Əsas Səhifə > Dünya > Ərdoğan Soçiyə “əliboş” getməyəcək:

Ərdoğan Soçiyə “əliboş” getməyəcək:


28-09-2021, 15:01
Ərdoğan Soçiyə “əliboş” getməyəcək:
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ədoğanın sabah Soçidə baş tutacaq görüşündən danışıb. O, bildirib ki, liderlər bir çox məsələləri, xüsusilə, Suriyada, Əfqanıstanda və Liviyada yaranmış vəziyyəti geniş müzakirə edəcəklər:
"Düşünürəm ki, ilk növbədə Suriya mövzusu gündəlikdə olacaq, əlbəttə, Əfqanıstan, Liviya barədə və başqa beynəlxalq məsələlər üzrə ənənəvi fikir mübadiləsi aparılacaq", - Kremlin nümayəndəsi vurğulayıb.
Putinlə Ərdoğan arasında danışıqların sentyabrın 29-da Soçidə keçiriləcəyi gözlənilir.
Daha əvvəl Ərdoğan bildirib ki, həmkarı ilə Türkiyə-Rusiya əlaqələrini və Suriyada vəziyyətin necə olduğunu, bundan sonrakı mərhələdə atılacaq addımları geniş şəkildə müzakirə edəcək.
İki prezidentin son üzbəüz görüşü 2020-ci ilin martında Kremldə olub. Koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətə görə sonrakı danışıqlar ya telefonla, ya da videokonfrans rejimində keçirilib.

“Sherg.az” olaraq görüş və bunun regionumuza təsiri barədə BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli ilə söhbətləşdik:

- Görüşü labüd edən nədir?

- Tərəflər arasında müzakirə ediləcək xeyli mövzu var Məlum olduğu kimi, Ərdoğan Rusiya və ABŞ-la münasibətlər səviyyəsi barədə ictimaiyyəti məlumatlandırıb. O, həmçinin rusiyalı həmkarı ilə “dil tapacağına” ümidini ifadə edib. Tərəflər bir çox nöqtələrdə, o cümlədən Suriyada, belə demək mümkünsə, iş ortağıdırlar. Həmçinin onların Qafqazda da ortaq maraqları var. Nəzərə almaq lazımdır ki, ABŞ-ın Suriyadakı addımları Türkiyənin ürəyincə deyil. Putin suriyalı həmkarı Bəşər Əsədlə söhbətində onun ölkəsinin 90 faizinə nəzərət edə bildiyini söyləmişdi. Maraqlıdır, Putin nə demək istəyirdi? Həmin görüşdən sonra Bəşər Əsəd ordusu İdlibə doğru irəliləməyə başladı. Və ardınca Ərdoğan İdlibə 4 min türk əsgəri, habelə texnika yeritdi. Yəni Ankara Moskvanın qarşısından geri çəkilmədiyini göstərdi. Bir sözlə, Suriyada “düyünləşmiş” vəziyyət var. Oradakı durum tərəflərin əsas müzakirə mövzusu olacaq. Eyni zamanda xatırladım ki, tərəflər arasında Liviyadakı maraqlarda dəyişib. Əvvəl Türkiyəyə qarşı Rusiya- Misir tandemi yaranmışdı. Sonradan isə Misir geri addım atdı və situasiya dəyişdi. Deməli, Ərdoğan Soçiyə “əliboş” getməyəcək.

- Bəs Cənubi Qafqazla bağlı hansı razılıqlar ola bilər?

- Putin koronavirusla əlaqədər təcrid olunub və kimsə ilə görüşmür. Ərdoğan yeganə istisna olacaq. Deməli, bu görüş hər ikisi üçün çox vacibdir. Cənubi Qafqazla bağlı masaya yatırılacaq xeyli məsələ var. Bunlardan ən başlıcası isə Zəngəzur dəhlizidir. Ərdoğan İğdırdan Azərbaycana yol çəkiləcəyini, prezident İlham Əliyev Zəngəzur koridoru ilə bağlı işlərin sürətləndiyini nəzərə çatdırıb. Eyni zamanda qeyri-rəsmi məlumatlara görə Horadizdən Zəngilana doğru geniş, altı zolaqlı yol çəkilir. Hər halda Ərdoğan dəhlizlə bağlı Putindən müsbət adımlar gözləyir.

- Ermənistan baş naziri Nikol Paşinyan son vaxtlar Türkiyə ilə yaxınlaşmaqdan danışır. Bu, görüşün gündəmində nə qədər yer tutacaq?

- O, yol ayırıcındadır. Çünki Avropa İttifaqından külli miqdarda maliyyə yardımı alır. Ölkə iqtisadiyyatı, o cümlədən dəmiryolları isə Rusiyadan asılıdır. Eyni zamanda revanşistlər Moskva ilə yaxınlıq edirlər. Yəni Paşinyanın iki tərəf arasında gedib-gəlməyi təəccüblü deyil. Aİ Ermənstanı Rusiyanın “caynağından qoparmaq” və dolayısı ilə bölgədə sabitlik yaratmaq istəyir. BMT-nin Baş Assambleyasında ABŞ rəsmiləri bildirdilər ki, məhz Türkiyə vasitəsilə Qərbin Cənubi Qafqazdakı mövcudluğu güclənəcək. Həmçinin diplomatlar bildiriblər ki, Vaşinqton Azərbaycan- Türkiyə- Ermənistan arasındakı üçtərəfli məsələlərin həllinə dəstək verəcək. Yəni ABŞ Türkiyənin Cənubi Qafqaz siyasətini qəbul edir. Əlbəttə, bu məsələdə Böyük Britaniyanın da rolu var. Paşinyanın indiki şəraitdə Türkiyə ilə yaxınlaşmaqdan başqa yolu yoxdur. Ərdoğan isə deyib ki, baş nazirin təklifinin qəbul olunması üçün əvvəlcə kommunikasiya xətləri açılmalıdır.

- Sizcə, Qərb bunu bacaracaq?

- Əlbəttə, İrəvan məhz Moskvadan çəkindiyinə görə açıq danışa bilmir, bəzi hallarda “nala-mıxa vurur”. Paşinyan bu yaxınlarda Köçəryanın Moskvaya çağırılmasından da narahatdır. Amma Qərb Ermənistanın Türkiyə ilə yaxınlaşmasında maraqlıdır. Bu mənada, fikrimcə, Kremli sıxışdırmaq mümkün olacaq.


Geri qayıt