Əsas Səhifə > Dünya > ABŞ niyə Türkiyəni “oyundankənar vəziyyətə” saldı
ABŞ niyə Türkiyəni “oyundankənar vəziyyətə” saldı15-11-2021, 10:45 |
Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, Vaşinqton Ankaranı “F-35” proqramından kənarlaşdırmaq üçün “F-35” konsorsiumuna imza atan digər 8 ölkəyə təzyiq göstərərək anlaşmadan çıxarıb: “9 ölkənin birləşərək qurduğu “F-35” konsorsiumundan 8 ölkə çıxdı. Beləliklə, Türkiyə layihədə tək qaldı. Nəticədə “F-35” ortaqlığı Türkiyəsiz yenidən quruldu”. Nazir qeyd edib ki, buna səbəb olaraq Türkiyənin Rusiyadan “S-400” silahlarını alması göstərilsə də, əslində məqsəd başqadır: “Niyyət Türkiyənin olmadığı yeni proqram hazırlamaqdır. Hazırda ABŞ rəsmiləri ilə bu istiqamətdə danışıqlar davam etdirilir. İlk görüş Ankarada keçirilib. Yaxın aylarda ABŞ-da görüşün keçirilməsi qərara alınıb. İndiyə qədər çəkdiyimiz xərclər və 6 təyyarənin vəziyyəti ilə bağlı müzakirələr davam edir”. Xatırladaq ki, ABŞ və Türkiyə ilə yanaşı, Böyük Britaniya, İtaliya, Hollandiya, Danimarka, Kanada, Norveç və Avstraliya konsorsiumda təmsil olunurdu. Bir çox ekspertlər hesab edirlər ki, ABŞ-ın Türkiyəyə qarşı təzyiqləri Rusiyadan “S-400” almasına görə deyil, müstəqil siyasət yürütməsi ilə bağlıdır. Türkiyəli siyasi icmalçı, Dr. Can Kasapoğlu AYNA-ya şərhində deyib ki, Türkiyə istehsalçı dövlət olaraq konsoriumun üzvü idi: “Yəni, bu, o deməkdir ki, Türkiyə “F-35”-i hazır almırdı, onun istehsalı prosesində iştirak etməli idi. Təbii ki, belə bir qərarın verilməsi Türkiyə üçün arzuolunan deyil. Çünki bu, təkcə döyüş təyyarəsi deyildi, eyni zamanda minlərlə yeni iş yeri yaradan layihə idi. Bu mənada Türkiyənin sənaye itkiləri də nəzərə alınmalıdır. Misal üçün, Səudiyyə Ərəbistanı “F-35”-ləri hazır alır, onlar istehsal prosesində iştirak etmirlər. Türkiyənin bu porqramda əsas üstünlüyü həm də istehsal dövləti olması ilə bağlı idi”. “Dünyada mövcud olan bütün silah sistemlərində olduğu kimi, “F-35”-in də müsbət və mənfi cəhətləri var. Ən böyük mənfi cəhəti müdafiə iqtisadiyyatı ölçüsüdür. “F-35” Birgə Zərbə Qırıcısı inventarda saxlamaq üçün bahalı bir təyyarədir. Hazırda bir F-35-in uçuş saatının qiyməti 36-44 min dollar civarında qiymətləndirilir. Bu isə öz növbəsində bir neçə F-16-nın dəyərindən bahadır. Eyni zamanda ALIS sistemindəki səhvlər əməliyyat xərclərini və iş yükünü daha da artırır. Üstəlik, proqramda aşkar edilən bəzi problemlər cari müqavilə öhdəliklərindən daha çox pul tələb edəcək”, - deyə ekspert bildirib. Onun sözlərinə görə, Rusiyanın “S-400” sistemi indiyə qədər döyüş uğuru əldə etməyib: “Lakin dünyanın ən sıx SAM sistemləri ilə qorunan hava məkanlarından olan Suriyada İsrail Hərbi Hava Qüvvələri “F-35”-lərlə sistemli əməliyyatlar həyata keçirir. İddialara görə, son üç ildə minə yaxın hədəf vurulub və İsrail pilotlarının 70 faizi Suriya hava məkanına daxil olub. Digər yandan hələ “F-35”-in vurulması halları qeydə alınmayıb. Bütün bunlar bir daha göstərir ki, Türkiyənin “F-35”-lə bağlı layihədən kənarda qoyulması mənfi məqamdır. Bu, bizim üçün itki sayıla bilər”. “Türkiyə dövləti “F-35” proqramında qalmaq istəyini dəfələrlə ən yüksək rəsmi səviyyədə dilə gətirib. Təbii ki, tarixi geriyə çevirmək mümkün deyil və Türkiyənin irəliyə baxmaq vaxtıdır. Təəssüf ki, Avropada Türkiyə üçün müdafiə sənayesi məhdudiyyətləri və çətinliklər siyasi zəmində güclənməkdə davam edir. Hazırda görməli olduğumuz əsas iş Türkiyənin hərbi potensialını artırmaq və döyüş hazırlığı səviyyəsini yüksəltməkdir. Məhz bu yolla itirdiklərimizi kompensasiya edə bilərik. Bir məqamı da unutmaq lazım deyil ki, Türkiyə müdafiə sənayesinin verdiyi itkilərin ödənilməsi ən azı hərbi potensialın gücləndirilməsi qədər vacibdir”, - deyə Kasapoğlu fikirini yekunlaşdırıb. ABŞ-da təhsil almış türkiyəli politoloq, professor Selman Arslanbaş AYNA-ya açıqlamasında söyləyib ki, Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyub: “Görünən odur ki, Bayden administrasiyası rəsmi Ankara ilə məsafəli siyasət yürütməyə üstünlük verir. ABŞ və Türkiyə liderləri arasında keçirilən son görüş də bunun təsdiqi rolunda çıxış edir. Hazırda münasibətlər yüksək olmasa da, aşağı səviyyədə də deyil. Yəni, çıxış yolu hər zaman var. Bunu hər iki tərəfdə nəzərə alırlar”. Müsahibimizin dediyinə görə, Suriyada PKK-nın qolu olan YPG-yə ABŞ-ın verdiyi siyasi-hərbi dəstək, Türkiyənin isə “S-400” raketlərini öz ərazisində saxlaması bu münasibətləri gərginləşdirən faktorlar rolunda çıxış edir: “Görünən odur ki, tərəflər hələlik ortaq məxrəcə gələ bilmirlər. Belə olduğu təqdirdə Amerika müttəfiqləri ilə birlikdə Türkiyəyə qarşı təzyiqləri artırır. 9 ölkənin birləşərək qurduğu “F-35” konsorsiumundan 8 ölkənin çıxması, Türkiyənin isə layihədə tək qalması bunun təzahürüdür”. “Milli müdafiə naziri Hulusi Akarın da qeyd etdiyi kimi, onların əsas məqsədi Türkiyənin olmadığı yeni proqram hazırlamaqdır. Bu yolla Türkiyəni geri çəkilməyə təhrik edə bilməyəcəklər. Türkiyə kifayət qədər güclü dövlətdir. Son illərdə isə daha da güclənib. Bu gün dünyanın əsas beynəlxalq oyunçularından biridir. Regionda Türkiyənin rolu və iştirakı olmadan hər hansı layihənin uğur qazanması mümkün deyil. Yəqin ki, yekunda Qərb dairələri bu faktoru nəzərə alacaq. Əks halda ABŞ-Türkiyə müttəfiqliyinə xələl gələ bilər”, - deyə Arslanbaş vurğulayıb. Geri qayıt |