Əsas Səhifə > Dünya > Almaniya Rusiyanı çətin seçim qarşısında qoydu:

Almaniya Rusiyanı çətin seçim qarşısında qoydu:


28-08-2021, 08:55
Almaniya Rusiyanı çətin seçim qarşısında qoydu:
“Qazprom” özünü Avropa İttifaqının Qaz Direktivinə uyğunlaşdırmaq üçün “Nord Stream 2 AG” layihəsinin operatorluğunu 50%-ni satmalı olacaq.

Ovqat.com xəbər verir ki, Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşri bu iddianı irəli sürüb.

Müəllif Hendrik Kafsakın fikrincə, Rusiya şirkəti Almaniyada keçirilən məhkəmə çəkişməsini uduzduqdan sonra bu addımı atmağa məhkum olacaq.

Qeyd edək ki, “Şimal axını-2” layihəsinin rəsmi operatoru “Nord Stream 2 AG” şirkəti “Qazprom”un 100%-lik törəməsidir. Avropa qanunvericiliyi isə həm tədarükçünün, həm də istehsalçının eyni hüquqi şəxs olmasını qadağan edir və bunu inhisarçılığın əsas səbəbi sayır. Aİ-nin “Qaz Direktivi”nə görə, istehsalçı şirkət tədarükün yalnız yarısı ilə məşğul ola bilər.

Jurnalistin fikrincə, Almaniya səlahiyyətliləri də bu fikirdədir.

Məqalədə bildirilir ki, 25 avqustda Düsseldorf Ali Torpaq Məhkəməsi “Nord Stream 2 AG”nin bu barədə verdiyi şikayət ərizəsini rədd edib. Məhkəmə qaz boru kəmərinin Aİ-nin Üçüncü Enerji Paketinə uyğun olmadığını qəbul edən Alman Federal Şəbəkə Agentliyinin (BNetzA, Almaniya enerji tənzimləyicisi) qərarını qüvvədə saxlayıb.

Bu qərara əsasən, “Qazprom” ildə 55 milyard kubmetr qaz kəməri tutumunun yalnız yarısından istifadə edə bilər. “Nord Stream 2 AG” isə Avropa İttifaqının “Qaz Direktivi” ayrı-seçkilik salmaqda günahlandıraraq məhkəməyə müraciət etmişdi.

“Qazprom”un törəmə şirkəti ilə Almaniyanın enerji tənzimləyicisi arasında mübahisə 2019 -cu ildə başlayıb: şirkət Aİ məhkəməsindən Üçüncü Enerji Paketinə edilən bəzi dəyişiklikləri qismən ləğv edərək qaz kəmərinin Qaz Direktivindən çıxarılmasını istəmişdi. Məhkəmə isə bu tələbi rədd edərək, yalnız 23 may 2019 -cu il tarixindən əvvəl inşası bitirilib qaz boru kəmərlərinin məhdudiyyətlərdən azad oluna biləcəyini açıqlamışdı. “Nord Stream 2” operatoru isə "iqtisadi funksionallıq baxımından boru kəmərinin bu tarixə qədər tamamlandığını" müdafiə etsə də, məhkəməni buna inandıra bilməmişdi. Loru dildə desək, “Qazprom” hesab edir ki, “Şimal axını-2” layihəsinin müqaviləsi yeni “Qaz Direktiv”in hazırlandığı 23 may 2019 -cu il tarixindən əvvəl imzalandığından qanunun geriyə işləmə hüququ yoxdur. Alman məhkəməsi isə bu prinsipin ideyalara yox, faktiki hərəkətlərə şamil oluna biləcəyi görüşündədir.

Məqalə müəllifinin fikrincə, alman məhkəməsi sözügedən boru kəmərini Aİ qaydalarına riayət məcburiyyətindən azad etsə belə, Avropa Komissiyası bu qaydaların tədbiqini istəyəcəkdi. Nəticədə Almaniya hökuməti ittifaq adından verilən qərara tabe olmaq zorunda idi.

Jurnalist məhkəmə qərarının 26 sentyabr 2021 -ci ildə Almaniyada keçiriləcək parlament seçkilərindən əvvəl verilməsinin də şirkət üçün arzuedilməz olduğunu düşünür. Çünki səsvermə nəticəsində qaz kəmərinin tikintisini dəfələrlə tənqid edən “Yaşıllar” partiyası hakimiyyətə gələ bilər. Belə olacağı təqdirdə məhkəmə qərarı “Yaşıllar”a “Şimal axını-2” layihəsini dayandırmaq üçün əsaslı bəhanə verəcək.

Bir sözlə, Almaniya Rusiya qarşısında çətin seçənək qoyub: ya “Şimal axını-2” operatorluğunun yarısını başqa şirkətə satacaq, ya da milyardlarla dollar xərclədiyi layihəni dayandırmalı olacaq. Rusiyanın bu mübahisəli layihəni sata biləcəyi “xam” tapması da müşkül görünür.

Qeyd edək ki, “Şimal axını-2” layihəsinin 95%-dən çoxu tamamlanmışdı.


Geri qayıt