Əsas Səhifə > Dünya > Zelenski Baydeni Kiyevə dəvət edib

Zelenski Baydeni Kiyevə dəvət edib


14-02-2022, 10:26
Zelenski Baydeni Kiyevə dəvət edib
DİA.AZ: - Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan həmkarı Co Baydenlə birlikdə “Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığmasına cavab olaraq diplomatiya və çəkindirmə”nin vacibliyini vurğulayıblar. İki liderin fevralın 13-də baş tutmuş telefon söhbəti haqda Ağ ev məlumat yayıb.

DİA.AZ xəbər verir ki, Bayden Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini bir daha təkrarlayıb, “Rusiyanın Ukraynanın yeni təcavüzünə qarşı” “dərhal reaksiya” veriləcəyini deyib.

Zelenskinin idarəsinin məlumatına görə, Ukrayna prezidenti Baydeni “yaxın günlərdə” Kiyevə dəvət edib.

“İnanıram ki, sizin yaxın günlərdə Kiyevə səfəriniz... güclü siqnal olar və vəziyyəti sabitləşdirməyə kömək edər”, – məlumata görə, Zelenski deyib.

Qoşun sayının 130 min olduğu deyilir

Qərb ölkələri Rusiya Prezidenti Vladimir Putini gərginliyi azaltmağa, bəzi ölkələr vətəndaşlarını Ukraynanı tərk etməyə çağırırlar. Moskvanın Ukraynaya hərbi hücuma hazırlaşması sarıdan narahatlıq var.

Vaşinqton fevralın 13-də Rusiyanın Ukrayna sərhədi yaxınlığına yığdığı əsgər sayının 130 minə çatdığını bildirib. Daha öncə bu sayın 100 min olduğu deyilirdi.

Kiyev Rusiyanın qoşun yığmasının müzakirəsindən ötrü 48 saat içində ATƏT-in iclasını keçirməyə çağırıb. Xarici işlər naziri Dmitro Kuleba deyib ki, Kiyevin fevralın 11-də ATƏT-in Vyana sənədi çərçivəsində Moskvadan hərbi fəaliyyətinə izah istəsə də, buna cavab gəlməyib.

“Nəticədə biz növbəti addımı atırıq. Rusiya ATƏT məkanından təhlükəsizliyin bölünməzliyinə ciddi yanaşırsa, gərginliyin azaldlılması və hamı üçün təhlükəsizliyin gücləndirilməsinə üçün hərbi şəffaflıq öhdəliyini yerinə yetirməlidir”, – Kuleba Twitter-də yazıb.

Səfirlik işçilərinin çoxu çıxarılıb

ABŞ Dövlət katibi Entoni Blinken fevralın 13-də bildirib ki, Kiyevdəki səfirlik işçilərinin əksər hissəsini çıxarmaq qərarı Rusiyanın “yetərincə yaxın” olan işğal təhdidi ilə əlaqədardır.

“Dünən Kiyevdəki ABŞ səfirliyindən amerikalıların əksəriyyətinin çıxarılması göstərişi verdik”, – Blinken Honoluluda Yaponiya və Cənubi Koreyadan həmkarları ilə danışıqlardan sonra söyləyib.

“Rusiyanın hərbi hücum riski kifayət qədər yüksək, təhdid yetərincə yaxındır və bu, ehtiyat tədbiridir”, – deyən Blinken əlavə edib ki, Rusiyanın Ukraynaya hücumuna bəhanə verəcək provokasiya istisna olunmur.

Birləşmiş Ştatlar, Britaniya və Almaniya vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb. Avstraliya isə fevralın 13-də bəyan edib ki, Kiyevdəki səfirliyin fəaliyyətini dayandırır.

Almaniyanın mövqeyi

Fevralın 13-də ikinci müddətə Almaniya prezidenti seçilmiş Frenk-Valter Şteynmeyer deyib ki, Putin Ukrayna ilə bağlı Qərbin qətiyyətini aşağı dəyərləndirməməlidir.

“Prezident Putini Ukraynanın yaxasından əl çəkməyə, Avropada sülhün qorunmasından ötrü bizə qoşulmağa çağırıram”, – Şteynmeyer deyib.

Almaniyanın Kansleri Olaf Şolts deyib ki, NATO üzvləri və Avropa İttifaqı Ukraynaya hücum olarsa, “dərhal tətbiq edəcəyimiz” sərt sanksiyaları “diqqətlə hazırlayıblar”. Şolts fevralın 14-də Kiyevə, 15-də isə Moskvaya səfər edəcək.

Moskva Qərbdən və NATO-dan Ukraynanın və digər postsovet ölkələrinin heç vaxt üzvlüyə qəbul edilməyəcəyinə zəmanət tələb edir. Rusiya həmçinin Ukraynaya silah göndərilməsinin dayandırılmasını, NATO-nun Şərqi Avropadan qüvvələrini çıxarmasını tələb edir.

Geri qayıt