Əsas Səhifə > Dünya > Ukrayna-Rusiya müharibəsi gündəmdən çıxmayıb:

Ukrayna-Rusiya müharibəsi gündəmdən çıxmayıb:


8-09-2021, 11:47
Ukrayna-Rusiya müharibəsi gündəmdən çıxmayıb:
Bu ilin ilk aylarında Donbass separatçılarının fəallaşması Ukrayna ilə Rusiyanı müharibə həddinə gətirmişdi. Separatçıların Ukrayna Ordusunun mövqelərini atəşə tutması mart-aprel aylarında mütəmadi xarakter almağa başladı. İstər Ukrayna, istərsə də Rusiya siyasi dairələrindən verilən bəyanatlar ekspertləri əmin etmişdi ki, genişmiqyaslı müharibə qaçılmazdır. Amma iyul ayında vəziyyət stabilləşməyə doğru getdi. Hazırda isə müharibə ehtimalı arxa plana keçmiş kimi görünür.

Analitiklər hesab edirlər ki, dünyada və regionda baş verən proseslər, diplomatik danışıqlar nəticəsində sakitlik yaranıb. Amma perspektivdə Ukrayna-Rusiya müharibəsi gözləniləndir. Çünki Ukraynanın əraziləri Rusiyanın işğalındadır. Donbass münaqişəsi həllini tapmadıqca, müharibə hər an gündəmə gələ bilər. Necə ki, 30 il idi Qarabağ münaqişəsi donmuş vəziyyətdə idi, sonucda Azərbaycan ərazilərini hərbi yolla azad etməyi bacardı. Eləcə də, Donbass uğrunda müharibə qaçılmaz olacaq – təbii, diplomatik danışıqlar nəticə verməsə.

Ukrayna cəmiyyəti, ictimaiyyəti proseslərlə bağlı nə düşünür?

Ukrayna Azərbaycanlıları Radasının (UAK) Baş katibi Ceyhun Məmmədov AYNA-ya deyib ki, Ukrayna hazırda Avropaya inteqrasiya kursu götürüb: “Hər zahədə innovativ addımlar atılır. Bu addımlar eyni zamanda, hərbi quruculuq sahəsində də atılmaqdadır. Bəli, Avropaya inteqrasiyanın tərəfdarı olmayan ukraynalılar da var. Amma bu, böyük əksəriyyət deyil. Qələbəyə aparan müharibə üçün bir sıra islahatlar aparılmalıdır ki, Ukraynada bu islahatlara başlanılıb”.

“Ukrayna cəmiyyəti ərazi itkisinin psixoloji əziyyətini çəkir. Necə ki, Azərbaycan 30 il idi, bu əziyyəti çəkirdi. Bu gün Ukrayna ərazilərinin işğalı faktı davam edir. Eyni zamanda ölkədə müharibə şəraiti mövcuddur. Bu, inkişafa mane olan ən böyük amillərdəndir. Həmçinin cəmiyyəti ruhdan salan haldır”.

C.Məmmədov qeyd edib ki, bu günlərdə Ukraynanın müdafiə naziri əmr verib ki, ordu döyüşə hazır olmalıdır: “Rəsmilər hesab edirlər ki, ərazi bütövlüyünün bərpası təkcə ordunun yox, Ukrayna xalqının məsələsidir. Tapşırıq verildi ki, ölkə Rusiyanın yeni hərbi əməliyyatlarına hazır olmalıdır. Bütün proseslər belə qənaətə əsas verir ki, heç də müharibə məsələsi gündəmdən çıxmayıb”.

Cəmiyyətin müharibəyə hazır olub-olmamasına gəlincə, UAK-ın Baş katibi qeyd edib ki, münaqişədən əvvəl ukraynalıların vətənpərvərlik hissi özünü qabarıq göstərmirdi: “Krımın ilhaqından, Donbassın işğalından sonra Ukrayna cəmiyyətində ciddi dəyişiklik oldu. İnsanların vətənpərvərliyi, bayrağa sevgisi, torpağına bağlılığı hissləri çoxaldı. Amma hər şey nisbidir. Müqayisə etsək, ukraynalılar azərbaycanlılar qədər müharibəyə hazır görünmürlər. Ukrayna cəmiyyəti bir qədər loyal cəmiyyətdir”.

“Təbii ki, “ukraynalılar ərazilərinin işğalı ilə barışıblar” demək olmaz. Onlar torpaqlarının qayıtmasını, ölkələrinin ərazi bütövlüyünün bərpasını istəyirlər. Əksəriyyət işğal səbəbindən Rusiyaya nifrət edir. Amma açığı, ərazilərinin qayıtmasını müharibə yolu ilə yox, daha çox diplomatik danışıqlar yolu ilə istəyirlər. Sülhün bərqərar olmasını istəyirlər. Lakin lazım gələrsə, əlbəttə, döyüşə getməyə də hazır Ukrayna insanları var və az deyil”, - deyə C.Məmmədli fikrini tamamlayıb.



Geri qayıt