Əsas Səhifə > Dünya > “Böyük Rusiya” arzusu “Böyük Serbiya” aqibəti yaşaya bilərmi...

“Böyük Rusiya” arzusu “Böyük Serbiya” aqibəti yaşaya bilərmi...


3-03-2022, 08:48
“Böyük Rusiya” arzusu “Böyük Serbiya” aqibəti yaşaya bilərmi...
Rusiya lideri Vladimir Putinin addımları, xüsusilə də Ukraynaya hərbi müdaxiləsi Slobodan Miloşeviçin 1991-cildə start verdiyi “Böyük Serbiya” yaratmaq cəhdlərinə çox bənzəyir. DİA.AZ “Yeni Müsavat”a istinadla yada salır ki, Yuqoslaviya müharibələri bu keçmiş dövlətin dağılmasına səbəb olan 1991-ci ildən 2001-ci ilə qədər davam edən savaşlardan ibarət idi. Serb millətçi ritorikasını oyadan və bir dövlət olaraq birləşməsi üçün “Yuqoslav” məsələsini istifadə etmək istəyən Slobodan Miloşeviç fiaskoya uğradı. Nəticədə slovenləri, xorvatları, Kosova albanlarını, bosniyalıları və etnik makedoniyalıları itirməyə başladı. Bu gün Putin də onun kimi böyüklük azarına tutulub, Böyük Rusiya avantürasını həyata keçirmək istəyir.

Miloşeviç Yuqoslaviya dağılandan sonra müharibələrdə soyqırımı və insaniyyətə qarşı cinayətlərdə ittiham olunurdu. Haaqa tribunalının bildirdiyinə görə, o, bütün əlamətlərə görə öz əcəli ilə ölüb. Deyəsən, Qərbin əsas hədəfi də Putini tribunalda müttəhimlər kürsüsündə müdafiə nitqi söyləyən yerdə görmək arzusudur. Putin Haaqa Tribunalında mühakimə oluna, ağır cəzaya məhkum edilə bilərmi? Yeri gəlmişkən, həmin münaqişə Avropada İkinci Dünya müharibəsindən bəri ən zorakı və amansız qətliamlarla müşayiət olunmuşdu. Onlardan biri kimi, Srebrenitsada minlərlə müsəlman kişi və oğlan uşaqlarının genosidi göstərilir. Lakin Miloşeviç etnik təmizləmədə əli olduğu barədə iddiaları rədd edirdi.

Hazırda Ukraynada neonasistlərin olduğunu iddia edən və ölkənin şərqindəki rus əhalisini “qorumaq məqsədi” ilə hücuma keçən Rusiya ordusu eyni cinayətləri törətməkdədir. Müdafiə naziri Sergey Şoyqu mülki əhalini hədəfə almadıqlarını açıqlasa da, başdan-ayağa ağ yalan olduğu göz qabağındadır. Xüsusən Belarusda keçirilən görüşün nəticəsiz yekunlaşmasından sonra rus ordusu daha aqressivdir və daha çox mülki məntəqələri bombalayır. Artıq bir həftədən çoxdur ki, Kiyev, Xerson, Xarkov kimi şəhərlər raket atəşinə məruz qalır, yaşayış binaları vurulur, mülki obyektlərə zərbələr endirilir, əhali sığınacaqlar, zirzəmilərdə gizlənir, qida əldə etmək çətinliyi yaranmaqdadır. Mülki əhalini vurmadığını söyləyən Rusiya tərəfi azı 16 uşağın həyatına son qoyduğunu bilməmiş deyil. O halda bu müharibə cinayətlərinə görə Putin Haaqa Tribunalında mühakimə oluna bilərmi? DİA.AZ-ın məlumatına görə, sabiq xarici işlər naziri, siyasi analitik Tofiq Zülfüqarov “Yeni Müsavat”a qeyd etdi ki, indiki mərhələdə bu suala cavab vermək çətindir: “Lakin Rusiyada hakimiyyətin dəyişməsi prosesini real görürəm. Hələ müharibə başlayanda yazdım ki, Putin epoxasının sonudur. Hazırda hadisələr də bu istiqamətdə gedir. Onun barəsində müxtəlif fikirlər ola bilər və hamı başa düşürdü ki, Rusiya müharibədə heç vaxt qalib ola bilməz. Təbii ki, bir şəhəri işğal etmək, postlar qurmaq mümkündür, amma ölkəni tamamilə ilhaq etmək ola bilməz. İndi bu suallar qarşıda dayanır - Rusiya vəziyyətdən necə çıxa bilər? Putin vəziyyətdən çıxa biləcəkmi?”

T.Zülfüqarov hesab edir ki, Rusiya elitasında fikirlər fərqlidir: “Hər kəs özünə sual verir ki, bu səhv necə oldu? Qərb sona qədər gedəcək və Rusiyanı iqtisadi cəhətdən çökdürəcək, nəticədə insanlar narazılıq edəcəklər. Artıq Putinin ətrafında oliqarxlar narazıdırlar, böyük pullar itiriblər. Sadəcə, hakimiyyət iki formada dəyişir - xalq tərəfdən, ya da elita daxilində parçalanma olur, yeni rəhbərlik seçilir. Mən ikinci hissəyə üstünlük verirəm. Hətta Putinin Uralda iclaslar keçirdiyi xəbərləri var, Moskvada deyil, elitaya çağırış edir ki, buna da dözəcəyik. Amma elitanın üzünə baxanda optimist deyillər. Zənnimcə, bundan sonra əsas proseslər Rusiyada gedəcək və hakimiyyətin dəyişməsi real görünür”.

Politoloqun fikrincə, müharibənin davamı Rusiyaya heç nə qazandıra bilməz: “Böhran şəxs üzərindədir, Putinə yönəlikdir. Ona görə prosesi normallaşdırmaq Putinlə bağlı olmalıdır. Hətta belə xəbərlər gəlir ki, xalqa bəyanatlar hazırlanır. Bəli, fevralın 24-dək siyasi və taktiki üstünlük Rusiyada idi. Putin təcrübəli siyasətçidir. Biz təsəvvürlərimizi dilə gətiririk, amma Putində daha dəqiq məlumatlar var və heç kim bu səhvi gözləmirdi. Heç kəs inanmırdı ki, belə səhvə yol veriləcək. O baxımdan, istisna etmirəm ki, bu proseslərdə Qərbin məqsədi Rusiyada hakimiyyəti dəyişməkdir. Eyni zamanda söhbət təkcə hakimiyyətin transformasiyasından getmir, ideoloji mübarizəni götürsək, baş verənlər SSRİ ideyasının iflasa uğramasına da gətirib çıxaracaq. Müxtəlif fikirlər səslənirdi, Rusiya prezidenti özü də bu haqda danışmışdı ki, Putin SSRİ-ni bərpa etmək istəyir. Məncə, bu ideologiya dağıldı”.

Geri qayıt