Əsas Səhifə > Dünya > MOSSAD direktoru ABŞ-a getdi:

MOSSAD direktoru ABŞ-a getdi:


6-12-2021, 09:29
MOSSAD direktoru ABŞ-a getdi:
MOSSAD-ın direktoru David Barnea İranla bağlı məsləhətləşmələr aparmaq üçün dünən Vaşinqtona gedib.

Ovqat.com xəbər verir ki, məlumatı həftəlik yəhudi dərgisi “The Jewish Press” yayıb.

Dərgi vurğulayıb ki, MOSSAD rəhbərinin bu səfəri İranla yenidən başladılan nüvə danışıqlarının 7-ci raundunun nəticəsiz yekunlaşmasından sonraya təsadüf edir.

Bildirildiyinə görə, Barnea səfər çərçivəsində ABŞ-ı İranın ilkin razılaşmaya əməl etməməsinə imkan verəcək müvəqqəti razılaşmanın zərərlərinə inandırmaq üçün Bayden administrasiyasının rəsmiləri ilə görüşəcək. Bundan əlavə, Mossad rəhbərinin ABŞ-ı Tehrana qarşı beynəlxalq sanksiyaları dəstəkləməyə çağıracağı bildirilir. Barnea həmçinin ABŞ-ı xəbərdar edəcək ki, İsrail heç bir razılaşmada əldə edilmiş müddəalarla bağlı olmayacaq, lazım gələrsə, bu ölkəyə və onun nüvə proqramına qarşı hərəkət edəcək.

Qeyd edək ki, Böyük Britaniya, Fransa və Almaniyadan olan səfirlər şənbə günü birgə bəyanat verərək İranla danışıqların iflasa yaxın olduğunu bildirmişdilər.

Bəyanatda deyilir: “Tehran aylarla çəkdiyimiz zəhmətdən sonra razılaşdırdığımız çətin kompromislərin demək olar ki, hamısından imtina edir. İran beş aydan çoxdur ki, danışıqları dayandırmışdı. O vaxtdan bəri İran nüvə proqramını sürətlə inkişaf etdirdi. Bu həftə o, əldə edilmiş diplomatik irəliləyişlərdən də geri çəkildi”.

Xatırladaq ki, 2015-ci ildə İrandakı Ruhani hakimiyyətinin BMT TŞ-nın 5 daimi üzvü və Almaniya ilə bağladığı müqaviləyə əsasən, ölkə uranı yalnız 3.67% zənginləşdirə bilərdi. Bu zənginləşdirmə həddi mülki məqsədləri həyata keçirmək üçün kifayət edir. Amma bu razılaşma da uzun sürmədi. 2 ildən sonra ABŞ prezidenti seçilən Donald Tramp 2018-ci ildə bu sazişdən çıxdığını açıqladı və ardınca İran da öz öhdəliklərindən imtina etdi. Beləcə, İran uranın zənginləşdirilməsi dərəcəsini tədricən yüksəltmək xəttini tutdu.

Ölkənin yeni prezidenti İbrahim Rəisinin seçilməsindən sonra bu proses daha geniş vüsət almağa başladı. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) 5 gün əvvəl, 1 dekabr 2021-ci il tarixində verdiyi açıqlamaya görə, Tehran yeraltı Fordo nüvə obyektində uranı 20 faiz saflığa qədər zənginləşdirmək üçün qabaqcıl sentrifuqalardan istifadə edir. Mütəxəssislərin fikrincə, bu səviyyə nüvə silahı əldə etmək həddinə xeyli yaxınlaşmaq deməkdir.

Maraqlıdır ki, İranın rəsmiləri də uranın zənginləşdirilməsi istiqamətində atılan addımları nəinki inkar etmir, əksinə bu səviyyənin daha yüksək olduğunu bildirirlər. Noyabrın 6-da İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi rəsmi media orqanlarına verdiyi açıqlamada uranı 60% zənginləşdirdiklərini vurğulayaraq demişdi: "İndiyə qədər biz 25 kiloqram 60 faizlik uran istehsal etmişik ki, nüvə silahı olan ölkələr istisna olmaqla, heç bir dövlət bunu bacara bilməyib".

Kamalvəndinin bu etirafı İranın yeni prezidenti İbrahim Rəisinin hakimiyyətə gəlməsindən sonra uranın daha artıq zənginləşdirilməsi prosesini sürətləndirdiyindən xəbər verir. Belə ki, İran artıq bu ilin iyun ayında uranı 60 faiz saflıq səviyyəsində zənginləşdirdiyini açıqlamış və əlində 6,5 kiloqram 60 faiz zənginləşdirilmiş uran olduğunu bildirmişdi. Bu isə İranın noyabrda istehsal etdiyi 25 kilo nüvə yanacağından xeyli azdır və Rəisi hakimiyyətinin nüvə silahına sahib olmaq üçün çalışdığını və bu hədəfə xeyli yaxınlaşdığını göstərir. Çünki nüvə silahı istehsal etmək üçün uran 90 faizə qədər saflaşdırılmalıdır və 60 faiz saflıq əldə edildikdən sonra bu hədəfə çatmaq üçün çox kiçik məsafə qalır.

Odur ki, İsrail yetkililəri İranın nüvə danışıqları ilə sadəcə vaxt qazanmağa çalışdığına inanır, danışıqlardan əvvəl Tehranın nüvə proqramını dayandırmasını tələb edirlər. Tel-Əvivin fikrincə, İran bu şərti qəbul etməyəcəyi təqdirdə, diplomatik həll variantı bir kənara buraxılmalı və dərhal hərbi əməliyyatlara başlanılmalıdır. MOSSAD rəhbərinin məhz belə bir zamanda ABŞ-a səfər etməsi təsadüfi sayılmır və məqsədin İrana qarşı birgə hərbi əməliyyatlara başlamaq üçün sövdələşmək olduğu bildirilir.

Geri qayıt