Əsas Səhifə > Dünya > Kreml NATO-nun təklifini nəzərdən keçirir

Kreml NATO-nun təklifini nəzərdən keçirir


27-12-2021, 11:42
Kreml NATO-nun təklifini nəzərdən keçirir
DİA.AZ: - Rusiyanın Xarici İşlər Nazirliyi gələn ay NATO-Rusiya Şurasının toplantısını keçirməklə bağlı təklif aldığını təsdiqləyib. Təklifi NATO-nun Baş katibi Yens Stoltenberq irəli sürüb. Kremlsə hələlik, iclasla bağlı qərarını açıqlamayıb.

“Təklifi nəzərdən keçiririk”, – TASS-ın məlumatına görə, Kremlin sözçüsü dekabrın 26-da deyib.

DİA.AZ xəbər verir ki, xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun bildirdiyinə görə, görüşün formatı və Rusiya nümayəndə heyətinin tərkibi nəzərdən keçirilir.

“AFP” NATO-nun sözçüsünə istinadla yazır ki, alyans iştirakla bağlı Kremllə əlaqə saxlayıb.

Görüşlə bağlı “Rusiya ilə əlaqə saxlayırıq”, adının çəkilməsini istəməyən sözçü deyib.

NATO-Rusiya Şurası 2002-ci ildə yaradılsa da, Ukraynanı şərqində Rusiyanın dəstəklədiyi separatçılarla hökumət qüvvələrinin münaqişəsi səbəbindən hazırda fəaliyyət göstərmir.

Görüş, Stoltenberqin təklif etdiyi kimi, yanvarın 12-də keçirilsə, şuranın son 2 il yarımda ilk belə iclası olacaq. Həmin gün Brüsseldə NATO-nun 30 üzvünün hərbi liderlərinin ikigünlük iclası da başlamalıdır.

Moskvanın bu günlərdə açıqladığı təhlükəsizlik sənədləri layihəsində NATO-dan şərqə doğru genişlənməni, Ukrayna və Gürcüstan kimi ölkələrlə hərbi əməkdaşlığı dayandırmaq tələb olunur.

Prezident Vladimir Putin dekabrın 23-də illik mətbuat konfransında Qərbi tələblərə “dərhal” əməl etməyə çağırıb.

Putin dekabrın 26-da Rusiya dövlət televiziyasına müsahibəsində deyib ki, Qərb Moskvanın tələblərinə əməl etməsə, müxtəlif variantları nəzərdən keçirəcək. Rusiyanın reaksiyası “müxtəlif ola bilər”, deyən Putin onu da əlavə edib ki, “bu, hərbi ekspertlərimizin mənə nə təqdim etməsindən asılı olacaq”.

ABŞ rəsmiləri tələblərin bəzilərinin qeyri-işlək, qeyri-mümkün, yaxud Qərb dəyərlərinə tam zidd olduğunu açıqlayıblar. Ancaq Birləşmiş Ştatlar yanvarın əvvəlində danışıqlarda iştiraka hazır olduğunu açıqlayıb. Danışıqlar ikitərəfli, NATO və ATƏT çərçivəsində aparılmalıdır.

Bu danışıqlarla bağlı təkliflər Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığması fonunda səslənir. Qərb bunu Ukraynaya mümkün hücuma hazırlıq kimi yozur. Birləşmiş Ştatlar və Avropa İttifaqı Moskvanı hərbi eskalasiyanın sərt nəticələrlə hədələyib.

Rusiya işğal niyyəti olmadığını deyir.

Rusiyanın Müdafiə Nazirliyi dekabrın 25-də bəyan edib ki, 10 mindən çox əsgər Ukrayna ilə sərhəd yaxınlığında bir ay çəkən məşqləri yekunlaşdırıb və əsgərlər daimi bazalarına qayıdırlar.

Geri qayıt