Əsas Səhifə > Dünya > Arkadağın dəyişiklik məntiqi və varisdən gözləntilər:
Arkadağın dəyişiklik məntiqi və varisdən gözləntilər:24-03-2022, 11:03 |
Türkmənistanın artıq sabiq olan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu, 40 yaşlı Sərdar Berdiməhəmmədov ölkənin yeni Prezidenti seçilib. Türkmənistan Mərkəzi Seçki Komissiyası (MSK) elan etdi ki, martın 12-də keçirilmiş seçkilərin nəticəsinə görə, oğul Berdiməhəmmədov seçicilərin 72,97 faizinin səsini qazanıb. Türkmənistanda keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 3 milyon 460 min 080 seçicidən 3 milyon 362 min 052 nəfəri iştirak edib, bu isə ümumi seçicilərin 97,17 faizi deməkdir. Berdiməhəmmədov seçkilərdə namizəd olan 9 namizəd içərisində 73 faizə yaxın səslə birinci olub. Atasının postunu tutan Berdiməhəmmədov martın 19-da Türkmənistan Prezidenti vəzifəsinin icrasına başlayıb. Bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi məlumat yayıb. “Bu gün Türkmənistan paytaxtında, Ruhiyyət Sarayında ölkənin yeni seçilmiş Prezidentinin təntənəli andiçmə mərasimi keçirilib”, - məlumatda deyilir. Türkmənistanla bağlı informasiyalar məhdud olduğu üçün, Berdiməhəmmədovun andiçmə mərasimi barədə məlumatlar elə də çox deyil. Qanuna əsasən isə yeni dövlət başçısınını inauqurasiyasında Türkmənistan Parlamentinin hər iki palatasının deputatları, hökumət üzvləri, hərbi və hüquq-müharizə orqanlarının, Mərkəzi Seçki Komissiyası, yerli dövlət orqanlarının, ictimaiyyət nümayəndələri və digər dəvətli şəxslər iştirak edirlər. Andiçmə mərasimindən sonra oğul Berdiməhəmmədova dövlət başçısının vəsiqəsi təqdim olunub. Bununla da, o, növbəti 7 il üçün rəsmən Türkmənistan Prezidenti vəzifəsinin icrasına başlayıb. Uzun illərdir Türkmənistanın şəriksiz lideri olan Arkadağ - Qurbanqulu Berdiməhəmmədovun fevral ayının sonunda ani qərarla istefa verdiyini açıqlaması, bundan sonra növbədənkənar seçkilərlə oğlunu hakimiyyətə gətirməsi o qədər təəccüblü görünməsə də, müəyyən suallar yaradıb. Berdiməhəmmədovun indiki məqamda türkmənistan Prezidenti kürsüsündən getməsi səbəbləri, oğlunun ölkəni nə dərəcədə uğurlu edəcəyi ilə bağlı suallar açıq qalmaqdadır. Yeri gəlmişkən, ata Berdiməhəmmədov tam olaraq hakimiyyətdən getmir. Belə ki, 2020-ci ildə parlament islahatı aparıldı, bu müddət ərzində Xalq Maslaxatı parlamentin yuxarı palatası, Məclis isə aşağı palatası oldu. Konstitusiya Türkmənistan Prezidentinin parlamentə seçilməsini qadağan etsə də, Xalq Maslaxatına şəxsən Arkadağın özü rəhbərlik edir. Q.Berdiməhəmmədov bu postunda qalacaq. dia-az.life-ın məlumatına görə, politoloq İlqar Vəlizadə AYNA-ya ata Berdiməhəmmədovun hakimiyyəti oğul Berdiməhəmmədova ötürməsi zərurətindən danışarkən deyib ki, Berdiməhəmmədovun şəxsi həyatı ilə bağlı amillər vardı ki, bu ətrafda bir çox fərziyyələr mövcuddur. “Düzdür, Berdiməhəmmədov o qədər də yaşlı deyil, amma görünür ki, səhhəti ilə bağlı müəyyən problemlər var”, - analitik ehtimalını bölüşüb. Vəlizadə vurğulayıb ki, ümumiyyətlə, Türkmənistanda dövlət modeli Qazaxıstandan, Özbəkistandan fərqlənir: “Mərkəzi Asiyaya vahid region kimi baxılır, bəzən dövlətlərin də eyni sistemlə idarə edildiyini düşünənlər var. Amma bu, yanlış yanaşmadır. Mərkəzi Asiya ölkələrinin hər birində müxtəlif dövlət modelləri var. Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan - bu dövlətlərin idarəçilik modelləri bir-birindən tamamilə fərqlidir, bir-birinə uyğun deyil. Qırğızıstan modeli tamam fərqlidir və s. Hər ölkənin öz məntiqi olduğu kimi, hər ölkədə gedən proseslərin də öz məntiqi mövcuddur. Məsələn, Türkmənistandakı proseslərin məntiqi ilə Qazaxıstandakı proseslərin məntiqi tamamilə fərqlidir”. “Bütün hallarda, Türkmənistanda dəyişiklik labüd, qaçılmaz idi. Bunu görən Berdiməhəmmədov istədi ki, hakimiyyətinin ötürülməsi onun nəzarəti altında həyata keçsin. Həm də oğlunun siyasi mövqelərinin möhkəmlənməsini istədi. Berdiməhəmmədov oğlu Sərdarı təkcə ailə varisi kimi yox, siyasi varisi kimi də görürdü. Ona görə də bu addımı atdı. Bəlkə bir qədər tez idi, gözləmədi ki, qocalıb tam əldən düşsün. Lakin Berdiməhəmmədovun məntiqinə görə, Türkmənistan üçün onun siyasi xətti daha uğurludur”, - deyə politoloq əlavə edib. Analitik xatırladıb ki, Berdiməhəmmədov uzun illər idi ki, oğlu Sərdarı hakimiyyət başına hazırlayırdı: “Uzun müddət idi ki, Sərdar müxtəlif vəzifələrdə işləyirdi. Xüsusilə də inzibati orqanlarda mühüm postlar tutmuşdu. Türkmənistan qapalı ölkədir, real informasiyalar azdır. Amma nəticə çıxarmaq olar ki, Sərdarın adı Türkmənistan daxilində çox da mənfi hallanmayıb. Berdiməhəmmədov bu amilləri əlbəttə, nəzərə aldı”. “Onun ölkəni necə idarə edəcəyini, nə qədər hakimiyyətdə qala biləcəyini söyləmək çətindir. Çünki Türkmənistan qapalı ölkədir, informasiyalar azdır. Digər tərəfdən, Türkmənistan daxilində klanlar var, müxtəlif dairələr var. Həmin klanlar Qurbanqulu Berdiməhəmmədovun liderliyini qəbul etdikləri müddətdə Sərdar effektiv fəaliyyət göstərə biləcək. Çünki ata Berdiməhəmmədov tamamilə siyasi səhnədən getməyib və o, dövlətə nəzarəti həyata keçirəcək”, - deyə siyasi icmalçı fikrini tamamlayıb. Geri qayıt |