Əsas Səhifə > Dünya > Ankaranın Rusiya ilə Ukraynanı barışdırmaq cəhdi

Ankaranın Rusiya ilə Ukraynanı barışdırmaq cəhdi


2-12-2021, 15:13
Ankaranın Rusiya ilə Ukraynanı barışdırmaq cəhdi
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Aşqabada səfəri zamanı jurnalistlərə açıqlamasında ölkəsinin Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə hazır olduğunu bildirib. O deyib ki, Ukrayna ilə Rusiya sərhədindəki vəziyyət təhlükəli həddə çatacağı təqdirdə Türkiyə barışdırıcı missiyasını təklif edəcək: “Bizim mövqeyimiz bəllidir. Xüsusilə, başda Krım türklərilə əlaqədar yanaşma olmaq şərtilə bölgədə barışın olmasına tərəfdarıq. Dost Rusiya və cənab Putinlə bu məsələləri dəfələrlə müzakirə etmişik və edirik. Arzumuz odur ki, bu bölgə müharibənin yox, sülhün hakim olduğu bölgə olaraq gələcəyə irəliləsin. Bununla bağlı vasitəçilik olar, tərəflərlə müzakirələr olar. İstər Ukrayna ilə, istərsə də cənab Putinlə müzakirələri davam etdirərək, gələcəkdə məsələnin həllində bizim də payımızın olmasını istərdik”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında bildirib ki, Türkiyənin həm iqtisadi, həm siyasi, həm də hərbi imkanları var ki, bu prosesdə yer alsın: “Bilirsiniz ki, bu günə qədər bu məsələ Almaniya, Fransa, Rusiya və Ukrayna arasında müzakirə olunurdu. Lakin göründüyü kimi, bu platforma münaqişənin həllinə hər hansı töhfə vermirdi. Əsas səbəb hər iki Avropa dövlətinin maraqlı tərəf kimi prosesdə iştirak etməsi, tərəflərdən birinə açıq dəstək göstərməsi ilə bağlıdır”.

“Türkiyə isə Almaniya və Fransadan fərqli olaraq həm Rusiya, həm də Ukrayna ilə qonşudur. Digər yandan, həm Moskvanın, həm də Kiyevin Türkiyəyə etimad limiti var. Çünki Türkiyənin hər iki dövlətlə münasibətləri yüksəkdir. Rəcəb Tayyib Ərdoğanın şəxsi nüfuzu, beynəlxalq miqyasda proseslərə təsir imkanları, həm rusiyalı, həm də ukraynalı həmkarlarının ona olan isti münasibəti bu amili şərtləndirir. Ümumiyyətlə sülh prosesini o qüvvələr aparmalıdır ki, onlar konkret tərəf olmasınlar. Belə olarsa, münaqişələr də faciəli nəticələrə gətirib çıxarmır”, – deputat vurğulayır.

Onun sözlərinə görə, Türkiyənin bu istiqamətdə geniş təcrübəsi var: “Bilirsiniz ki, Türkiyə bugünə qədər çoxlu sayda beynəlxalq münaqişələrdə iştirak edib. İraqda, Suriyada, Liviyada, Əfqanıstanda, Qafqazlarda, Şərqi Aralıq bölgəsində, Afrikanın şimalında, Körfəz ölkələrində geniş təcrübə qazanıb. Və ən əsası odur ki, Türkiyənin iştirakçısı olduğu bu proseslər əsas etibarilə müsbət sonluqla nəticələnib. Hesab edirəm ki, Türkiyə bu münaqişədə yer alsa, münaqişənin nizamlanması istiqamətində ciddi nəticələr əldə etmək mümkündür. Bunu hər iki tərəf bilir və inanıram ki, Ərdoğanın təklifini qəbul edəcəklər”.

“Bu gün Türkiyə regionun dünyanın önəmli dövlətlərindən biridir. Həm də beynəlxalq siyasətdə aparıcı oyunçulardan biridir. Kifayət qədər də müsbət reputasiyası var. Hətta deyərdim ki, dünya siyasətində öz müstəqilliyini qorumağın formatını ortaya qoyan ən uğurlu dövlətdir. Təbii ki, Türkiyənin bu prosesdə iştirakı Azərbaycanın da maraqlarına uyğundur. Qardaş dövlət gücləndikcə, Türkiyə ilə yanaşı, Azərbaycan da güclənir. Məhz Türkiyə ilə uğurlu əməkdaşlıq formatı ölkəmizin son dövrlər beynəlxalq miqyasda rolunu artırıb. Qardaş ölkənin dəstəyi nəticəsində biz doğma torpaqlarımızı işğaldan azad etdik” – Məhəməliyev qeyd edir.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev AYNA-ya şərhində deyib ki, Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik etməsi tamamilə mümkündür: “O səbəbdən ki, son illər Türkiyə ilə Rusiya arasında münasibətlər normallaşıb. O cümlədən Ankarının Kiyevlə də münasibətləri yüksəkdir. Türkiyə bu günə qədər bir çox beynəlxalq münaqişələrdə iştirak edib. Hətta Şərqi Aralıq bölgəsində, Afrikanın şimalında, Körfəz ölkələrində iştirakçılığı var. Digər yandan, 44 günlük müharibədən sonra regionda yeni situasiya yaranıb”.

“İkinci Qarabağ müharibəsindən sonra “3+3” formatı da gündəmə gəlib. İlkin dövrdə Gürcüstan buna etiraz etsə də, artıq müəyyən yumşalmalar hiss olunur. Təbii ki, format baş tutarsa, Türkiyənin Abxaziya və Osetiya probleminin nizamlanmasında iştirakı ola bilər. Ardınca isə Ukrayna və Rusiya münaqişəsində də Türkiyə mühüm rol ala bilər. Bu mənada, Rəcəb Tayyib Ərdoğanın açıqlaması təsadüfi deyil. “Lakin proses nə zaman baş verəcək və ümumiyyətlə baş verəcəkmi” suallarına birmənalı cavab vermək çətindir” – Agentlik direktoru söyləyir.

O əlavə edir ki, Türkiyənin beynəlxalq müstəvidə artan nüfuzu Azərbaycanın xeyrinədir: “Çünki Azərbaycanla Türkiyə qardaş dövlətlərdir. Təbii ki, Türkiyənin uğuru bizim də uğurumuzdur” – deyə Əliyev fikirini yekunlaşdırıb.



Geri qayıt