Əsas Səhifə > Dünya > Zelenski öldürülərsə, nə baş verər

Zelenski öldürülərsə, nə baş verər


8-04-2022, 11:06
Zelenski öldürülərsə, nə baş verər
Rusiya tərəfindən göndərilən muzdluların Ukrayna Prezidenti Volodimir Zelenskini öldürmək cəhdi ilə bağlı növbəti informasiyalar yayılıb. Məlumata görə, “Vaqner” yaraqlılarının rəhbəri Yevgeni Priqojinlə əlaqəli olan daha bir silahlı qrup Ukraynaya gəlib və onların əsas vəzifəsi ölkənin ali hərbi-siyasi rəhbərliyini məhv etməkdir.

Öz növbəsində Kremlin sözçüsü Dmitri Peskov bu iddiaları təkzib edib. Deyib ki, Rusiya Zelenskinin Moskva-Kiyev danışıqlarında irəli sürülən şərtləri qəbul etməsində maraqlıdır, hərbi əməliyyatı bu şəkildə bitirməyi hədəfləyir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra Zelenskiyə sui-qəsd cəhdləri ilə bağlı dəfələrlə məlumatlar yayılıb. Hətta Qərb dövlətlərinin başçıları onun təhlükəsizliyini təmin etmək məqsədilə Zelenskini ölkələrinə dəvət etsələr də, Ukrayna Prezidenti bu təkifləri qətiyyətlə rədd edib. Qeyd edib ki, ölümdən qorxmur və sona qədər ölkəsinin mənafeyini qoruyacaq.

Yerli kəşfiyyatın açıqlamasına görə, Rusiyaya bağlı cinayətkar şəbəkə Zelenskini və yaxın ətrafını qətlə yetirməklə Ukraynada hakimiyyət böhranı yaratmağa çalışır. Lakin Zelenskinin qətlə yetirilməsi ilə Moskvanın siyasi cəhətdən intihar edəcəyini və bu xüsusda Üçüncü Dünya müharibəsinin başlayacağını söyləyənlər də var. Dia.az-ın məlumatına görə, politoloq Zərdüşt Əlizadə AYNA-ya açıqlamasında deyib ki, Putin dəfələrlə rəqiblərinə qarşı bu cür texnologiyalardan istifadə edib: “2015-ci ilin fevralında Rusiya müxalifətinin lideri, Yeltsin dövründə Baş nazirin birinci müavini və energetika naziri vəzifələrində çalışmış Boris Nemtsovun Moskvanın mərkəzində qətlə yetirilməsi, ötən ilin yanvarında “Gələcək Rusiya” Partiyasının sədri Aleksey Navalnının Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən təyyarədə zəhərlənməsi, həyatına sui-qəsd edilməsi bu qəbildəndir. Təbii ki, bunlar geniş ictimaiyyətin bildiyi məsələlərdir. Lakin nə qədər cinayətlər də var ki, bu günə qədər üstü açılmayıb. Mümkündür ki, Kreml Zelenskini də aradan götürmək barədə düşünsün”.

“Hətta iddialar var ki, müharibə başlayandan on dəfə buna cəhd olub. Ancaq bu barədə bizim dəqiq məlumatımız yoxdur. Avtoritar lider olaraq Putin demokratik yollarla mübarizə apara bilmir və bunun nə olduğunu dərk etmir. Köhnə sovet KQB-sinin şinelindən çıxmış üsullarla rəqiblərini sıradan çıxarmağa çalışır. Öldürmək, zəhərləmək, sui-qəsd, kütləvi həbslər, repressiya - bütün diktatorlar kimi, Putinin mübarizəsi budur”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı təcavüzü dayandırmaq niyyətindədir: “Elə rəy aşılayırlar ki, guya müharibənin uzanmasında maraqlı deyillər və sülhdən yanadırlar. Əslində isə bu, qətiyyən belə deyil. Sadəcə Kreml anlayır ki, artıq canlı hərbi qüvvəsi tükənmək üzrədir. Bu baxımdan atəşkəs barədə müzakirələri ortaya atmaqla vaxt qazanmağa çalışır. Ukrayna hakimiyyəti, o cümlədən Qərb dairələri də bilir ki, Putin zaman qazanmaqla yenidən qüvvə toplamaq niyyətindədir. Bu imkanın ona verilməsi isə daha neçə min günahsız insanın qətli deməkdir”.

Analitikin fikrincə, Moskvaya inanmaq olmaz və o, bu imkanı əldə edərsə, bir müddət sonra yenidən təcavüzü davam etdirəcək: “Rusiya konfendensial, yəni qanunun icazə verdiyi silahlardan istifadə etməklə hərbi müdaxiləni davam etdirmək iqtidarında deyil. Kreml çox ümidsiz durumdadır və bunun heyfini günahsız insanlardan çıxır. Bu isə bəşəriyyətə qarşı təhdid, beynəlxalq hüquq və normaların ayaqlar altına atılması deməkdir”.

“ABŞ və Qərb minlərlə ukraynalının qətlinə seyrçi qismində yanaşmaqda davam edir. Dəhşətli bir mənzərə yaranıb. Ukraynada hər gün yüzlərlə məsum insan öldürülür. Qərb isə sadəcə kənardan müşahidə edir. Maliyyə və iqtisadi sanksiyalarla gələcək hədəf kimi əsas rəqiblərindən birini sıradan çıxarmağı düşünürlər. Nəticədə isə XXI əsrdə bir suveren ölkə xarabalığa çevrilir. ABŞ və Avropa da öz kefindədir. Gözləyirlər ki, bunlar nə vaxt bir-birilərini qırıb qurtaracaqlar”, - deyə Əlizadə vurğulayıb.

Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu da AYNA-ya açıqlamasında söyləyib ki, Zelenskinin qətlə yetirilməsinə cəhdlər mümkündür: “Lakin bunun baş verəcəyi inandırıcı deyil. Kifayət qədər həssas bir mövzudur. Təbii ki, işğalçı Kreml hər şeyə, o cümlədən Prezidentin qətlinə hazırdır. Onların təcrübəsində rəqiblərin fiziki baxımdan sıradan çıxarılması cinayəti az olmayıb. Lakin mövcud şəraitdə inanmıram ki, bu hadisə baş tutsun”.

“Çünki Prezident Zelenski kifayət qədər peşəkar qorunma altındadır. Hətta Putin bu məkrli planını həyata keçirsə belə, Ukrayna xalqını mübarizədən geri çəkilməyə təhrik edə bilməyəcək. Bu, hətta onun özünün siyasi intiharı olacaq. Putindən fərqli olaraq xalqı Zelenskini dəstəkləyir və onun arxasındadır. Rusiyanın təcavüzünə qarşı bütün xalq birləşib və heç bir qüvvə onun müqavimətini qıra bilməyəcək”, - deyə müsahibimiz bildirib.

Qeyd edib ki, Ukraynada vəziyyət stabil və gərgin olaraq qalmaqdadır: “Əsasən cənub tərəfdə şiddətli mübarizə gedir. Mərkəz Kiyevdə və digər şəhərlərdə isə nisbi sakitlikdir. Ukrayna xalqı qətiyyən ruhdan düşməyib. O cümlədən Ukraynada yaşayan azərbaycanlılar da qətiyyətlidir. Mübarizə ruhu çox yüksəkdir. Bütün bunlar göstərir ki, Rusiya Ukraynada öz məqsədinə nail ola bilmədi. Ukrayna xalqı düşmənə qarşı daha da aqressivləşib”.

“Əminliklə söyləmək olar ki, düşmənin arzusu gözündə qalacaq və yekunda onların özləri məğlub duruma düşəcəklər. Beynəlxalq birliyin Ukraynaya dəstəyi davam edir və Moskvaya qarşı təzyiqlər güclüdür. Ukraynaya təcavüzü ilə Rusiya özü üçün məzar qazdı və bunu artıq özləri də dərk etməyə başlayıblar. Böyük ümidlərimiz var ki, tezliklə müharibə başa çatacaq. Bu savaşın qalibi isə, heç şübhəsiz, mübariz və mətin Ukrayna xalqı olacaq”, - deyə Natiqoğlu fikrini yekunlaşdırıb.

Geri qayıt