Əsas Səhifə > Dünya > Ankara Kabil aeroportunu niyə istəyir?
Ankara Kabil aeroportunu niyə istəyir?31-08-2021, 08:27 |
“Taliban” deyib ki, Türkiyənin Kabil aeroportunu mühafizə etməsinə isti baxır. “Yeni Müsavat”ın xəbərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstanda oynaya biləcəyi hər hansı rolla bağlı “Taliban”la danışıqlar aparmağa hazır olduqlarını söyləyib. Ərdoğan bildirib ki, Türkiyə həmçinin Kabil hava limanında təhlükəsizliyi təmin etməkdə maraqlıdır. Bəzi ekspertlər iddia edir ki, “Taliban” istəsə Türkiyə hava limanını mühafizə edər, lakin NATO və ABŞ “Taliban”ın nəzarət etdiyi Əfqanıstanda bu cür hərbi mövcudluğa dəstək verməz. “İnsanların nəzərdən qaçırdığı bir şey var ki, ilkin razılığa əsasən Ankara ”Taliban"a qarşı döyüşməyəcək" - Xarici Siyasət Araşdırmaları İnstitutunun tədqiqat direktoru Aaron Stein “Amerikanın Səsi”nə bildirib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Əfqanıstandakı vəziyyətlə bağlı BMT Kabildə fərqli ölkələrdən ibarət hərbi qüvvə yarada bilər, amma bu, asandırmı? M.Çavuşoğlu deyib ki, Kabil Beynəlxalq Hava Limanında təhlükəsizliyin təmini üçün Fransa tərəfindən irəli sürülən təklif ilk baxışdan xoş təəssürat yaradır: “Amma BMT-nin Kabil Beynəlxalq Hava Limanı ətrafında sülhməramlı qüvvələrinin olması məsələsi mümkündürmü? Buna baxmalıyıq. Beynəlxalq təşkilatlar arasında NATO-dan güclü qüvvə yoxdur. NATO-nun isə missiyası Əfqanıstanda başa çatdı. Bu ölkələr ora dəstək verəcəkmi? Əfqanıstan buna icazə verəcəkmi? Əfqanıstandakı tərəflərlə bunun danışılması lazımdır”. M.Çavuşoğlu bildirib ki, “İŞİD Xorasan” terror təşkilatı, eləcə də digər terror təşkilatlarının orada təhlükə yaratmaq məsələsi var: “G5 ölkələrinin bu məsələdə mövqeyi nədir. Məsələn, Rusiya və Çin nə düşünür? Bütün bunlar bilinməlidir. Amma bizim üçün ən əsas məsələ əfqan xalqının fikridir”. Bəs Ankaranın Kabildə varlığını təmin etmək istəyi nədən qaynaqlanır? Nə üçün Ərdoğan Əfqanıstanda aeroportu türk sülhməramlılarının qorumasında bu dərəcədə həvəsli və maraqlıdır? Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Türkiyənin Əfqanıstanda strateji maraqları ola bilər: “Çünki Pakistana yaxın ölkədir və ”Taliban"ın İslamabadla əlaqələrini də nəzərə alsaq, Ankaranın planlarında məntiq tapa bilərik. Artıq Kabildə, ya da Qətər paytaxtı Dohada müxtəlif təmaslar qurulur. Eyni zamanda Çin, Rusiya, Fransa kifayət qədər fəallıq göstərirlər və “Taliban”la diplomatik əlaqə quracaqları barədə siqnallar verirlər. Belə olan şəraitdə Türkiyənin bu məsələlərə maraq göstərməsini təbii qarşılamaq lazımdır". Q.Hüseynlinin fikrincə, “Taliban” özü dəfələrlə Kabil aeroportunun istifadəsində Türkiyənin iştirakında maraqlı olduğunu dilə gətirib: “Taliblər ya Qətəri, ya Türkiyəni Kabil hava limanının işlədilməsinə dəvət edə bilərlər. Amma üstünlük Ankaraya verilir. Həmçinin Türkiyənin Orta Asiyadakı türk birliyinin yaradılması ilə bağlı strateji marağı var. Bu ideyaların reallaşdırılması üçün ”Taliban" üzərində müəyyən təsir rıçaqlarına malik olmaq Türkiyənin planlarına uyğun addım olardı. Ona görə Türkiyə hələ ki tələsmədən Əfqanıstan hadisələrini təhlil edərək bu bölgədə iştirakla bağlı mövqeyini bildirə bilər. Onu da nəzərə almalıyıq ki, Türkiyə Yaxın və Orta Şərqdə, müsəlman dünyasında qəbul olunur, o baxımdan bölgədə strateji maraqlarını reallaşdırmağa hazırlaşır". Rusiya Strateji Tədqiqatlar İnstitutunun direktorunun müşaviri Yelena Suponinan deyib ki, Əfqanıstanda sentyabrda yeni böyük teraktların olması mümkündür. Onun sözlərinə görə, bu teraktlar Əhməd Şah Məsudun qətlinin və ya 11 sentyabr hadisələrinin 20 illiyi ilə bağlı ola bilər: “Kabildəki terakt son olmayacaq, çünki Əfqanıstandakı vəziyyətin destabilizasiya olmasında çox qüvvələr maraqlıdır. Elə ”Taliban" da Əfqanıstanda nizam yarada bilməyəcək. Bu ölkədə vətəndaş müharibəsi onillərlə davam edəcək". Geri qayıt |