Əsas Səhifə > Dünya > Qarabağ və İdlib-Hulusi Akar Sergey Şoyquya nə deyib?

Qarabağ və İdlib-Hulusi Akar Sergey Şoyquya nə deyib?


17-11-2021, 08:47
Qarabağ və İdlib-Hulusi Akar Sergey Şoyquya nə deyib?
Türkiyənin müdafiə naziri Hulusi Akarla Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında telefon danışığı olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirlər Suriya başda olmaqla, regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Son günlər Türkiyə və Rusiyanın birgə əməkdaşlıq etdiyi Qarabağda və İdlibdə vəziyyət gərginləşib. İdlibdəki gərginliklə bağlı həm Rusiyanın, həm Türkiyənin öz narahatlıqları var. Tərəflər birgə patrulları olduğu bölgədə atəşkəsin pozulmasından narahatdırlar. Qarabağda da birgə Monitorinq Mərkəzində həm Rusiya, həm Türkiyə hərbçiləri görəvlidirlər. Nazirlərin telefon danışığında şübhəsiz ki, Qarabağda və sərhəddə Ermənistanının vəziyyəti gərginləşdirməsi də müzakirə edilib.

Qeyd edək ki, ötən il noyabrın 11-də Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzalayıblar. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verildi. 2021-ci il yanvar ayının 30-da Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərməyə başlayıb. Türkiyə parlamenti türk əsgərlərinin Azərbaycanda qalmaq sürəsini bugünlərdə daha bir il müddətinə uzadıb. Azərbaycan ictimai rəyinə görə, Türkiyənin bu mərkəzdəki hərbi personalının sayı artırılmalıdır. Monitorinq Mərkəzinin fəaliyyəti isə gücləndirilməlidir. Nazirlərin telefon danışığı Qarabağ bölgəsində və sərhəddə sabitliyə hansı töhfələr verə bilər? Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin gücləndirilməsi istiqamətində hansı addımları ata bilər?

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Türkiyə və Rusiya müdafiə nazirlərinin telefon danışığı iki strateji əməkdaşlıq edən dövlət arasında bir sıra problemlərin həllinə yönəlib. Xüsusilə Türkiyə Suriyanın şimalında hərbi əməliyyatlara hazırlaşır. Rusiyanın burada mövqeyi önəmlidir: “Bundan əlavə, Cənubi Qafqazla bağlı vəziyyət son günlər yeni bir gərgin mərhələyə keçib. Ermənistanın təxribatları, danışıqlardan yayınması, sülhməramlı qüvvələrin məsuliyyət zonasında terror təxribat hallarının baş qaldırması Ankaranı narahat edən faktordur. Ona görə də müdafiə nazirlərinin telefon danışığında həm Suriya, həm Ermənistan-Azərbaycan münasibətlərindəki yeni vəziyyətin müzakirə olunduğu şübhəsizdir. Hesab edirəm ki, sadəcə iki ölkənin maraqları uzlaşdırılır. Düşünürəm ki, Türkiyə tərəfi Rusiyadan Ermənistana təzyiqlərin edilməsini və danışıqlar prosesinin başlanmasını istəyib”.

Siyasi ekspertin qənaətincə, telefon danışıqlarının sərhəddə vəziyyətə müsbət təsir edəcəyi gözlənilmir: “Bundan əlavə, Türkiyə daha da çevik hərəkət etməli və Monitorinq Mərkəzinin fəaliyyətini işlək hala gətirməlidir. Ümumiyyətlə, Türkiyə və Azərbaycan daha da hərbi imkanlarını inkişaf etdirib, qanunsuz erməni silahlı birləşmələrinə qarşı antiterror əməliyyatları keçirilməlidir. Bundan sonra regionda situasiya sabitləşə bilər. Belə telefon danışıqlarında Rusiya güzəştə getmir. Yalnız Rusiya ilə Türkiyə Qarabağda güc mövqeyi ortaya qoymalıdır. Bəlkə bundan sonra Moskva öz sülhməramlı missiyasında korrektələr etdi. Bununla, şübhəsiz, müdafiə nazirlərinin telefon söhbətində Ankaranın mesajı Moskvaya çatdırılıb”.

Politoloq hesab edir ki, Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin gücləndirilməsi və heyətin sayının artırılması məsələsini qaldıra bilər.

Geri qayıt