Əsas Səhifə > Dünya > Ukrayna 3-6 həftəyə işğal olunan ərazilərini azad edə biləcəkmi?
Ukrayna 3-6 həftəyə işğal olunan ərazilərini azad edə biləcəkmi?3-08-2022, 08:13 |
Ukraynanın yaxın 3-6 həftə ərzində Rusiyanın işğal etdiyi əraziləri geri qaytarmağa çalışacağı, müddət uzandıqca bunun xeyli çətinləşəcəyi ilə bağlı iddialar təəccüblü olmamalıdır. Biz işğal olunmuş torpaqları azad etməyə hazırlaşırıq. Xüsusilə, söhbət cənubdan gedir. Ona görə də Qərbdən silahlar alırıq və bunun davamını istəyirik. Silahlardan səmərəli istifadə edə biləcəyimizi artıq nümayiş etdirmişik. Tərəfdaşlarımız Ukrayna Silahlı Qüvvələrinin bunu necə edə biləcəyinə sevinir və təəccüblənirlər. İndi biz daha çoxlu silah istəyirik. Əvvəllər verilməsi çətin olan silahların çeşidi haqqında da müzakirələr gedir. Yəni ki, biz artıq maddi-texniki bazanı, silah-sursat anbarlarını və rus işğalçılarının qərargahını məhv etməkdə ustayıq. Bunu daha da səmərəli edə biləcəyik. Ukrayna Prezidenti Qərb tərəfdaşları ilə söhbətlərində “təxminən 3-6 həftə” sözləri məhz onlar üçün hücum silahlarının və sursatlarının tədarükünün artırılmasının məntiqi və anlayışı ilə bağlıdır. Başqa bir məqam - qışın gəlməsinə görə yaxın müddətdən danışırıq. Hər kəsi çətin bir qış mövsümü gözləyir. Axı Kreml Avropanı “dondurmağa” çalışır. (Mən hesab edirəm ki, Rusiya bu niyyətindən heç nə qazanmayacaq.) Rusiya qaz şantajından istifadə edərək özünü əsl terrorçu kimi aparır. Biz yaxşı bilirik ki, ruslar bizim ərazilərimizə nə qədər yaxın olsalar, kritik infrastrukturumuz üçün təhlükə bir o qədər çox olacaq. Terrorun sponsoru kimi tanınmağa bir addım qalmış Rusiya böyük ehtimalla Ukraynanın İES-lərini raketlərlə atəşə tutacaq. Qısa müddətdə onların müdafiəsinə ehtiyacımız var. Növbəti məqam ondan ibarətdir ki, Rusiya Federasiyası da boş oturmur. Onlar uzun müddətdir ki, sentyabrı rusların işğal etdikləri Ukrayna ərazilərində psevdoreferendum keçirməyə çalışacaqları ay kimi xarakterizə edirlər. Növbəti mərhələyə - “İttifaq dövləti” kimi bir birliyin yaradılmasına keçmək üçün bunu mümkün qədər tez etmələri vacibdir. Yəni əvvəlcə “referendumlar”, sonra Dövlət Duması bunu hansısa formada elan edəcək – “müstəqilliyin tanınması”, ya da ki, Rusiya Federasiyasına qoşulacaq hansısa “dövlət” və s. . Putin müxtəlif tarixləri çox sevir. Dekabrın 22-si - Sovet İttifaqının yaranmasının yüz illiyidir. O, tez-tez deyir ki, “SSRİ-nin dağılması çox böyük tarixi səhv olub”. Putin yəqin ki, bu tarixdən əvvəl “Rusiya torpaqlarının bərpası” statusunu möhkəmləndirməyə çalışacaq. Ona görə də göstərməliyik ki, biz heç bir psevdoreferenduma imkan verməyəcəyik. Və daha bir məqam - Ukrayna Silahlı Qüvvələri heç bir müddətə baxmadan irəliləyir. Təbii ki, rusların işğal etdiyi bütün əraziləri 3-6 həftəyə azad etmək mümkün deyil. Amma başa düşmək lazımdır ki, söhbət başqa şeydən, işğalçılara psixoloji təzyiqdən gedir. Ukrayna rusları Xerson vilayətindən qovduqca və ya bir neçə iri yaşayış məntəqəsini azad edəndən sonra bu, mif olan “dünyanın ikinci ordusu”nun reputasiyasına növbəti zərbə olacaq. Bu, artıq Silahlı Qüvvələrimizdən qorxan rus hərbçilərinin mənəvi-psixoloji durumuna mənfi təsir göstərəcək. Hər halda, 3-6 həftəlik müddət bəyanatından sonra Qərb tərəfdaşlarımız məsləhətləşmədən kənarda qalmadılar. Söhbət ondan getmir ki, bizə dərhal daha çox silah verilsin. Lakin ABŞ və İngiltərədəki dostlarımız hücum silahlarının tədarükünü artırmaq və keyfiyyətini yaxşılaşdırmaq üçün 3-6 həftəlik müddətə istinad edə biləcəklər. Bunun üçün 3-6 həftəlik müddət önəmlidir. İqor Petrenko, politoloq, Beynəlxalq Təkmil Araşdırmalar Mərkəzinin eksperti Mənbə: UNİAN Tərcümə AYNA-ya məxsusdur Geri qayıt |