş seçki sistemi var, seçki əxlaqı var və bunu kökündən dəyişdirmək çətin məsələdir. Seçkilərin gələn il keçiriləcəyini nəzərə alsaq, bu, çox böyük müddətdir. Siyasətdə bir ay da çox önəmli zamandır. Bir ay ərzində elə hadisələr baş verə bilər ki, ictimai rəy ən az 30 faiz dəyişə bilər. 30 faiz isə seçkilərin taleyini ciddi şəkildə dəyişə biləcək rəqəmdir. Ona görə də indidən "Türkiyədəki seçimləri hansı qüvvə qazanacaq?" sualına dəqiq cavab vermək çətindir. Eyni zamanda, bu suala indidən cavab versək, bir qədər tələskənliyə yol vermiş olarıq. Hazırda dünyada da ciddi və maraqlı proseslər gedir.

Sadəcə onu deyə bilərəm ki, həmişəki kimi, 2023-cü il seçkiləri də ədalətli olacaq. Mən bir çox seçkidə olmuşam, şəxsən müşahidə etmişəm. Dünyanın özünə demokratik deyən ölkələrindəki seçkilərlə müqayisədə belə, Türkiyədəki seçimlər daha şəffaf və ədalətli olur. Yenə deyirəm, burada oturuşmuş seçki sistemi, ənənəsi var ki, bunu kökündən dəyişdirmək heç bir siyasi qüvvənin imkanı daxilində deyil. Türk milləti ədalətli millətdir və ədalət prinsipinə hər zamankı kimi əməl ediləcək.

- Ərdoğanın yenidən qalib gəlmək şansı nə qədərdir?

- Ərdoğan Türkiyə siyasi həyatında artıq öz möhürünü vurmuş bir siyasi liderdir. O, tarixə düşüb. Təbii ki, rəqibləri Ərdoğanı mənfi yöndən, tərəfdarları müsbət yöndən dəyərləndirirlər. Amma bu, bir gerçəklikdir ki, 2002-ci ildən bu yana Ərdoğan Türkiyədə liderliyi əlində saxlayır. Təkcə Türkiyədə yox, dünyada sayılıb-seçilən beş liderdən biri Ərdoğandır. Onu kimin sevib-sevməməsindən asılı olmayaraq, bu, gerçək faktdır.

Hesab edirəm ki, Ərdoğanın apardığı siyasət Azərbaycanda bir çox hallarda yanlış dəyərləndirilir. Bir çox həmvətənimiz elə düşünür ki, Türkiyənin siyasətini təkbaşına Ərdoğan müəyyənləşdirir. Bu, heç də elə deyil. İnstitutlar var ki, işləyirlər və onlar rəylər hazırlayırlar. Ərdoğan da onların hazırladığı konsepsiyanı uğurla həyata keçirir. Bu baxımdan, Ərdoğan hələ də Türkiyə siyasi həyatında bir nömrəli lider olmağa davam edir. Amma yenə də deyirəm, siyasətdə bir ayın böyük hökmü var. Seçkilərə qədər proseslərin gedişatını izləmək lazımdır. Seçimlərə az qalmış fikir bildirmək olar ki, Ərdoğanın vəziyyəti necədir, seçkiləri hansı qüvvənin qazanmaq imkanı daha çoxdur.

- Türkiyədə sosial vəziyyət ağırlaşıb. Bu amilin seçkilərə mənfi təsir edəcəyi, daha doğrusu, Ərdoğanın qalibiyyət şansını azaltdığı deyilir…

- Təbii ki, son bir ildə Türkiyədə sosial vəziyyət ağırlaşıb, qiymətlərdə ciddi artım müşahidə edilir. Bahalaşma çox ciddidir. Bu, siyasi proseslərə təsir edən amildir. Amma mən başqa bir məsələni deyim: Azərbaycandan iki gündür qayıtmışam. Bir az əvvəl marketdən alış-veriş edərkən qiymətləri Azərbaycandakı qiymətlərlə müqayisə etdim. Azərbaycan xalqı üçün ürəyim ağrıdı. Çünki ölkəmizdə qiymətlər dəhşətli dərəcədə artıb. İndi Türkiyədə orta səviyyəli marketdən normal kərə yağı aldım - kilosu 10 manata. Şaftalının kilosunu 80 qəpikdən aldım. Yəni ki, müqayisə olunacaq çox məsələlər var və hamısında Azərbaycan Türkiyədən geridədir. Qiymətlər ölkəmizdə maaşa adekvat deyil.

Əlbəttə, dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi-sosial vəziyyətini Türkiyə ilə müqayisə etdikdə, Türkiyədə vəziyyət kifayət qədər ağırdır. Amma Azərbaycanla, digər postsovet ölkələri ilə müqayisədə Türkiyənin vəziyyəti normaldır. Bu qədər əhali sayına baxmayaraq, beş milyondan artıq qaçqın-köçkünə ev sahibliyi etməsinə baxmayaraq, Türkiyənin vəziyyəti bizim ölkənin vəziyyətindən yaxşıdır. Təbii, sosial vəziyyətin ağırlığı seçkilərə, seçicilərin yanaşmasına müəyyən qədər təsir edir. Ümumilikdə isə Türkiyədə sosial vəziyyətin dözülməz olduğunu deməyə də əsas yoxdur.

- Ərdoğan seçkiləri uduzacağı təqdirdə ölkədə qarşıdurmaların baş verəcəyi ehtimalı nə qədərdir?

- Bu fikirlə razı deyiləm. Təbii ki, müəyyən narazılıqlar, gərginliklər yaşana bilər. Lakin ciddi qarşıdurmadan söhbət gedə bilməz. Çünki Türkiyə cəmiyyəti məsələlərə ədalətli yanaşmağı bacarır, seçki sisteminə inanır. Məsələlərə obyektiv qiymət verməyi bacaran cəmiyyət qalibi, necə deyərlər, təbrik edəcək. Düzdür, seçkini uduzanın tərəfdarlarının bir qismi daha aqressiv yanaşma ortaya qoya bilər, seçkinin saxtalaşdırıldığı iddiası ilə çıxış edə bilər. Amma bu, ümumi nəticəyə təsir göstərmir.

- Məlumdur ki, Ərdoğan hakimiyyəti Türkiyənin qlobal güc olması uğrunda siyasət aparır. Türkiyə cəmiyyətini bu amil maraqlandırır, yoxsa sosial-iqtisadi durum?

- Türkiyədə təbii ki, əhalinin böyük əksəriyyəti qlobal siyasət haqqında, qlobal güc olmaq haqqında düşünmür. Bu, dünyanın bütün ölkələrinin cəmiyyətlərinə xas xüsusiyyətdir. Əlbəttə, hər yerdə olduğu kimi, Türkiyədə də əhali öz cibini, sosial rifahını, iqtisadi vəziyyətini düşünür və haqlı olaraq, yaxşı yaşamaq istəyir. Az bir kəsim qlobal siyasətlə maraqlanır və ölkəsinin gələcəyini, böyük güc olmasını istəyir, bunun üçün mübarizə aparır. Onlar da əsasən siyasilər və aydınlardır. Böyük əksəriyyət isə dediyim kimi, iqtisadi vəziyyətini nəzərə alır, proseslərə qiymət verərkən yaşamına baxır. Sandıq başına gedərkən də vəziyyətinə baxır və səs verir. iqtisadi vəziyyət seçkilərdə həlledici rol oynayacaq. Əlbəttə, Ərdoğan hakimiyyəti bunun fərqindədir. Ona görə də sosial vəziyyəti düzəltmək üçün, inflyasiyanın fəsadlarının aradan qaldırılması üçün addımlar atır. Bu yaxınlarda minumum əməkhaqqı 4250 lirəyə yüksəldildi ki, bu, Azərbaycan manatı ilə 400 manatdan bir az çox edir. Bizim ölkə ilə müqayisə edək: sərvətləri olan Azərbaycanda minumum əməkhaqqı nə qədərdir, 80 milyon əhalisi və 5 milyondan çox qonağı olan Türkiyə hökuməti nə qədər əməkhaqqı verir?!

- Türkiyə Azərbaycanın qardaş ölkəsi və ən yaxın müttəfiqidir. Ərdoğan hakimiyyəti dövründə bu müttəfiqlik ən güclü hala gəlmiş oldu. AKP hakimiyyətdən gedərsə, münasibətlərdə hansısa dəyişiklik ola bilərmi?

- Azərbaycan vətəndaşı olaraq istəyirik ki, Türkiyədə kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycanla dostluq, qardaşlıq, strateji tərəfdaşlıq siyasəti davam etsin, Türk Dövlətləri Təşkilatı daha da inkişaf etsin, türklərin inteqrasiyası, birliyi möhkəmlənsin. Türk dövlətlərinin iqtisadiyyatının bir-birinə inteqrasiyasının güclənməsinin tərəfdarıyıq. Eyni zamanda, Türkiyənin güclü olmasını arzulayırıq. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da, digər türk dövlətləri də o qədər güclü olacaq. İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycan üçün nə qədər önəmli ölkə olduğunu gördük. Azərbaycanın haqlı mövqeyinə Türkiyənin nə qədər dəstək verdiyini müşahidə etdik. Türkiyədə gələn il keçiriləcək kritik seçkilər, əlbəttə, bizi maraqlandırır. Çünki bu seçkilər həm Azərbaycanın gələcəyi baxımından əhəmiyyətlidir, həm də təcrübə kimi əhəmiyyətlidir. Seçki sistemi oturuşmayan, formalaşmayan ölkələrin uğur qazanması mümkün deyil. O ölkələrdə demokratik, ədalətli seçki keçirilmirsə, həmin ölkədə xoşbəxtlik ola bilməz. Cəmiyyət hər zaman gərginlik içərisində, insanlar səfalət içərisində olar.

Türkiyənin xarici siyasət kursuna gəlincə, hesab edirəm ki, Ərdoğan hakimiyyəti çox uğurlu xarici siyasət aparır. Daxili siyasət təbii ki, hər zaman mübahisəli olur, olacaq da. Amma xarici siyasət Türkiyənin mənafeyinə uyğun aparılır. Xüsusilə, hərbi sənayedə baş verən inqilabi sıçrayışı qeyd etmək istəyirəm. Türkiyənin təkcə bölgədə deyil, dünyada artan çəkisi göz önündədir. Türkiyə artıq regional yox, dünya miqyaslı oyunçudur. Bütün dünya ölkələri də bu faktı qəbul edir. Qərbin bir çox strateqləri Türkiyənin belə güclənməsindən ciddi narahat olduqlarını, belə davam edərsə, beş ildən sonra Türkiyənin qarşısında heç kəsin dayana bilməyəcəyini söyləyirlər. Hesab edirəm ki, cəmiyyət seçkilərdə bu amilləri də nəzərə alacaq.

Geri qayıt