Əsas Səhifə > Dünya > Konqresmenlər Baydeni Ukraynaya hərbi yardım göstərməyə çağırdılar
Konqresmenlər Baydeni Ukraynaya hərbi yardım göstərməyə çağırdılar6-11-2021, 09:26 |
Amerikanın respublikaçı konqresmenləri Mayk Rocers və Mayk Turner noyabrın 5-də ABŞ prezidenti Co Baydeni Ukraynaya hərbi yardım göstərməyə və döyüş gəmilərini Qara dənizə göndərməyə çağırıblar. Ovqat.com-un məlumatına görə, konqresmenlər ABŞ prezidentinə yazdıqları məktubla bu tələblərini irəli sürüblər. ABŞ-ın həftəlik “Defense News” nəşrində dərc olunan məktubda bildirilir: "Rusiya qoşunlarının bu yaxınlarda Ukrayna sərhədində cəmləşməsi ilə əlaqədar biz sizin administrasiyanı kəşfiyyat və silah sahəsində Ukraynaya dəstək vermək üçün dərhal və təcili tədbirlər görməyə çağırırıq". Məktubda bildirilir ki, Bayden Administrasiyası Rusiyanın beynəlxalq hüquq və ərazi suverenliyinə davam etməkdə olan təcavüzünü göz ardı edə bilməz: "Bundan əlavə, biz təcili olaraq ABŞ-ın regionda lazımi hərbi mövcudluğu və mövqeyi məsələsini nəzərdən keçirməyə və vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün ABŞ-Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi üzrə müvafiq tədbirlərə başlamağa çağırırıq". Məktub Ukrayna Müdafiə Nazirliyinin çərşənbə günü Rusiya qoşunlarının sərhədə qoşun yığması ilə bağlı yaydığı bəyanatından sonra yazılıb. Nəzərə alsaq ki, müəlliflər - Rocers və Turner müvafiq olaraq Nümayəndələr Palatasının Silahlı Qüvvələri Komitəsinin və Strateji Qüvvələr üzrə Alt Komitənin yüksək vəzifəli üzvləridir, onların altına imza atdıqları məktubun dəyəri daha artır. Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin məlum bəyanatında Rusiyanın Donbass sərhədinə 90 mindən çox hərbçi və minlərlə hərbi texnika topladığı bildirilirdi. Məlumata zirehli döyüş texnikalarının, tankların və özüyeriyən artilleriyanın qurğularının peyk şəkilləri də əlavə olunmuşdu. "Rusiya regionda gərginliyi davam etdirmək və qonşu ölkələrə siyasi təzyiq göstərmək üçün vaxtaşırı hərbi təhdidlərini genişləndirib və genişləndirməyə davam edir", - deyə nazirliyin məlumatında bildirilirdi. Müəlliflər xatırladırlar ki, ötən həftə Ukrayna və Rumıniya rəsmiləri də Qərb tərəfdaşlarını Rusiyanın bölgədəki militarizasiya siyasətinə qarşı durmaq üçün Qara dənizdə hərbi iştirakını gücləndirməyə çağırmışdılar. Ukrayna Vaşinqtonu Baltik dənizində olduğu kimi Qara dənizdə də NATO qüvvələrini yerləşdirməyə və region dövlətlərini dəstəkləməyə səsləmiş, bu batalyonun çoxmillətli döyüş qruplarından təşəkkül tapacaq miqyasda olmasını istəmişdi. ABŞ konqresmenlərinin Co Baydenə məktubları bu çağırışdan sonra qələmə alınıb. Rocers və Turner məktubda vurğulayırlar ki, Rusiya təcavüzkar davranışını və ritorikasını gücləndirib, həm öz hərbi modernləşdirilməsini, həm də Ukraynanın NATO-ya daxil olmaq iddialarını tənqid edir. "Rusiyanın niyyətləri qeyri-müəyyən olsa da, onun 1-ci elit qvardiyasının tank birliklərini Ukrayna sərhədlərinə toplaması bu ölkəyə əlavə hərbi müdaxilə planlaşdırması ilə bağlı narahatlıqlara əsas verir", - deyə Rocers və Turner bildirirlər. Məktubda həmçinin qeyd olunur ki, Bayden Administrasiyası keçən yay hərbi yardıma 60 milyon dollar ayırandan sonra Rusiyanın bölgədəki hərbi fəallığı artıb. Konqresmenlər Bayden administrasiyanı "Rusiyanın yeni işğalının qarşısının alınması və təcavüzünün dəf olunması" üçün Ukraynaya hərbi yardımı artırmağa çağırıblar. Ötən ay ABŞ müdafiə naziri Lloyd Ostinin Qara dəniz ölkələrinə səfəri çərçivəsində Ukrayna və Gürcüstana səfər etdiyi vurğulanan məktubun sonunda təəssüflə bildirilir: “Brüsseldə NATO-nun baş qərargahında başa çatan səfər zamanı nə Austin, nə də NATO-nun baş katibi Yens Stoltenberq Qara dənizdə hər hansı qüvvənin artırılması planlarını açıqlamadılar”. Xatırladaq ki, bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi də Pentaqonun Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının fəaliyyətini diqqətlə izlədiyini bildirmişdi. Nümayəndələr Palatası üzvlərinin ABŞ-ı israrlı şəkildə Qara dənizə hərbi gəmilərini göndərməsini və Ukraynaya dəstək verilməsini tələb etmələri fonunda Ukrayna ətrafında baş verən hadisələrə nəzər salanda əslində Ağ evdən tələb olunan proseslərin artıq başladığını görə bilərik. Məlum olduğu kimi, bir müddət əvvəl Ukraynanın Donbassdakı separatçı qüvvələrə “nəbz yoxlaması” xarakterli zərbələr endirməsindən sonra Kiyevlə Moskva arasında ziddiyyətlər böyümüşdü. Moskvanın etiraz bəyanatlarından sonra ABŞ-ın 6-cı donanmasının flaqman gəmisi qərargahı ilə birlikdə Qara dənizə daxil olmuşdu. Donanmanın bu addımın səbəbi ilə bağlı yaydığı bəyanat xeyli təhdidkar ruhda idi. Bəyanatda açıq şəkildə vurğulanırdı ki, flaqman gəmisinin göyərtəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasının qərargahının və NATO Hücum və Dəstək Qüvvələrinin (STRIKFORNATO) komandanlığının zabitləri də olacaq. Üstəlik, gəmilərin hansısa hərbi təlim üçün yox, əməliyyat üçün Qara dənizə göndərildiyi bildirilirdi: ““Mount Whitney” və onun üzərində yerləşən qərargah zabitləri NATO müttəfiqləri və tərəfdaşları ilə birlikdə Aralıq və Qara dənizlərdə fəaliyyət göstərəcək, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə çalışacaqlar”. Bəyanatda həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Porter” esminetsinin də Qara dənizə göndərildiyini açıqlanır və regiondakı tərəfdaşlarla birgə əməliyyatlara hazırlaşmaqdan bəhs olunurdu: "USS Porter NATO müttəfiqləri və regiondakı tərəfdaşlarımızla birgə əməliyyatlar aparmaq üçün şimala Qara dənizə doğru hərəkətə başlayıb", - deyə vurğulanırdı. Göründüyü kimi, ABŞ Hərbi Dəniz Komandanlığının 6-cı Donanmasının bu bəyanatı Pentaqonun Rusiya ilə cəbhə xəttini Aralıqdan Qara dənizə çəkmək niyyəti ortaya çıxır. ABŞ Hava Qüvvələrinin xeyli sayda təyyarələrini və digər hərbi texnikalarını Yunanıstan, Bolqarıstan və Rumıniyadakı hərbi bazalarına yerləşdirməsi də bu ehtimalı gücləndirir. Konqresmenlərin Co Baydenə yazdıqları məktubda da Ukraynanı dəstəkləmək üçün Qara dənizə hərbi qüvvələr göndərilməsi tələb olunur. Məsələlərə bu kontekstdə nəzər salanda belə bir nəticə hasil olur: ABŞ cəbhə xəttini Qara dənizə “sürüşdürmək” planına hüquqi zəmin hazırlamaq üçün konqresmenlərin gücündən istifadə etməyə çalışır. Ovqat.com Geri qayıt |