Əsas Səhifə > Dünya > Rusiya Avropanın enerji xəritəsini dəyişdirir

Rusiya Avropanın enerji xəritəsini dəyişdirir


3-11-2021, 09:48
Rusiya Avropanın enerji xəritəsini dəyişdirir
Havalar soyuduqca, Rusiyanın Avropa İttifaqına qarşı qaz basqıları da artıb.

Ovqat.com-un məlumatına görə, Rusiyadan Yamal-Avropa boru kəməri vasitəsilə Polşa üzərindən Avropaya qaz axını tamamilə dayandırılıb.

Bundan əlavə, “Qazprom” Ukrayna üzərindən Avropaya nəql etdiyi qaz axışını da yarıbayarı azaldıb. Məlumata görə, “Qazprom” 2022-ci ilin birinci rübündən üçüncü rübünədək Ukraynanın qaz nəqli sistemi ilə əlavə tranzit imkanları bron etməyib. Halbuki, Ukraynanın GTS operatoru hərracda Sudja stansiyası ilə gündə 9,8 milyon kubmetrə qədər və Soxranovka stansiyasından gündə 5,2 milyon kubmetrə qədər əlavə qaz nəql etmək üçün tranzit imkanlarını təklif etmişdi. Yəni, ümumilikdə, gündə 15 milyon kubmetrədək əlavə həcmdən söhbət gedirdi. Görünən budur ki, Ukraynanın bu təklif qəbul olunmayıb.

“Qazprom”-un Polşadan və Ukraynadan keçən kəmərlərlə bağlı qərarından sonra Avropada qazın qiyməti 15%-dən çox artıb. Hazırda London ICE birjasında min kubmetr qazın qiyməti 880 dollara yüksəlib. Bir çox Qərb analitikləri, o cümlədən “Bloomberg” nəşrinin enerji mütəxəssisləri “Qazprom”un bu addımlarını davam edən enerji böhranı fonunda Rusiyanı Avropada vəziyyəti gərginləşdirməkdə ittiham ediblər. Baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putin əvvəllər söz vermişdi ki, “Qazprom” Avropanın ehtiyacı olan bütün qazı tədarük etməyə hazırdır.

“Qazprom”un hərraclarda iştirakdan imtinasından sonra Ukraynanın GTS operatorunun rəhbəri Sergey Makoqon həyəcan təbili çalın: Rusiya qazının Ukrayna ərazisindən tranziti oktyabrın 1-i ilə müqayisədə noyabrın 1-dən sutkada 57 milyon kubmetrə qədər azalıb. Nəzərə alsaq ki, bu zamanadək Ukraynadan Avropaya qaz nəqli sutkada 86 milyon kubmetr idi, bu nəqlin 1\3-nin azalması anlamına gəlir. Üstəlik, Ukrayna ilə “Qazprom” arasında bağlanmış müqaviləyə əsasən, rus şirkəti bu boru xəttinə sutkada 109 milyon kubmetr qaz vurmalıdır. Belə çıxır ki, tranzit müqavilədə nəzərdə tutulandan iki dəfə çox azalıb. Bu minvalla “Qazprom” may ayının sonuna qədər Aİ-yə təxminən 5 milyard kubmetr qaz tədarük etməyəcək. Ötən şənbə günündən etibarən Yamal-Avropa vasitəsilə Polşadan qaz nəqlinin dayandırılmasını da hesaba qatsaq, bu rəqəm xeyli böyüyür.

“Qazprom” isə Avropanın enerji analitiklərinin şərhləri ilə razılaşmır. Şirkətin fikrincə, Ukrayna tranzitinin azalması və Polşa üzərindən isə tamamilə dayandırılması qanunidir və Avropa İttifaqına qaz nəqlinin kəsintisi anlamına gəlmir. Bu kəsintilər onunla izah oluna bilərdi ki, oktyabrın 1-dən “Qazprom” Macarıstana Ukraynadan deyil, “Türk axını”nın davamı olan “Balkan axını” ilə qaz tədarük etməyə başlayıb. Təbii olaraq, Ukrayna vəziyyətin bu cür dönüşündən çox narazı qalıb, hətta “Qazprom”la Macarıstan arasında razılaşmanın Avropanın enerji qanunvericiliyinə nə dərəcədə uyğun olub-olmadığına hüquqi qiymət vermək üçün Avropa Komissiyasına müraciət edib.

Polşa üzərindən qaz nəqlinə gəlincə, Almaniyanın təbii qaz kəməri operatoru “Gascade” şirkəti də etiraf edib ki, 30 oktyabr 2021-ci il şənbə günündən etibarən “Qazprom” tərəfindən idarə olunan Yamal-Avropa boru kəmərindən qaz almaq mümkün deyil. Açıqlamaya görə, boru kəmərinin Almaniyaya giriş nöqtəsi olan Mallnovaya qaz axını dayanıb. Qaz indi Polşadan Almaniyaya yox, tam əksinə, Almaniyadan Polşaya axacaq.

Rusiyanın Avropaya qaz nəqli xəritəsini yenidən cızması iki səbəblə izah olunur. İlk səbəb, sözsüz ki, Moskvanın “üzünə ağ olan” keçmiş müttəfiqlərini “xəyanətlərinə” görə cəzalandırmaq cəhdidir. Moskvanın məqsədi öz ətrafındakı Rusiya əleyhdarı hakimiyyətləri sarsıtmaq, ya özündən asılı vəziyyətə gətirməklə əvvəlki istehşamını bərpa etmək, ya da onları devirib Rusiyapərəst qüvvələri hakimiyyətə gətirməkdir. Məqsəd Şərqi Avropa ölkələrini Qərbdən uzaqlaşdırmaq olduğundan “Qazprom” vasitəsilə həyata keçirilən bu tədbirlər iqtisadi yox, siyasi xarakter daşıyır və Avropa İttifaqı qanunları ilə daban-dabana ziddiyyət təşkil edir. Bu səbəbdən də qurumun müvafiq orqanlarının ciddi reaksiyası ilə üzləşə bilər.

Digər bir səbəbdən isə, Rusiyanın Avropanı qaz böhranı faktı qarşısında qoyaraq, özünün “Şimal axını-2” layihəsini ona qəbul etdirmək ola bilər. Məlum olduğu kimi, Avropaya qaz nəqlini ikiqat artıracaq “Şimal axını-2” boru kəmərinin inşası artıq tamamlanıb, hətta borular qazla da doldurulub. Layihənin fəaliyyətə başlaması üçün “Qazprom” Almaniya Federal Şəbəkə Agentliyinin sertifikatını gözləyir. Bundan əlavə, Aİ də qaz direktivinə uyğun olaraq xətti təsdiq etməlidir. Rusiyanın qaz ixtisarları da Aİ-yə təzyiq etmək istəyi ilə əlaqələndirilir.

“Qazprom” isə Avropaya qaz nəqlini azaltmasını tamamilə hüquqi prosedurlarla izah edir. Şirkətin iddiasına görə, Yamal - Avropa vasitəsilə Polşadan tranziti ilə bağlı bağlanan müqavilə 2020-ci ildə başa çatıb. Bundan sonra Polşa “Qazprom” ilə yeni tranzit müqaviləsi imzalamaq istəməyib. Varşava Avropa rəsmiləri tərəfindən təklif olunan hərraclarda tranzit imkanlarının bron edilməsi sxeminə keçib. Buna görə də, Polşadan keçən boruya qaz vurulmur. Ukrayna ilə bağlanan müqavilənin bitməsinə isə hələ 2 il var. Buna baxmayaraq, “Qazprom” Ukraynanın tələb etdiyi həcmdə qaz verməyə borclu deyil, 2022-ci ildə müqavilənin yenilənməsinə də həmçinin.

Qiymətlərin bahalaşmasının əsl günahkarına gəlincə, Moskvanın fikrincə, bu, digər tədarükçülər arasında axtarılmalıdır. Çünki Norveç, Əlcəzair, ABŞ kimi digər tədarükçülər Avropaya qaz nəqlini artırıb onu enerji böhranından xilas edə bilərlər. Onlar isə nəinki bunu etmir, hətta ABŞ Avropaya LNG qazı tədarükünü tamamilə dayandırıb, daha çox qazanc əldə etmək üçün öz sıxılmış qazını Asiya bazarına çıxarır.

Bir sözlə, Rusiyanın ABŞ-la qaz müharibəsinin acılarını Avropa çəkir. Xüsusilə qış aylarında Avropanı soyuqla imtahana çəkilmək gözləyir.

Ovqat.com

Geri qayıt