Əsas Səhifə > Dünya > "Türkiyənin Suriyadan çıxması yenidən terror aktlarının artması deməkdir"
"Türkiyənin Suriyadan çıxması yenidən terror aktlarının artması deməkdir"16-10-2021, 08:47 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın təkcə şimalında deyil, bütün bölgələrində PKK, YPG və PYD yayıldığını deyib. Türkiyə liderinin sözlərinə görə, koalisiya qüvvələri və ABŞ onları dəstəkləyən ölkələrin başında gəlir: "Onların verdiyi hər cür dəstək və silah-sursatla burada terror həyata keçirirlər. Biz də mübarizə aparırıq. Səbrimiz müəyyən yerə qədər davam etdi. Son olaraq 2 polisimiz şəhid oldu. Zaman-zaman orada şəhid olan mülki vətəndaşları görürük. Bütün bunlara qarşı mübarizəmiz önümüzdəki dövrdə fərqli bir şəkildə davam edəcək. Bu terror təşkilatlarına, Amerikanın məlum qüvvələrinə, rejim güclərinə qarşı mübarizə aparacağıq. Bu məsələdə qərarlıyıq". "Türkiyənin bu addımı atması nə dərəcədə realdır?" Sualını cavablandıran siyasi-şərhçi Rusif Məmmədsoy "Şərq"ə açıqlamasında bildirib ki, Suriyada vəziyyət hazırda çox mürəkkəb hal almağa başlayıb. Analitik qeyd edib ki, burada əsas güclərdən biri olan Türkiyə sıxışdırılmağa başlanılır: "Bunun əsas iştirakçıları isə Amerika və Rusiyadır. Həmin dövlətlər Türkiyənin bu regionda rahat hərəkətində maraqlı deyil. Məsələnin digər tərəfi bundan ibarətdir ki, bu, Rusiya və ABŞ-ı bu regionda birləşdirən amildir. Lakin ortada çox ciddi Türkiyə faktoru var. Türkiyə prezidenti bu məsələdə necə qərarlı olduqlarını vurğulayıb. Düşünürəm ki, bunun üçün, Suriyada var olmaq üçün hər şeyə gedəcəklər. Əslində buna məcburdurlar. Çünki Türkiyə uzun illərdir ölkənin cənubundan çox ciddi terror təhlükəsi ilə üz-üzə qalıb". R.Məmmədsoy əlavə edib ki, son illərdə Ərdoğanın Suriyaya daxil olmasından sonra bunun qarşısını almaq mümkün olub: "Çünki terrorçular məhz həmin ərazilərdə məskunlaşıb və oradan Türkiyə sərhədlərinə daxil olurdular. Bu mənada illərdir ki, Türkiyə Silahlı Qüvvələri orada ciddi təmizləmə işləri aparır. Həmin terror qruplaşmalarını maliyyələşdirən, silah verən ölkələrin başında da məhz hər zaman ikili standartlara üstünlük verən Birləşmiş Ştatlar gəlir. Xatırlayırsınızsa, Türkiyənin Afrin əməliyyatı zamanı sübut edilmişdi ki, ABŞ PYD/YPG terror qruplaşmalarına 5 min tır silah göndərib. Bu, sadəcə, görünən hissədir. Təbii ki, sadəcə bu da deyil. Türkiyə həmin ərazilərə daxil olduğu zaman müxtəlif müdafiə istehkamlarına, betonlarla örtülü bunkerlərə rast gəldi ki, bu da ağıllı mühəndis işi idi. Yəni terrorçu qruplaşmalara kənardan dəstək olduğu dəqiq idi. Amerika Türkiyəni küsdürüb. Türkiyənin hazırda regionda Rusiya ilə yaxınlaşmasının, əməkdaşlığının əsas səbəbkarı məhz ABŞ-dır. İndi isə Suriyada Türkiyəni sıxışdırmağa çalışır. Lakin buna nail ola bilməyəcək. Türkiyənin Suriyadan çıxması yenidən terror aktlarının artması deməkdir. Birləşmiş Ştatlar sadəcə Suriyada deyil, müxtəlif cəbhələrdə Türkiyə ilə mübarizə aparmaq istəyir". Geri qayıt |