Əsas Səhifə > Dünya > Türkiyə boğazları rusların üzünə NİYƏ BAĞLAMIR?

Türkiyə boğazları rusların üzünə NİYƏ BAĞLAMIR?


26-02-2022, 08:18
Türkiyə boğazları rusların üzünə NİYƏ BAĞLAMIR?
Türkiyə Bosfor və Dardanel boğazlarını hərbi gəmilərin keçidi üçün bağlaya bilər. Amma Rusiya bu boğazlardan öz donanmasının bazaya qayıtması üçün istifadə etmək hüququna malik olacaq. Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazirin sözlərinə görə, Ukrayna Rusiya hərbi gəmilərinin keçidi üçün boğazların bağlanması ilə bağlı Ankaraya rəsmi müraciət edib: “Montre Konvensiyasının müddəaları çox aydındır. Bugünədək Türkiyə konvensiyanın şərtlərini tərəddüdsüz yerinə yetirib. Türkiyənin tərəf olmadığı müharibədə iştirakçı ölkələr barəsində tədbirlər görülə bilər. Türkiyə hərbi gəmilərin boğazlardan keçidini məhdudlaşdıra bilər. Amma Montre Konvensiyası həm də müharibə iştirakçısı olan ölkələrin donanmasının bazaya qayıtmasına icazə verir”. Çavuşoğlu əlavə edib ki, hazırda türkiyəli mütəxəssislər bu məsələni təhlil edir və rəsmi qərar qəbul edildikdən sonra bu proses başlana bilər. DİA.AZ-ın məlumatına görə, Türkiyənin Ukrayna-Rusiya müharibəsində tutduğu mövqeni “Şərq”ə şərh edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, 1936-cı ildə imzalanmış Montre sazişinin 9-cu maddəsinə görə, münaqişə tərəflərindən biri boğazlarla bağlı müraciət etmə haqqına sahibdir. Artıq Ukrayna öz xəbərdarlığını edib. Amma sazişin 12-ci maddəsində göstərilir ki, boğazların bağlanması ilə bağlı qərarı Türkiyə verə bilər:

“Çavuşoğlu haqlı olaraq bildirir ki, Türkiyə burada münaqişə tərəfi olmadığı üçün boğazları bağlaya bilər. Amma eyni zamanda rus donanmasının boğazdan keçərək geri qayıtmasına mane ola bilməz. Əslində Ankara qadağa qoysa, boğazları bağlasa belə rus hərbi gəmilərinin Qara dənizdə olmasına o qədər də ehtiyac yoxdur. Rusiya istədiyi vaxt kiçik və orta tonajlı hərbi gəmiləri Volqa-Don kanalı vasitəsi ilə ötürə bilər. Azov dənizində də rus gəmiləri var. Görünür, Ukrayna əlacsız qaldığı üçün Ankaradan belə bir tələb edib. Ukrayna rəhbərliyi düzgün siyasət yürütməyi bacarmadı, vaxtında ölçü götürmədi. Zelenski yanlış addımlarla Rusiyanın əl-qolunu açdı. Ərazisi işğala məruz qalmış Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması da Kiyev üçün böyük zərbədir. İndi Ukrayna meydanda tək qalıb. Kiyev bilməliydi ki, ABŞ və Avropa öz maraqlarına uyğun davranacaq. Gürcüstan nümunəsi Ukrayna rəhbərliyi üçün dərs olmalıydı. Zelenski real siyasi səhnəni rol aldığı filmlərlə qarışdırdı. Siyasət uzunmənzilli düşüncə tələb edir. İndiki məqamda Türkiyə düşünmədən, özü də mənasız yerə öz maraqlarını qurban verməməlidir. Ankara üçün Moskva ilə əməkdaşlıq çox önəmlidir. Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür, amma indiyədək Avropa Birliyinə üzv ola bilməyib. Necə olur ki, Bolqarıstan, Rumıniya, Sloveniya kimi ölkələri quruma üzv qəbul etdilər, ancaq güclü Türkiyəni yaxına buraxmırlar?! Ankara bunları yaddan çıxartmır”.

Geri qayıt