Əsas Səhifə > Dünya > Dünən Donbassda ağır döyüşlər baş verib
Dünən Donbassda ağır döyüşlər baş verib27-10-2021, 08:27 |
Dünən Donbassda rus separatçıları ilə Ukrayna ordusu arasında şiddətli döyüşlər baş verib. Gecə yarısından axşama qədər davam edən döyüşlər zamanı Ukrayna Ordusunun Staromaryevka kəndini ələ keçirsə də, sonradan yaşayış məntəqəsini tərk etdiyi bildirilir. Ovqat.com-un məlumatına görə, faktı rus separatçıları da təsdiqləyiblər. "Colonelcassad" adlı Telegram səhifəsi separatçı qaynaqlara istinadən xəbər verib ki, Staromaryevka kəndi əslində Donbass döyüşçüləri ilə Ukrayna Silahlı Qüvvələri arasındakı “boz zona” adlanan ərazidə yerləşir. “DXR döyüşçülərinin mövqeləri orada yox, Staromaryevkanın şərqində yer alır. Bundan istifadə edən Ukrayna Silahlı Qüvvələri gecə saatlarında kəndə daxil olaraq yaşayış məntəqəsinin mərkəzinə öz bayraqlarını asıb”. Məlumatda bildirilir ki, kənddə 180 nəfər yaşayır, onlardan 37-si Rusiya vətəndaşıdır: “Bundan sonra kəndin ərazisində indiyə qədər (dünən axşamadək) davam edən döyüşlər başlayıb. Hər iki tərəf minaatanlardan və 122 mm-lik artilleriyadan istifadə edir. Telmanovo kəndindən Staromaryevkaya tankların keçməsini təsdiqləyən videolar da var. Bu, daha bir eskalasiyanın mümkünlüyünə işarədir”. Qranitnoye və Telmanovoya artilleriya zərbələri endirildiyini bildirən Telegram səhifəsi tərəflərin itkiləri və Staromaryevka ərazisində mövcud taktiki vəziyyət barədə hələ də çox az məlumat olduğunu vurğulayıb. Digər bir məlumata görə, Ukrayna hərbçiləri separatçılarla mübarizədə Türkiyənin “Bayraktar TB-2” silahlı dronlarından da istifadə ediblər. Hesab olunur ki, bu, Kiyevin Türk dronlarından ilk istifadəsidir. Bir çox Telegram səhifələri “Bayraktar TB-2” ilə separatçıların artilleriya silahlarının vurulduğunu əks etdirən video da yayımlayıb. “Əslində, hərbi ekspertlərin hamısının proqnozlaşdırdıqları baş verir. Ukrayna Silahlı Qüvvələri təmas xəttində Donbass döyüşçülərini öz hava hücumundan müdafiə vasitələri ilə hücumlara cavab verə bilmədiyi məsafədən idarə olunan silahlarla zərbələr endirir, Türkiyəyə məxsus hücum PUA-larından istifadə etməyə başlayıb. Bununla da Donbassın bütün kuratorlarını təbrik edirəm", - deyə hərbi ekspert Vladimir Orlov öz Telegram səhifəsində yazıb. Rəsmi Kiyev də Donbass separatçıları ilə dünən döyüşlərin başladığı faktını təsdiqləyiblər. Ukrayna Ordusunun Birləşmiş Əməliyyat Qüvvələrinin məlumatına görə, günah “Rusiya muzdlu”larında olub. “Separatçılar gün boyu atəşkəs rejimini 7 dəfə pozublar. Onlardan 4-də Minsk razılaşmaları ilə qadağan olunmuş silahlardan istifadə olunub”, - Birləşmiş Əməliyyat Qüvvələrinin Facebook səhifəsində bu barədə məlumat verilib. Məlumata görə, separatçılarla dünənki döyüşlərdə Ukraynanın 1 əsgəri ölüb, 1 əsgəri isə yaralanıb. Qarşı tərəfin itkiləri barədə heç bir məlumat verilmir. “Müdafiə qüvvələrimiz cavab atəşi açaraq düşməni Minsk razılaşmaları ilə qadağan olunmuş silahlardan atəşi dayandırmağa məcbur ediblər”, - məlumatda vurğulanır. Bildirilir ki, yeddi hücumdan üçü Donetsk vilayətinin Volnovaxski rayonunun Qranitnoe kəndi ərazisində baş verib: “Düşmən həmçinin yaxınlıqdakı Pavlovol Qranit kəndini, Luqansk vilayətinin Popasnyanskiy rayonunun Novozvanovka kəndini, Novoaydarskiy rayonunun Krımskoe kəndini, Donetsk vilayətinin Yasinovatskiy rayonunun Troitskoe kəndini atəşə tutub. Atışma zamanı düşmən 122 mm-lik artilleriyadan, avtomatik ağır qumbaraatanlardan və iriçaplı pulemyotlardan, tank əleyhinə raket sistemindən, həmçinin VOG-17 mərmilərinin atıldığı pilotsuz uçuş aparatından istifadə edib”. Birləşmiş Əməliyyat Qüvvələri qərargahı separatçıların bəzi iddialarını təkzib edib: “Ukrayna hərbçiləri Donetsk vilayətinin Qranitnoe kəndi ərazisində müvəqqəti işğal olunmuş ərazilərində neytral zonanı tutmayıb. Birləşmiş Əməliyyat Qüvvələri komandanlığı bu məlumatın yalan olduğunu bəyan edir. Bu, Rusiya Federasiyasına bağlı qeyri-qanuni silahlı birləşmələrinin Ukraynanı gözdən salmaq və demarkasiya xəttini pozmaqda ittiham etmək üçün növbəti cəhdidir. Ukrayna tərəfi Minsk razılaşmaları ilə qadağan olunmuş silahlardan atəş açmayıb", - mesajda vurğulanır. Bəyanatda o da bildirilir ki, Ukrayna hərbçilərinin mövqeləri dəyişməz olaraq qalır. Hərbi ekspertlərin fikrincə, dünən Donbassda baş verən bu toqquşma müharibəqabağı nəbz yoxlanışı da ola bilər. Geri qayıt |