Əsas Səhifə > Dünya > Üçüncü Dünya müharibəsinin ayaq səsləri: ABŞ və Çin qarşı-qarşıya

Üçüncü Dünya müharibəsinin ayaq səsləri: ABŞ və Çin qarşı-qarşıya


13-10-2021, 08:49
Üçüncü Dünya müharibəsinin ayaq səsləri: ABŞ və Çin qarşı-qarşıya
ABŞ ilə Çin arasındakı Tayvan gərginliyi günbəgün artır. Çin lideri Si Çinpinin “Tayvan mütləq Çinlə birləşəcək” açıqlamasından sonra Pekinin rəsmi media qurumu “Qlobal Tayms”da (Global Times) ABŞ-ın təhdid olunduğu məqalə yayımlanıb. Məqalədə Tayvan Çinin ərazisi kimi göstərilib və Çin ordusunun bölgədə əməliyyat aparmaq hüququnun olduğu iddia edilib.

Tayvanın yanında olduğu bildirilən ABŞ da hədəfə alınıb: “Tayvan boğazında müharibə başlayacağı təqdirdə ilk olaraq ABŞ hərbçiləri vurulacaq”.

Məqalədə ABŞ xüsusi təyinatlılarının Tayvana göndərilməsinin Çin ərazisinin işğalı anlamına gələcəyi bildirilib: “Vaşinqton ABŞ hərbçilərinin həyatını riskə atır”.

Politoloq Şahin Cəfərli AYNA-ya açıqlamasında deyib ki, ABŞ ilə Çin arasında müharibə riski mövcuddur: “Xüsusən Tayvan məsələsinə görə bu ehtimal daha da artıb. Çin lideri Si Çinpin son açıqlaması zamanı Tayvanın onların vətəni olduğunu bəyan etdi. Ardınca dedi ki, Çin Tayvanı öz ərazisinə qatmaqda qərarlıdır. Lakin ABŞ, Yaponiya və Avstraliya Tayvanı müdafiə edir. Əgər Çin bu məsələdə təkid edərsə və ya hərbi yola əl atarsa, o zaman adıçəkilən dövlətlər açıq şəkildə Pekinə qarşı dayanacaq. Amerika bunu etməsə, o zaman dünyanın supergücü statusunu itirə bilər”.

Bu müharibənin Üçüncü Dünya müharibəsinə gətirib çıxaracağı ehtimallarından danışan həmsöhbətimiz bildirib ki, bu, mümkündür: “Sözsüz ki, dünyanın iki güclü dövləti – ABŞ və Çin arasında müharibə başlayarsa, bu, özlüyündə Üçüncü Dünya müharibəsi elementlərini də daşıyacaq. Müharibənin başlaması, davam etməsi, anlaşmanın olub-olmaması məsələyə təsirsiz ötüşməyəcək. Bu, həm də dünya liderliyi uğrunda tərəflərin mübarizəsi olacaq. Tayvan məsələsi bu məsələdə bəhanə rolunda çıxış edə bilər. Belə bir hal olarsa, o zaman bütün dünyanın diqqəti bu münqaişəyə yönələcək”.

Cəfərli düşünür ki, Rusiya və İranın ehtimal olunan bu müharibədə iştirakı gözlənilmir: “Təbii ki, Rusiya siyasi baxımdan Çinə dəstək verəcək. Əsas məqsəd Çini dəstəkləmək yox, ABŞ və Qərbə qarşı cəbhədə yer almaqdır. Lakin düşünmürəm ki, Moskva məsələyə birbaşa müdaxilə etsin. Sadəcə siyasi dəstəkdən söhbət gedə bilər - necə ki, indiyə qədər bunu edirdilər. İran isə ciddi beynəlxalq oyunçu deyil. Yəqin ki, Tehran da siyasi dəstək verməklə kifayətlənəcək. Onlar sadəcə məsələnin necə yekunlaşmasını gözləyəcəklər. Bütün hallarda bu müharibə dünyanın gələcək taleyinə çox ciddi təsir edəcək”.

Politoloq Qabil Hüseynli də AYNA-ya şərhində son vaxtlar ABŞ-Çin gərginliyinin pik həddə çatdırığını söyləyib: “Çin müstəqil bir dövlətə qarşı siyasət yürüdür. Tayvan uzun müddətdir müstəqil ölkədir. Kifayət qədər imkanlı bir dövlətdir. Vətəndaşları yüksək rifah şəraitində yaşayırlar. ABŞ-la çox yüksək münasibətləri var. Çin isə vaxtaşırı olaraq bu ölkəni təhdid edir. Açıq şəkildə bildirir ki, Tayvan Çinin ərazisidir. Bunu onunla izah edir ki, Tayvanda yaşayan əhalinin əksəriyyəti çinlilərdir. Pekin vaxtaşırı olaraq Tayvanın hava sərhədlərini pozur, onların ərazisinə müxtəlif silahlar, vərəqələr atır. Son dövrlər bu münasibətlər daha kritik mərhələyə daxil olub. Hesab edirəm ki, “bu xəmir hələ çox su aparacaq”. Qarşıda müharibə riski istisna edilmir”.

“ABŞ birmənalı olaraq tayvanlıları müdafiə edəcək” deyən siyasi icmalçının dediyinə görə, bunu amerikalı rəsmilər də dilə gətirirlər: “Hətta deyirlər ki, nəyin bahasına olursa-olsun Çinin Tayvanı işğal etməsinə imkan verməyəcklər. Hətta lazım gələrsə, ən ağır silahlardan belə, istifadə edəcəklər. Bu, çox təhlükəli tendensiyadır. Düzdür, Çin hazırda ABŞ-la müharibədə qalib gələcək gücdə deyil. Baxmayaraq ki, iqtisadi baxımdan sürətlə güclənir. Belə bir müharibə olarsa, bu, faktiki olaraq Üçüncü Dünya müharibəsinin başlanması olacaq”.

Hüseynli hesab edir ki, Rusiya bu məsələdə tərəf olmayacaq: “Çünki Çinin Rusiyaya qarşı da ərazi iddiaları var. Bir anlıq təsəvvür edin ki, Çin ABŞ-la müharibədə qalib gəlib və dünyanın supergücüdür. Bu halda təbii ki, Rusiyaya qarşı da ərazi iddiaları qaldıracaq. İndiki məqamda ABŞ-a qarşı onlar birlik nümayiş etdirsələr də, hər zaman məsafəli davranırlar. Siyasi dəstək ola bilər, hərbi dəstək isə mümkün deyil”.



Geri qayıt