Əsas Səhifə > Dünya > Tokayevin anti-Rusiya çıxışı bir plandır

Tokayevin anti-Rusiya çıxışı bir plandır


22-06-2022, 08:32
Tokayevin anti-Rusiya çıxışı bir plandır
Ötən gün Rusiyada keçirilən “Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu” Qazaxıstan Prezidenti Qasım Jomart Tokayevin sərgilədiyi mövqe ilə yadda qaldı. Tokayev Rusiya Prezidenti Vladimir Putinin yanında qondarma “respublikaların” müstəqilliyini qəbul etməyəcəyini dedi. Əlavə olaraq Rusiyanın ona təqdim etmək istədiyi “Aleksandr Nevski” ordenindən imtina etdi. Bəzi analitiklərin iddiasına görə, Tokayevin davranışları ilk başda Kremlə qarşı mövqe kimi görünsə də, əslində elə deyil.

Onların fikrincə, Rusiya-Ukrayna müharibəsinin günü-gündən uzanması və Qərbin sanksiyaları genişləndirməsi rəsmi Moskva ətrafında çəmbəri daraldıb. Sanksiyalar səbəbindən iqtisadi baxımdan ciddi zərbə alan Kreml prosesin gec-tez ona yaxın olan ölkələrə sirayət etməsindən ehtiyat edir. Xüsusilə 3 ölkə - Belarus, Qazaxıstan və Ermənistan hazırda Moskvaya ən yaxın ölkələrdir. Rusiya-Ukrayna müharibəsi fonunda bu ölkələrə də sanksiyaların tədbiq edilməsi mümkündür. Dia.az-ın məlumatına görə, siyasi şərhçi Turan Rzayev “Şərq”ə açıqlamasında bildirib ki, rəsmi Moskva tətbiq edilən sanksiyaların onunla əməkdaşlıq edən ölkələrə sirayət etməməsi üçün Avropanın gözündən pərdə asmağa çalışır. Analitik vurğulayıb ki, Tokayevin “Aleksandr Nevski” ordenindən imtina etməsi və Putinin yanında “dxr” və “lxr”i “kvazidövlət”lər adlandırması rəsmi Kremlin razılığı ilə baş tutan məsələlərdir: “Tokayev sözləri “cəsarət” tələb edən addımdır. Lakin onun öz fikirlərini BMT Nizamnaməsi ilə izah etməsi Kremlin niyyətini aydınlaşdırır. Tokayev qeyd edib ki, “BMT Nizamnaməsindəki iki əsas prinsip - ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ indi bir-biri ilə ziddiyyət təşkil edir. Lakin bütün dünyada millətlərin öz müqəddəratını təyinetmə hüququ reallaşarsa, indi BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600 dövlət yaranacaq ki, bu da xaosa səbəb olacaq”. Kremlin istəyi ilə Tokayevin dediklərindən çıxan ilkin məntiq odur ki, Qazaxıstan heç də Rusiyanı dəstəkləmir və Kremldən fərqli olaraq beynəlxalq hüquqa hörmət edir. Eyni zamanda Tokayev yeri gəldikdə Putinə sözünü deyə bilir və qazax xalqınn maraqları çərçivəsində davranır. Bütün bunlar Qərbin gözündən pərdə asmaqdan başqa bir şey deyil. Nəticə etibarilə hazırda Qazaxıstanla Rusiya arasında bu və ya başqa formada gərginliyin olması reallıqdan uzaqdır. İstər Tokayevin səsləndirdiyi “antirusiya” bəyanatları, istərsə də Rusiyanın buna cavab olaraq Qazaxıstan neftinin nəqlini dayandırması Moskvanın planları əsasında baş tutur. Kreml bununla müttəfiq gördüyü Qazaxıstanı Qərbin sanksiyaları və təzyiqlərindən yayındırmağa çalışır. Mümkündür ki, yaxın zamanlarda proses Belarusla və ya başqa formada cərəyan etsin”.

Geri qayıt