Əsas Səhifə > Dünya > Moldova “Qazprom”la müqaviləni beş il müddətinə uzada bildi

Moldova “Qazprom”la müqaviləni beş il müddətinə uzada bildi


30-10-2021, 09:52
Moldova “Qazprom”la müqaviləni beş il müddətinə uzada bildi
Kişinyov Rusiyanın “Qazprom” şirkətilə qaz tədarükü müqaviləsinin beş il müddətinə uzadılması və “Moldovqaz”ın borcunun auditinin aparılması barədə razılığa gəlib.

Ovqat.com-un məlumatına görə, Moldova İnfrastruktur Nazirliyi bunu rəsmən açıqlayıb.

“Sankt-Peterburqda Moldova nümayəndə heyəti ilə “Qazprom” arasında danışıqlar başa çatıb. Razılaşmaya əsasən, “Qazprom” və “Moldovaqaz” arasında müqavilə Moldova tərəfinin təklif etdiyi düsturdan istifadə etməklə beş il müddətinə uzadılacaq”, - deyə nazirliyin “Facebook” səhifəsində dərc edilmiş bəyanatda deyilir.

Qeyd edək ki, “Moldovaqaz” ilə “Qazprom” arasında tədarük müqaviləsi sentyabr ayından başa çatmış, oktyabrın 1-də müqavilə bir ay müddətinə uzadılmışdı. Bir həftə sonra ölkə hakimiyyəti istehlakın təklifi üstələdiyini bildirmiş və oktyabrın 22-də ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilmişdi.

Moldova “Qazprom”dan asılılıqdan qurtulmaq üçün alternativ enerji mənbələri axtarmış, ölkənin Baş nazirinin müavini Andrey Spinu demişdi ki, Kişinyov ucuz qaz və Aİ ilə münasibətlər arasında seçim etməyəcək. Az sonra Moldovadan ilk təslimiyyətçi açıqlamalar gəlmişdi. Ölkə prezidenti Mayya Sandu Moldova Ali Təhlükəsizlik Şurasında etdiyi çıxışında rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirmişdi. Sandu vurğulamışdı ki, bu görüşün baş tutması üçün ilk növbədə müzakirə olunacaq məsələlər təsdiq edilməli, ölkədəki enerji böhranı və “Qazprom”la yeni müqavilə üzrə danışıqlar gündəmin əsas mövzuları arasına salınmalıdır.

Çıxışında Kişinyovla Moskva arasında münasibətlərin “fəal inkişaf etdirilməsinin” vacibliyinə toxunan Moldova lideri onu da qeyd etmişdi ki, son vaxtlar qaz böhranı ilə bağlı Rusiyanın Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak ilə çoxsaylı telefon danışıqları olub. İndi isə görünən budur ki, tərəflər qaz tədarükü barədə ilkin razılığa gələ biliblər.

Xatırladaq ki, “Qazprom” Moldovaya satacağı qazın yeni tarifinin 1000 kubmetr üçün 780 dollar olduğunu açıqlamış, bundan əlavə əvvəldən qalan borcunun da dərhal ödənilməsini istəmişdi. Halbuki, bu zamana qədər Moldova hər 1000 kubmetr qaz üçün cəmi 180-200 dollar ödəməli idi və bu məbləği belə ödəyə bilmədiyi üçün 709 milyon dollar borcu yığılmışdı.

Geri qayıt