Əsas Səhifə > Dünya > Qərbdə Rusiya ilə bağlı faktiki olaraq "terrorçu dövlət" yanaşması formalaşmaqdadır
Qərbdə Rusiya ilə bağlı faktiki olaraq "terrorçu dövlət" yanaşması formalaşmaqdadır28-02-2022, 08:51 |
Dünya gözümüzün önündə çox sürətlə, hətta saatbaşı dəyişir. Avropa Birliyi öz tarixində ilk dəfə olaraq bir ölkəyə hərbi yardım etmək barədə qərar verdi. Ukraynaya 450 milyon avroluq hərbi kömək göstəriləcək. Burada ən önəmli detal budur ki, yardıma hərbi təyyarələrin verilməsi də daxildir. Çox böyük ehtimalla bunlar Şərqi Avropa ölkələrinin hava qüvvələrindəki keçmiş sovet təyyarələri (SU-lar, MiQ-lər) olacaq. Çünki ukraynalı pilotlar bu təyyarələri idarə edə bilir. NATO təyyarələrini idarə etmək üçün aylarla təlim lazımdır, buna isə vaxt yoxdur. Ümumiyyətlə, maraqlıdır ki, Avropa Birliyi Rusiyaya qarşı "çökdürmə" siyasətində ABŞ-ın önündə gedir. Bunu çox yox, son 1 həftəyə qədər təsəvvür etmək mümkün olmazdı. Burada geosiyasi səbəblərlə yanaşı, məncə, Makron və Şolzun Putinə şəxsi qəzəbi də rol oynayır. Putin onların sülh xahişləri və çağırışlarını kobudluqla rədd edərək inanılmaz bir çılğınlığa imza ataraq Avropada böyük savaş çıxardı. Hazırda AB-də dönəm başqanı Fransadır və bu qərarlarda Parisin mövqeyi həlledici rol oynayır - şübhəsiz ki, Almaniya ilə bərabər. Yeri gəlmişkən, Bundestaqın fövqəladə iclasında federal kansler Olaf Şolzun çıxışı çox güclü idi. O, Almaniyanın xarici siyasətində radikal dəyişiklik kursunu rəsmən elan etdi. (Bu barədə bəlkə ayrıca yazaram.) Müşahidəm odur ki, Qərbdə Rusiya ilə bağlı faktiki olaraq "terrorçu dövlət" yanaşması formalaşmaqdadır. Total təzyiq, total təcrid... Şahin Cəfərli, politoloq //AYNA// Geri qayıt |