Əsas Səhifə > Dünya > Rusiya qaz müharibələrinin ilk qənimətlərini almağa başladı

Rusiya qaz müharibələrinin ilk qənimətlərini almağa başladı


29-10-2021, 11:48
Rusiya qaz müharibələrinin ilk qənimətlərini almağa başladı
Daha qış soyuqları başlamamış Rusiya Şərqi Avropa ölkələrinə qarşı apardığı qaz müharibəsində ilkin qələbəsini qazanmış görünür. İlk təslimiyyətçi mesajlar isə Moldova və Polşadan gəlib.

Ovqat.com-un məlumata görə, Moldovanın Qərbyönümlü prezidenti Mayya Sandu dünən ölkənin Ali Təhlükəsizlik Şurasında etdiyi çıxışında rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.

Onun fikrincə, bu görüşün baş tutması üçün ilk növbədə müzakirə olunacaq məsələlər təsdiq edilməli, ölkədəki enerji böhranı və “Qazprom”la yeni müqavilə üzrə danışıqlar da gündəm mövzuları arasına salınmalıdır.

Çıxışında Kişinyovla Moskva arasında münasibətlərin “fəal inkişaf etdirilməsinin” vacibliyinə toxunan Sandu xanım vurğulayıb ki, son vaxtlar Moldovada qaz böhranı ilə bağlı Rusiyanın Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak ilə çoxsaylı telefon danışıqları olub. Amma Moldova Prezidenti danışıqlarda konkret hansı razılıqların əldə olunduğuna dair heç bir fikir bildirməyib.

“Gələcəkdə biz ikitərəfli münasibətlərin həlli üçün əlimizdən gələni edəcəyik”, - deyə Sandu Rusiya ilə yaxınlaşmaq mesajı verib.

Xatırladaq ki, Mayya Sandu ötən il 16 oktyabrında Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlmişdi. O dövrdən bu günədək 1 ildən çox zaman keçir. Moldova Prezidenti isə bu müddət ərzində dünyanın bir sıra ölkələrində rəsmi səfərlərdə olsa da, hələ ki Moskvaya getməyib. Bu da, təbii ki, onun siyasi oriyentasiyasından qaynaqlanır.

Mayya Sandunun Moskva ilə münasibətləri normallaşdırmağa və bunun üçün Putinlə görüşməyə hazır olduğunu bildirməsinin zamanlaması da diqqətçəkicidir. Məlum olduğu kimi, “Qazprom”un Moldova ilə bağladığı qaz müqaviləsi sentyabr ayında bitib. Rusiya şirkəti yenidən müqavilə bağlamaq üçün 2 şərt irəli sürüb: əvvəla, yeni müqavilə hazırkı bazar qiymətlərinə uyğun bağlanacaq, ikincisi Kişinyov bu zamanadək “Qazprom”a borcunu qaytaracaq. Borc isə az deyil. Rus şirkətinin hesablamasına görə, Moldova ona 709 milyon dollar ödəməlidir. Qazın yeni qiymətlərinə gəlincə, hazırda Avropa bazarınındakı qiymətlərdən 15% güzəştlə Moldovaya qaz satacağını bildirən “Qazprom”un yeni tarifinə görə, Kişinyov min kubmetr qaz üçün 790 dollar ödəməlidir. Moldovanın illik qaz istehlakı isə təxminən 3 milyard kubmetrdir. Bu da hardasa bir illik qaz istehlakı üçün Kişinyovun 2 milyard 370 milyon dolları gözdən çıxarması deməkdir. Halbuki, bu zamanadək Moldova Rusiyadan qazın min kubmetrini 180 dollara alırdı - hardasa 4 dəfə ucuz qiymətə. Di gəl ki, bu məbləği belə, ödəyə bilmirdi.

İndiyədək ABŞ-ın LNG qazına və Norveçin “Baltic Pipe” boru kəmərinə ümid bağlayıb Rusiya ilə münasibətlərini gərginləşdirən, ən əsası isə Moskva ilə yollarını ayırmağa çalışan Şərqi Avropa və Balkan ölkələrinə “ağsaqqallıq” edən Polşa da xəyal qırıqlığına uğramış durumdadır. Məlumata görə, dünən Polşanın dövlət enerji şirkəti PGNiG “Qazprom”a müraciət edərək qazın qiymətini aşağı salmağı xahiş edib. “Bu yaxınlarda biz Avropanın topdansatış bazarında təbii qazın qiymətində görünməmiş artımın şahidi olduq. Bu fövqəladə vəziyyət Yamal müqaviləsi çərçivəsində qaz aldığımız qiymət şərtlərinə yenidən baxılmasına şərtləndirir. Fikrimizcə, PGNiG-yə verilən qazın qiymətini azaltmaq imkanları var”, - deyə PGNiG-nin prezidenti Pavel Mayevski rus şirkətinə yazdığı məktubda bildirib.

Analitiklər isə Pavel Mayevski qədər nikbin deyillər. Onların fikrincə, ötən il Stokholm arbitraj məhkəməsinə “Qazprom”u şikayət edən PGNiG indi öz “çoxbilmişliyi”nin bədəlini ödəyəcək. Zira həmin məhkəmənin qərarına əsasən, PGNiG 2014-cü ildə “Qazprom”la bağladığı müqavilədə göstərilən şərtlərlə deyil, bazardakı mövcud qiymətlərə görə qaz almalıdır. 2014-cü ildən ötən ilə qədər bazar qiymətləri ilə iki şirkət arasındakı müqavilənin şərtləri arasındakı fərq 1.5 milyard dollar idi və “Qazprom” həmin fərqi geri qaytarmışdı. MəntiqləŞ PGNiG-nin indi “Qazprom”dan imtiyazlı yanaşma gözləməyə haqqı yoxdur. Ona ediləcək ən böyük güzəşt Moldova kimi qazı uzağı 15% ucuz qiymətə almaq ola bilər.

Polşanın “Qazprom”dan aldığı qaz isə Moldova ilə müqayisədə daha çoxdur. Statistik məlumatlara görə, Polşa “Qazprom”dan 2020-ci ilin oktyabrından 2021-ci ilin aprelinə qədər 5 milyard kubmetr qaz idxal edib. Bu il də qışı sağ-salamat çıxarmaq üçün, yəqin ki, eyni miqdarda qaz alacaq. Yeni tariflə hesablasaq, bu, 7 ay ərzində Polşanın qaz ehtiyacı üçün “Qazprom”a 3 milyard 950 milyon dollar ödəməsi mənasına gəlir: 5 milyard / 1000 X 790 = 3.950 milyard.

Əvvəlki müqavilə ilə Polşa “Qazprom”dan min kubmetr qazı 280 dollara alırdı. Ölkənin qış dövrü üçün qaz ehtiyacını köhnə tariflə hesablasaq, bu, 1 milyard 400 milyon dollar edər. İki tarif arasındakı fərq: 3.950 milyard – 1.400 = 2.55 milyard dollar. Belə çıxır ki, Varşava 7 illik “çoxbilmişliyi”nin bədəlini qarşıdakı 7 ayda artıqlaması ilə geri ödəməli olacaq.

Ukrayna və Baltik ölkələri də Rusiyanın qaz müharibələrinin növbəti qurbanları olmaq taleyi ilə üz-üzədirlər. Kiyev bu böhrandan çıxmaq üçün Rusiya ilə müharibəyə girməyi belə, gözə alıb. Təbii ki, bu niyyətin baş tutması üçün enerji böhranından təsirlənəcək digər ölkələr, eyni zamanda ABŞ və İngiltərə də həmin daşın altına əl qoymalıdırlar. Ukraynanın yaxın qonşuları ümidsiz şəkildə Rusiya ilə münasibətləri yoluna qoymaq barədə düşünürlər. ABŞ və İngiltərənin isə Kiyevə real dəstək verəcəkləri hələlik xeyli müəmmalı görünür.

Şərqi Avropa ölkələrinin bu qədər ağır vəziyyətə düşməsinin əsas səbəbi Qərb ölkələrinin onlara umduqları dəstəyi verməmələridir. Avropa İttifaqının genişlənmə proqramı çərçivəsində Qərbə üz tutan bu ölkələr daha sonra böyük dövlətlərin maraqlarının haçalanması, xüsusilə Rusiyaya münasibətlərinin dəyişilməsi nəticəsində indiki xaotik durumla üz-üzə qalıblar. Fransa və Almaniya Şimali Atlantika ittifaqı çərçivəsində ABŞ hegemonluğuna qarşı çıxır və Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır. ABŞ isə Avropa ölkələrinin bu xəyanətini bağışlamaq istəmir və onlara rus təhlükəsinin nədən ibarət olduğunu xatırlatmaq üçün müxtəlif addımlarla enerji qiymətləri ilə oynayır.

Rusiya rəsmilərinin iddialarına inansaq, Avropada qaz qiymətlərinin bahalaşması da Moskvadan qaynaqlanmır. Belə ki, “Qazprom” indiyədək hər zamankı kvotası çərçivəsində, hətta ondan daha artıq Avropaya qaz ixrac edib. Bazardakı qıtlıqdan yaranan bahalaşmanın əsl günahkarları digər tədarükçülərdir. Belə anlaşılır ki, ABŞ və ona bağlı digər tədarükçülər Avropaya qaz nəqlini azaltdığından enerji bazarında bu cür acınacaqlı vəziyyət yaranıb.

Həqiqətən də ABŞ-ın yeni prezidenti Co Baydenin son zamanlar öz sələfi Trampdan tamamilə fərqli siyasət yürütdüyü hiss olunur. Bəzən elə təəssürat yaranır ki, Bayden bu zamanadək formalaşmış qlobal düzənini pozaraq, dünyanı xoasa sürükləyir. İstər Əfqanıstanda, istər Yaxın Şərqdə, istərsə də Avropada baş verən son proseslər bunun bariz nümunələridir. Mümkündür ki, Vaşinqton öz iradəsinə tabe olmamağın necə ağır nəticələnəcəyini keçmiş müttəfiqlərinə göstərir və onları özünə daha sıx bağlamağa ümid edir.

Ovqat.com

Geri qayıt