Əsas Səhifə > Dünya > “Rusiya Ukraynada hakimiyyət dəyişikliyinə cəhd edir”

“Rusiya Ukraynada hakimiyyət dəyişikliyinə cəhd edir”


5-11-2021, 08:51
“Rusiya Ukraynada hakimiyyət dəyişikliyinə cəhd edir”
Ukrayna Ali Radası müdafiə naziri də daxil olmaqla, beş naziri istefaya göndərib. “Yeni Müsavat” bildirir ki, Donbasda vəziyyətin kəskinləşdiyi bir vaxtda ən mühüm postlardan olan istefalar diqqət çəkir. Belə ki, baş nazirin birinci müavini, iqtisadiyyat naziri Aleksey Lyubçenkodan başqa, nəzarətdə olmayan ərazilər üzrə nazir Aleksey Reznikov, müdafiə naziri Andrey Taran, strateji sənaye sahələri məsələləri üzrə nazir Oleq Uruski və ətraf mühit və təbii ehtiyatlar naziri Roman Abramovski istefa verib. Bunun səbəbi nədir: Ukrayna prezidenti Vladimir Zelenskiyə etimadsızlıq, yoxsa...

Ukraynalı siyasətçi Vladimir Oleynik bildirib ki, bu vəzifəyə Aleksey Reznikovun təyinatı mümkündür. Bu qərarı 341 deputat dəstəkləyib. Fraksiyalar; “Xalqın xidmətçisi” - 220, OPZZh - 18, “Avropa Həmrəyliyi” - 24 , “Batkivşçina” - 17, “Gələcək üçün” - 12, “Səs” - 16, “Güvən” - 19, fraksiya olmayan - 15 lehinə səs verərək müdafiə nazirini vəzifədən kənarlaşdırıblar.

Ali Radada “Xalqın qulluqçusu” fraksiyası hazırda baş nazirin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir vəzifəsində çalışan Aleksey Reznikovun namizədliyini dəstəkləyib. Ukrayna mətbuatının yazdığına görə, prezident Vladimir Zelenski Reznikovun namizədliyini təsdiqləyib, çünki o, “susan” Taranın əvəzinə “danışan” müdafiə naziri görmək istəyir. Ekspert Oleynik isə deyir ki, Taran kifayət qədər qapalı şəxsdir: “Açığını desəm, o, iki sözü birləşdirib normal cümlə qura bilmir. Ukraynada Rusiyanın ”aqressivliyinə" qarşı aktiv çıxışlar və qəti qərarlar verəcək müdafiə nazirinə ehtiyac var".

Bu arada Rusiya siyasi dairələri hadisəyə ciddi reaksiya veriblər. Siyasətçilər ölkə mətbuatında bunu Ukraynanın Rusiya ilə müharibəyə başlamasına işarə kimi dəyərləndiriblər.

ReAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a söylədi ki, Ukraynada bəzi mənbələrin sözlərinə inansaq, Zelenskinin Donbasla bağlı yumşaq siyasəti komanda daxilində narazılıq doğurub: “Digər yanaşma isə ondan ibarətdir ki, Rusiya ilə hansısa anlaşmanın mümkünlüyü haqda danışıqlar gedir və ona görə Zelenski komandasının içində etirazlar baş qaldırıb. Elə ilk etiraz da spikerdən gəldi və istefa verdi. Son hadisələr də bunun davamı kimi dəyərləndirilir”.

N.Cəfərli hesab edir ki, hakimiyyət içində “şahin qanad” da var, yumşaq siyasəti dəstəkləyənlər də: “Zelenski komandasının bir qismi Rusiya ilə anlaşmanın tərəfdarıdır, amma radikal mövqe sərgiləyən qüvvələr də mövcuddur. Onların sayı kifayət qədər çoxdur, söhbət millətçilərdən gedir. Əgər bu istefalar davam edərsə, Zelenskinin partiyasının parçalanması baş verə bilər. Burada Rusiyanın öz oyunlarının olması da istisna deyil. Donbasda gərginliyin artması ya prosesi genişləndirəcək, ya danışıqlara gətirib çıxaracaq”.

Siyasi şərhçi Züriyə Qarayeva “Yeni Müsavat”a dedi ki, Rusiyanın Ukrayna ilə sərhədə qoşun topladığı vaxtda bu cür güc strukturlarının rəhbərlərinin istefaya göndərilməsi Zelenskiyə etimadsızlığı göstərməklə, Kremlin Kiyevdə pərdəarxası təsir imkanlarının da üzə çıxması deməkdir: “Nəzərə alsaq ki, Ukrayna Radasında deputatlar rusyönümlü və qərbyönümlü olmaqla iki yerə ayrılıb və bu qərarın lehinə səs verənlər rusyönümlü qrupa məxsusdur, o zaman ehtimal oluna bilər ki, Rusiya Ukraynada hakimiyyət dəyişikliyinə cəhd edir. Ümumiyyətlə, son dövrlər Ukraynanın Rusiyaya qarşı siyasi ritorikasında əvvəlki dövrlərə nisbətən sərtləşmələr var”.

Təhlilçi bildirdi ki, rus dilinin ölkədə qadağan edilməsi, Putinin şəxsi dostlarına qarşı sanksiyaların tətbiqi, rusiyameylli mətbuat orqanlarının sıxışdırılması, üstəlik, müxtəlif şəxslər səviyyəsində Moskva ilə diplomatik əlaqələrin kəsiləcəyinə dair ultimatumların səsləndirilməsi Kremli daha da qıcıqlandırıb: “Bu baxımdan, ehtimal etmək olar ki, Gürcüstandakı ssenarinin Ukraynada da təkrarlanması üçün işlər aparılır və nazirlərin istefaya göndərilməsi də bu addımların tərkib hissəsidir”.

Ekspert Ramiyə Məmmədova isə qeyd edir ki, Donbas hadisələrinin fonunda istefalar Zelenski iqtidarında qopmalardan və daxili intriqalardan xəbər verir. Müsahibimiz güman edir ki, Ukrayna prezidenti hakimiyyətini gücləndirmək siyasətini həyata keçirməlidir: “Xüsusən burada diqqət çəkən müdafiə nazirinin istefasıdır, digər nazirlər humanitar sahələrə rəhbərlik edir. Əgər müdafiə naziri istefa veribsə, görünür, Donbas döyüşləri ilə bağlı hansısa fikir ayrılıqları olub. Bundan sonra ordunun başına Zelenskiyə sadiq kadr gətirilməlidir və Rusiya ilə bağlantılarının olub-olmadığı dəqiqləşdirilməlidir. Əgər Ukrayna separatizmə qarşı savaş açıbsa, Donbasdakı qüvvələri Kreml dəstəkləyirsə, o zaman Kiyevin müdafiə siyasəti dəyişməlidir. Çünki istefaya gedən müdafiə naziri Ukrayna hakimiyyətini qane etmirdi”.
“Yeni Müsavat”

Geri qayıt