Əsas Səhifə > Dünya > "Putin məğlubiyyətlə barışmalıdır, Rusiya əvvəlki kimi deyil"

"Putin məğlubiyyətlə barışmalıdır, Rusiya əvvəlki kimi deyil"


10-05-2022, 09:31
"Putin məğlubiyyətlə barışmalıdır, Rusiya əvvəlki kimi deyil"
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Ukraynanın Rusiya ordusunu məğlub etməsi”nin tamamilə mümkün olduğunu düşünür və Rusiya prezidenti Vladimir Putini Moskvanın uzunmüddətli perspektivdə uduzması faktı ilə barışmağa çağırır. Dia.az bizimyol.info-ya istinadla xəbər verir ki, Uolles bu barədə Londonda Milli Ordu Muzeyində deyib. Onun sözlərinə görə, ola bilər, Ukrayna Rusiya ordusunu elə bir dərəcədə sındıracaq ki, onlar ya fevraldan əvvəlki yerlərinə qayıdacaqlar, ya da faktiki olaraq daha da geri çəkilməli olacaqlar.

"Putin sonda uduzmasını qəbul etməlidir. Bu fikirlə barışmalıdır və o, tamamilə uduzub. Rusiya əvvəlki kimi deyil",- Uolles bildirib. Bundan əvvəl Britaniya Müdafiə Nazirliyi Rusiya silahlarının döyüş meydanında uğursuzluğunun Britaniya hərbi sənayesi üçün təkan ola biləcəyini bildirmişdi.

Xatırladaq ki, Ukraynada müharibə 75-ci gündür ki, davam edir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mayın 9-da keçirilən paradda çıxış edib. Putin çıxışı zamanı bir neçə mövzuya toxunub:

"NATO ölkələri bizi eşitmək istəmirdilər, onların tamam başqa planları var idi. Krıma, Donbasa hücum hazırlayırdılar. Alyans bizə bitişik ərazilərin hərbi inkişafına başladı, Kiyevdə nüvə silahı əldə etmək zərurəti haqqında danışmağa başladılar. Sərhədlərimizdə Rusiyaya birbaşa təhlükə yaradıldı. Hər şey neonasistlərlə, bandera ilə toqquşmanın qaçılmaz olacağını göstərirdi"
"Rusiya, təcavüzkara qabaqlayıcı cavab verdi. Bu, güclü və müstəqil ölkənin məcburi qərarı idi"
"Rusiya Federasiyasının hərbi qulluqçularına və Donbass milislərinə müraciət edirəm. Siz Donbassda xalqımız üçün, Vətənimizin təhlükəsizliyi üçün vuruşursunuz. Siz öz torpağınızda vuruşursunuz. Svyatoslav və Vladimir Monomaxın döyüşçüləri, Rumyantsev və Potemkinin əsgərləri, Suvorov və Brusilov, Sidor Kovpak, general Vatutin, Lyudmila Pavlyuchenko düşməni məğlub etdikləri yerdə döyüşürsünüz"
"Biz heç vaxt inancdan və ənənəvi dəyərlərdən əl çəkməyəcəyik. Qərb isə görünür ki, minillik dəyərləri ləğv etmək qərarına gəlib".
"Donbasdan gələn hərbçilər paradda iştirak edirlər"
Qeyd edək ki, ümumiyyətlə, proqnozların əksinə olaraq, Putin mayın 9-da çıxışı zamanı nə Ukraynaya müharibə elan etdi, nə də səfərbərlik. O, yalnız bir qərar səsləndirdi - həlak olan əsgərlərin ailələrinə yardım üçün fərman imzalayacağını dedi.

Xatırladaq ki, Putin dünən Puşilini, Paseçniki və Ukrayna xalqını Qələbə Günü münasibətilə təbrik edib. Bundan sonra Ukrayna hökuməti adından cavab verən Mixail Podolyak onu "dəli" adlandırıb.

Geri qayıt