Əsas Səhifə > Dünya > Gürcüstanda Qərb-Rusiya savaşı: “Rəngli inqilablar” qayıdır?

Gürcüstanda Qərb-Rusiya savaşı: “Rəngli inqilablar” qayıdır?


1-11-2021, 16:00
Gürcüstanda Qərb-Rusiya savaşı: “Rəngli inqilablar” qayıdır?
Oktybrın 30-da Gürcüstanda keçirilən bələdiyyə seçkilərinin ikinci turunda hakim Gürcü Arzusu Partiyasının namizədləri 20 şəhərdən 19-da qalib gəlib.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, Vahid Milli Hərəkat Partiyasının namizədi isə yalnız Tsalencixa şəhərində qələbə qazanıb. Yekun nəticələrə əsasən, Tiflisin hazırki meri Kaxa Kaladze səslərin 55,6% faizini alaraq yenidən mer seçilib. Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya isə 44,4 faiz səs toplayıb.

Rustavi, Kutaisi, Poti və Batumi kimi böyük şəhərlərdə də hakim partiyanın namizədləri qələbə qazanıblar.

Xatırladaq ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ilk turu oktyabrın 2-də keçirilib. Gürcü Arzusu Partiyası birinci turda 46,7 faiz səs yığaraq 64 bələdiyyədən 44-də qələbə qazanmışdı.

Gürcüstanda rəsmi nəticələr açıqlanmamışdan əvvəl müxalifət partiyası özünün qalib gəldiyini elan etmişdi. Mərkəzi Seçki Komissiyasının məlumatından sonra, Gürcüstanda Saakaşvili tərəfdarlarının narazılığı açıq şəkildə müşahidə olundu.

Maraqlıdr, hazırki mərhələdə Gürcüstanda proseslər hansı istiqamətdə cərəyan edəcək?

Bununla bağlı Cebhe.info-ya danışan politoloq Elşən Manafov deyib ki, hazırda Ağ Ev və Kreml arasında Gürcüstan uğrunda mübarizə gedir:

“Gürcüstanda yaşanan hadisələrə Cənubi Qafqaz uğrunda Rusiya və Qərb arasında gedən geosiyasi mübarizə kimi yanaşmaq lazımdır. Ümumiyyətlə, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini ölkəyə qayıtmasının sadəcə bələdiyə seçkiləri ilə bağlı olduğunu düşünmürəm.

Hesab edirəm ki, burada geosiyasi bir sifariş vardı. Bununla yanaşı, Gürcüstanda bələdiyələrin statusları və imkanları Cənubi Qafqazın digər ölkələrinə müqayisədə kifayət qədər böyükdür. Həmçinin, Gürcüstanda baş verən hadisələrə siyasi partiyalar arasındakı hakimiyyət daxili mübarizə kimi də baxmaq olar.

Mixail Saakaşvili qərbyönümlü siyasətçidir və Qərbin xüsusi xidmət orqanları ilə müəyyən münasibətlərinin olmasına dair kifayət qədər məlumat var. Hətta o, Qərbdə təhsil almış, ABŞ-ın maliyyə və siyasi dəstəyi ilə zamanında Gürcüstana hakimiyyətə gəlmişdi. Bununla yanaşı, Saakaşvilinin həbs olunacağı da gözlənilən idi, çünki onun barəsində cinayət işi açılmışdı.

O, bunu bilərək ölkəyə qayıtdı. Nəzərə almaq lazımdır ki, Saakaşvili iqtidari dövründə korrupsiyaya qarşı həqiqətən ciddi uğurlara imza atdı. Onun hakimiyyət illərində Gürcüstan MDB ölkələri arasında korrupsiyaya qarşı mübarizədə lider ölkələrdən biri idi. Bunlara görə də Saakaşvili gürcü xalqının rəğbətini qazanmış bir siyasi xadimdir. Lakin Bidzina İvanişvili iqtidara gəldikdən sonra Saakaşviliyə qədər olan neqativ hallar yenidən yaşanmaqdadır. Yenə də Gürcüstanda korrupsiya və insan haqlarının pozulması faktlarına rast gəlinir”.

Politoloq qeyd edib ki, Gürcüstanın indiki iqtidarı da ölkənin Qərbə inteqrasiyası ilə bağlı proseslərdən imtina etməyib:

“Hazırda Gürcüstan və Rusiya arasında müəyyən problemlər qalmaqdadır. Maraqlıdır, Gürcüstan “3+3” formatında iştirak etməkdən imtina edib. Yəni, bu ABŞ-ın mövqeyi ilə üst-üstə düşür. Bu isə onu göstərir ki, Gürcüstan hakimiyyəti indi də ABŞ ilə ciddi münasibətlərə malikdir.

Halbuki Bidzina İvanişvilinin hakimiyyətə gəlməsindən sonra Rusiya ilə Gürcüstan arasındakı problemin qısa zaman ərzində öz həllini tapacağına dair proqnozlar verirdilər. Görünür ki, qərbyönümlü siyasət Gürcüstan hakimiyyətinin siyasətində kifayət qədər özünü qabarıq şəkildə biruzə verir.

Hesab edirəm ki, yaxın gələcəkdə Gürcüstanın qüvvələr nisbətinin dəyişə biləcəyi istisna deyil. Gürcüstan müstəqilliyini əldə edəndən sonra ölkədə çox tez-tez toqquşmalar baş verir. Tarix boyu gürcü hökuməti və müxalifəti arasında olub. Lakin bütün bunlara baxmayaraq, Gürcüstan öz dövlətçiliyini qorumağı bacaran bir ölkədir. Yaxşı olardı ki, bu qarşıdurmalar sivil və hüquqi müstəvidə olsun. Hətta qarşıdurmalalar meydanlara çıxsa belə, onun faciəvi hadislərə səbəb olmaya bilər.

Əgər Rusiya Gürcüstanda yaşanan hadisələrlə bağlı geriyə doğru daha bir addım daha atsa, geosiyasi mübarizədə ciddi məğlubiyyət kimi qəbul oluna bilər. Həmçinin Rusiya son zamanlarda Cənubi Qafqazda müəyyən uğurlara imza atıb və ABŞ artıq bunları minimuma endirmək istəyir”.

Geri qayıt