Əsas Səhifə > Dünya > Kreml NATO-nu qarşıdurmaya çəkmək istəyir:

Kreml NATO-nu qarşıdurmaya çəkmək istəyir:


25-04-2022, 09:04
Kreml NATO-nu qarşıdurmaya çəkmək istəyir:
Rusiyanın Ukraynanın şərqinə yeni hücumu “çox ehtiyatla gedir” və uğursuz olacaq, çünki Moskvanın Ukrayna müdafiəsini yarmağa gücü çatmır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Aleksey Arestoviç “Reuters” agentliyinə açıqlamasında deyib.

Bildirib ki, Rusiya qüvvələri Ukraynanın müdafiəsində “həssas nöqtələr” tapmağa çalışır: “Lakin onların hücumu uğursuz olacaq – mən sizə 99% zəmanət verirəm – sadəcə olaraq gücləri çatmayacaq”.

“Donbass uğrunda döyüş çox diqqətlə gedir və Rusiyanın xeyrinə getməyəcək. Bildiyiniz kimi, Rusiya qüvvələri Ukraynanın şərqində demək olar ki, bütün cəbhə xətti boyunca Ukrayna müdafiəsini yarmağa çalışır”, - deyə Arestoviç vurğulayıb.

Böyük Britaniyanın Rusiya Federasiyasındakı keçmiş səfiri Toni Brenton də “Sky News” portalına şərhində öz versiyasını açıqlayıb. Onun sözlərinə görə, Ukraynada müharibə həlledici mərhələyə keçib və bundan sonra iki ssenari mümkündür.

“Əgər Rusiya Federasiyası Donbasda uğur qazanarsa, o zaman gələcək danışıqlarda böyük üstünlük əldə edəcək və ya yenidən Kiyevə hücum etməyi düşünəcək. Bu, hadisələrin inkişafı üçün birinci ssenaridir. Lakin ikinci ssenari daha inandırıcıdır - Rusiyanın Ukraynanın şərqinə hücumu bataqlığa düşəcək, bundan sonra uzun resursları tükətmə müharibəsi başlayacaq”, - deyə diplomat söyləyib.

Göründüyü kimi, Arestoviçin proqnozu çox nikbindir. Amma Brenton daha ehtiyatla danışır. Hansı gözlənti doğru çıxacaq? Dia.az xəbər verir ki, mövzunu AYNA-ya tanınmış ukraynalı ekspert, “Strategiya XXI” Qlobal Araşdırmalar Mərkəzinin rəhbəri, “Qara dəniz təhlükəsizliyi” jurnalının baş redaktoru Mixail Qonçar şərh edib:

“Nə biri, nə də digəri. Hər ikisi Rusiyanın təcavüzünə “Ukraynada müharibə” evfemizmi çərçivəsindən baxır. Və bundan sonra da belə davam edəcəyini güman edirlər. Eyni zamanda, Kreml NATO ölkələri ilə bağlı müəyyən addımlara hazır olduğunu göstərir. Axı, Rusiya təbliğatına görə, Rusiya Ukraynada “Ukrayna ərazisində məskunlaşan” NATO ilə müharibə aparır. Rusiya Ukrayna Silahlı Qüvvələri tərəfindən özünü məğlub etməyə imkan verə bilməz, amma hər şey elə təqdim edilsə ki, biz NATO-ya qarşıyıq və qüvvələr qeyri-bərabərdir, o, başqa cür görünəcək.

Rusiyanın putinoid cəmiyyəti isə bunu udacaq. Yalnız Alyansdan kimsə ilə kiçik bir toqquşma yaratmaq lazım olacaq. Bunun bəzi Baltikyanı ölkələr, yoxsa Polşa, Rumıniya və ya Türkiyə ilə olacağı o qədər də önəmli deyil.

İndi NATO-ya zərbəni əsaslandırmaq üçün əfsanə yaradılır. Martın 18-də xarici işlər naziri Lavrov ABŞ-ın Ukraynaya göndərdiyi yardım konvoylarını Rusiya Federasiyasının məhv edəcəyini bildirib. Təbii ki, Brüsseldə və ya Vaşinqtonda kimsə rus təyyarələrinin və ya raketlərinin Ukrayna ilə qonşu olan NATO ölkələrinin ərazisinə kommunikasiya xətlərinə göndərilməyəcəyi, yalnız Ukrayna ərazisini vuracağı illüziyası ilə təsəlli verə bilər.

Kreml sadəcə olaraq NATO-nun və hər şeydən əvvəl ABŞ-ın reaksiyasını sınayır. Hələlik onlar razıdırlar. NATO rəhbərliyi arasında panik qorxu sindromu hələ də keçməyib. Ona görə də Kreml baxımından bu istiqamətdə irəliləmək olar. “Cavab zərbəsi olmayacaq” deyirlər, çünki Bayden və Stoltenberq dəfələrlə bəyan ediblər ki, nə ABŞ, nə də NATO Rusiya ilə vuruşacaq, NATO Rusiya ilə münaqişə axtarmır və s.

Bu cür bəyanatlar Kremli “Avropanı süngü ilə tədqiq etməyə” təkan verir və “heç kim Narva uğrunda döyüşməyəcək” - taktiki nüvə silahından istifadəyə də cavab verilməyəcək qənaətinə gəlir. Böyük Britaniyanın Baş naziri Boris Conson, məncə, Putini məyus etdi. Qərbin aparıcı liderlərindən biri ilk dəfə olaraq, açıq-aydın və qeyri-müəyyənlik olmadan deyib ki, əgər Putin Ukraynaya qarşı kütləvi qırğın silahlarından istifadə etmək qərarına gəlsə, Britaniya heç kimlə məsləhətləşmədən cavab zərbəsi endirəcək.

Və əksinə, türkiyəli nazir Mövlud Çavuşoğlunun NATO-ya üzv ölkələr arasında Rusiyanı zəiflətmək üçün Ukraynada müharibəni davam etdirmək istəyən dövlətlərin olması barədə açıqlaması Kremlin təbliğatı üçün balzamdır. Kreml üçün bu, bir siqnaldır - davam edə bilərsiniz. Bu, Alyansın sıralarına əlavə gərginlik və parçalanma gətirir. Həm Ukrayna, həm də NATO həqiqətən də işğalçı ölkəni zəiflətməkdə maraqlıdır. Bizim Alyansla ortaq məqsədimiz var, baxmayaraq ki, bu, rəsmi şəkildə ifadə olunmasa da, Avropada irqçi təcavüz ocağını aradan qaldırmaqdır. Anti-Putin koalisiyası Avropada hər kəsin xeyrinədir.

Odur ki, adıçəkilən şəxslərin təsvir etdiyi ssenarilərdən daha çox üçüncü dövlətlərin iştirakı ilə “uzun tükətmə müharibəsi”nin beynəlmiləlləşməsi ssenarisi daha real görünür. Üstəlik, müharibə 2 ay deyil, artıq 9-cu ildir ki, davam edir”.

Geri qayıt